ƏLİ ÇƏRKƏZOĞLU

Əxlaqsız xəbərçilik

Əxlaqsız xəbərçilik

ƏLİ ÇƏRKƏZOĞLU

... Yetmiş bir yaşlı qadını saçından tutub sürüdülər...
... Qonşular arasında qanlı savaşa kim səbəb oldu?...
... Qırx beş yaşlı qadının namusuna kim və niyə söz atdı?
... Az sonra...
Aparıcı bu anonsu söyləyərkən də qaş-göz ifadələri, əl-qol hərəkətləri ilə tamaşaçıda həyəcan yaratmağa, onu ekrana bağlamağa çalışır. Görüntülərsə heç deyiləsi deyil, gözləri hədə-qadağaladan çıxmış qadın bir qarının saçından tutub onu yerə sərir və döyməyə başlayır. Açıq-aydın görünür ki, proqram rəhbərliyi əlinə düşmüş materialdan maksimum faydalanmağa, reytinq qazanmağa çalışır. Yerə çırpılan qadına baxanda yadıma məhşur fotoqraf Kevin Karterin Sudanda çəkdiyi yolda acından yıxılıb qalmış uşaq və arxada onun ölümünü gözləyən quzğun şəkli düşdü. Gözünün qarşısında insanlıq faciəsi yaşanan fotoqraf yardım eləmək, o uşağı yaxınlıqdakı düşərgəyə çatdırmaq əvəzinə unikal kadrları lentin yaddaşına köçürdüyü üçün çox məmnundur və onunla da işini tamamlamış olur. Yəni yaşasın sənət, tüpürüm insanlığa (üzr istəyirəm)... Karter həmin fotoya görə mükafat da aldı, amma insanların qınağı, vicdan əzabı ona rahatlıq vermədi və o mükafatı alandan 3 ay sonra intihar elədi. Yerdə sürüklənən qadını görəndə və kiminsə bu davaya müdaxilə etmək əvəzinə baş verənləri əlindəki telefonun yaddaşına köçürdüyünü düşünəndə o quzğun söhbəti ağlıma gəldi. Hirsindən dəliyə dönmüş qadın qarşısındakı qarını parçalamaq istəyir, sən də telefona çəkirsən. Görəsən sənin vicdanın nə zaman oyanacaq? Bu hadisəni çəkənləri qoyaq bir tərəfə, bir az da onu xəbər halına gətirib ballandıra-ballandıra camaata sırıyanlardan danışaq.
Doğrusu, bu xalqın sıradan bir fərdi kimi o mənzərəyə baxanda ürəyim ağrıdı. Bitib-tükənməyən aktual mövzular, vətəndaşların əlinə-qoluna dolanan problemlər varkən, tamaşaçıya əzab verən bu kadrları manşet xəbər halına gətirmək, yarım saatlıq proqram ərzində azı 4-5 dəfə təkrarlamaq ən azı əxlaqsızlıqdır, əxlaqsız xəbərçilikdir. Bunlar ekran qarşısındakı adamı düşünmürlür. Düşünmürlər ki, ürəyi xəstə, əsəbləri pozulmuş adamlar da bu kadrlara baxırlar və bu görüntülər o adamları nə hala sala bilər. Bu görüntüləri yayınlamaq 71 yaşlı qadının dümağ saçlarından yapışıb onu sürümək qədər dəhşətli işdir. O qarının təqsiri nə olur-olsun, həmin kadrları bu şəkildə efirə vermək böyük qəbahətdir. Adam utanc duyur, xəcalət çəkir bu kadrlara baxanda. Bəli, bu mənəm, mənim xalqım, mənim mənəvi səviyyəmdir. Elə bil bu xəbərçilər də dönə-dönə adamın üzünə vurur, gözünə soxurlar ki, sən busan, bu sənin ağbirçəyindir, sən bu qədər aşağısan... Baş verənlər əslində cinayət hadisəsidir və onunla hüquq-mühafizə orqanları məşğul olmalıdırlar.
Proqramın başından anons elədikləri o xəbəri lap axırda verdilər ki, tamaşaçını sona qədər tutub saxlaya bilsinlər. Mən də səbrimi basıb axıracan baxdım və baxdığıma da peşman oldum.
Bütün problem təkcə o xəbər olsaydı, nə vardı?! Psixoloji problemi olanları efirə çıxarırlar. Adam ağzını açıb ikicə kəlmə deyən kimi başa düşürsən ki, bunun həkimə ehtiyacı var. Amma reytinq xatirinə onun olan-qalanını açıb ortaya tökürlər, ələ salırlar, camaatın nifrət obyektinə çevirirlər, təki baxış olsun...
Başa düşmək olar ki, xəbər məsələsində bir qırmızı xətt var, amma əxlaq məsələsində də gərək bir yasaq, qadağa olsun. Elə hadisələr var ki, onları xəbər halına gətirmək, üstəlik də şişirdib, dəfələrlə anons edərək tamaşaçının gözünə soxmaq əxlaqsız xəbərçilikdir. Vəssalam.
Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top