ƏLİ ÇƏRKƏZOĞLU

Uşaq puluna yüz minlərin ehtiyacı var

Uşaq puluna yüz minlərin ehtiyacı var

ƏLİ ÇƏRKƏZOĞLU

Son günlər deputatlarımızın ən çox dartışdıqları məsələ uşaq pulu məsələsidir. Uşaq pulu verilsinmi, verilməsinmi, verilsə nə qədər verilsin, neçə yaşa qədər verilsin?.. Heç bir mandat  sahibinin adını çəkmirəm, çünki məhkəmə qapılarında sürünmək istəmirəm, amma qeyzimi, qəzəbimi də gizləyə bilmirəm. Hərdən mənə elə gəlir ki, bunlar heç bu cəmiyyətdə yaşamırlar, Aydan peyklə enib parlamentdə oturur, sonra da gəldiyi yerə dönürlər. Biri deyir ki, bu millətə işləməyi öyrətmək lazımdır. Görəsən o deputat “işləmək” deyəndə ona-buna torba tikməyi, quyu qazmağımı nəzərdə tutur? Yox əgər əlinin qabarı, alnının təri ilə işləməyi deyirsə, mən də ona deyirəm ki, Salyanda bir kəndçi beş ton sarımsağı yığıb anbara, kilosunu 40 qəpiyə sata bilmir. Əgər istəyirsə, o deputata satar. Bu deputat alış-verişi yaxşı bildiyindən o 40 qəpiyin orasından-burasından bir az da qıra bilər.
 Yuxarıdan aşağı ittiham eləməyə nə var ki? Qeyrətiniz çatırsa, sizə o mandatı verənlərdən tələb edin ki, o kəndçiyə sahib çıxsınlar, xalqın malı əlində batıb getməsin. Hər kəs yaxşı bilir ki, bu saat o sarımsağı Rusiyada azı on qat bahasına satmaq olar. Amma o yazıq kəndçinin hünəri nə gəzir ki, əlindəki malı aparıb o bazarlara çıxara bilsin? Yüz manat rüşvət alan məmurunu işdən qovdu deyilən gömrük o vətəndaşın başına bir oyun açsın ki, yazıq sarımsaq əkdiyinə peşman olsun. Sərhədi keçəndən sonra da düşsün dinsiz-imansızların əlinə, yediyini burnundan gətirsinlər. Bu yerdə dövlət deyilən bir anlayış adamın ağlına gəlir, qəşəng-qəşəng qalstuk bağlamış, totux-motux nazirlər ağla gəlir? Bəs onlar hara baxırlar? Prezident onlara tapşırmayıb ki, vətəndaşların problemlərinin həlli ilə məşğul olsunlar? Onlar bu tapşırığı beləmi başa düşürlər, ya da heç ümumiyyətlə başa düşmək istəmirlər?
 Deputatların biri deyir ki, xalqın rifahı o qədər yüksəkdir ki, uşaq puluna ehtiyac yoxdur. Biri deyir ki, verək, amma üç yaşına çatanda kəsək... Deputatların sərvəti haqqında yayılan siyahılara baxanda adamın gözləri bərələ qalır. Millət vəkilinin kommersiya ilə məşğul olması qanunla qadağan olduğu halda bunlar heç nədən çəkinmədən öz alış-verişlərini genişləndirir, hələ desən “krışa”lıq da edirlər. Elə danışırlar ki, elə bil millət bunların verəcəyi pulu xərcləməyə yer tapmayacaq. Hər kəs bilir ki, bir uşağın doğuşu min manata başa gəlir, amma onun üçün verilən müavinət 109 manatdır. Heç onu da verməyin, amma qeyrətiniz çatırsa, ədaləti bərpa edin ki, millət məcbur qalıb o rüşvəti verməsin. İndi kimsə mənə haqq-ədalət mahnısı oxumasın, hamı bilir ki, bu ölkədə pulu çatmayan xəstənin cənazəsi xərəkdə qalır.
 Dinib-tərpənib deyirlər ki, elə inkişaf eləmişik, belə inkişaf eləmişik, amma heç xəbəriniz varmı ki, Rusiyada üç-dörd uşağı olana dövlət ev verir, ailə həkimləri hər həftə gəlib körpəni yoxlayır, hər səhər südü qapısına gəlir? Xəbəriniz varmı ki, bizim hesabımıza dolanan Gürcüstanda hər körpəyə ayrılan dövlət qayğısı bizdəkindən qat-qat artıqdir? Xəbəriniz varmı ki, Belarusda bir uşaq üçün verilən müavinətin miqdarı nə qədərdir, Baltikyanı ölkələri insana qayğı məsələsində bizimlə müqayisə etmək gülünc görünür?  Mən hələ Avropanı, Amerikanı demirəm, dünənə qədər bir qabdan yediyimiz və sizlərin təbirinizcə desək, acından ölən ölkələrdən danışıram.  
Gör nə gündəyik ki, bu qədər sərvətimiz ora-bura sovurulur, bir bankirin arvadı Londonda gündə 3500 dollara bir şüşə şərab içdiyi, ora-bura səpdiyi milyonların hesabı bilinmədiyi üçün həbs edilir, məmurlarımızın ölkədən çıxardığı milyonlar onun-bunun hesabına keçir, bunlar hələ indi tibbi sığorta haqqında düşünürlər. Bunlar ki, belə düşünürlər, o sığorta məsələsini Bakı-Sumqayıt qatarının gününə salacaqlar.
Hər yazının məntiqi və o məntiqə uyğun da sonluğu olmalıdır. Bu yazını necə tamamlamağa çətinlik çəkirəm. Bircə onu deyirəm ki, qorxmayın, cənab deputatlar, deyin, tələb eləyin, vallah da, billah da bu ölkədə o uşaq puluna ehtiyacı olan yüz minlərlə ailə var. Ailələr var ki, xəstəsinə dərman ala bilmir, işsizlikdən, pulsuzluqdan canına qıyan insanlarımız var. Gücünüz sözə çatırsa, deyin, tələb edin ki, yüksək məbləğdə uşaq pulu verilsin. Bu dünyada heç kəsdən qorxmasanız da, barı Allahdan qorxun. Tam əminliklə deyirəm ki, bir gün sizdən hər şeyin hesabı sorulacaq. Bəlkə də siz bu mövzuda möhtərəm şeyxdən başqa kimsəyə etimad etmirsiniz, amma o deməsə də mən dedim, sonra demədi deməyin.
Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top