ƏLİ ÇƏRKƏZOĞLU

Niyə Avropa öz vətəndaşına güvənir, bizim polisimiz güvənmir?

Niyə Avropa öz vətəndaşına güvənir, bizim polisimiz güvənmir?

ƏLİ ÇƏRKƏZOĞLU

Qanunun kəsəri olmayanda sözün də dəyəri olmur. Yazan adam da yazdığının bir yaraya məlhəm olmadığını düşünəndə əli-qolu boşalır. Amma yazırsan, yazmalısan, çünki yazmaq sənin bu həyatda əlindən gələn yeganə işdir ki, çörəyini də ondan çıxarmalısan. Əlin-qolun boşalsa da yazmalısan, ürəyin istəməsə də yazmalısan, başın ağrısa da yazmalısan, yazmaq sənin üçün məşəqqət olsa da yazmalısan, oxuyanın sənin yazdığına ağız büzdüyünü görsən də yazmalısan… Həm də ona görə yazmalısan ki, mövqeyini ortaya qoyasan, etirazını bildirəsən, nəyisə dəyişmək istədiyini göstərəsən, sənin kimi düşünənləri ürəkləndərmək üçün yazmalısan, sənin yazdığınla hər şeyin yoluna düşməyəcəyini bilsən belə yazmalısan.

Hər yazı əslində bizi incidən, əl-ayağımıza dolaşan hansısa problemin aradan qaldırılması istiqamətində atılan bir addımdır. Mən də bu yazıda avtomobil sürənlərin tez-tez gileyləndiyi “davernus” bəlasından bəhs etmək istəyirəm. Bir vaxtlar 10, 15, hətta 25 illik etibarnamələr verilirdi. Bu o demək idi ki, daha o maşın sənindir, daha ora-bura getməyə ehtiyac qalmır. Sonra bu müddətlər ləvğ edildi və etibarnamə ancaq 1 illiyə verildi. Səbəb? – Bunu anlamağa nə var ki, notariusa getmə, gəl işini Yol Polisində həll elə. Onu da başa düşə bilmirəm ki, avtomobil alqı-qatqısı niyə notariusda deyil, məhz Yol Polisində olmalıdır. Elə buna görə də bəzən alqı-satqı o qədər baha olur ki, vətəndaş ildə bir dəfə notariusa getməyi daha əlverişli hesab edir. Sənəddəki hansısa rəqəm maşındakı ilə üst-üstə düşməsə, tələb edilən məbləğlə o maşına 50 il etibarnamə ala bilərsən. Avtomobil satışı elanlarında da tez-tez belə bir xatırlatma ilə rastlaşırsan ki, “davernusun vaxtı bitib, amma maşının sahibini tapmaq mümkündür”. Bu nə anlama gəlir, birisinizmi? – O maşın təxminən ölüdür. Allah göstrəməsin, əgər yol polisi saxlasa, maşın cərimə meydançasına getməlidir ki, sən də onu oradan çıxarmaq üçün daha neyləməlisən, bunu bilənlər bilir. Belə problem yaşamamaq üçün doğru olan odur ki, maşını qapıda saxlayıb ya maşın sahibini tapmalısan (onun da ilk reaksiyası “əşşi əl çəkin də başımdan” olacaq), ya da tanış bir notariusla saxta etibarnamə düzəltməlisən ki, bu da qanunla cinayət hesab olunur. Amma heç düşünürsünüzmü, bir çox ölkələrdə bu etibarnamə məsələsi çoxdan, lap çoxdan gündəmdən çıxıb, çünki bilirlər ki, bu məsələ camaata əziyyət, zülm verməkdən ötrüdür. Əslində elə bizimkilər də bunu yaxşı bilirlər, amma bilə-bilə də zülmə davam… Gəlin özümüz düşünək, əgər vətəndaş “maşınım qaçırıldı” deyə polisə müraciət etməyibsə, sürücüdən etibarnamə tələb etmək niyə haqlı sayılsın ki? O etibarnaməni təkcə sərhəd-keçid məntəqələrində tələb eləsələr, anlamaq olar, ölkə içində nə ehtiyac var axı? İnsan öz atasının, qardaşının, dostunun maşınını sürə bilməzmi? Burda nə qəbahət var axı? Mütləq notariusa gedib 14 manata etibarnamə almaq süni əngəl deyilmi? Niyə Avropa öz vətəndaşına güvənir, bizim polisimiz güvənmir? Hər şey məlumdur, bizimkilərin bir niyyəti var: Vətəndaşın olan-qalanını əlindən almaq. İnanmırsınızsa, bir məsələni də deyim, inanacaqsınız. Bilirsiniz ki, avtomobili ildə bir dəfə texniki baxışdan keçirib, onun istismara yararlı olması haqqında sənəd alırıq. Siz gedin, o sənədi alın və 3 gündən sonra mövcud qanunvericiliyə uyğun olaraq maşınınızı satmağa aparın. Deyəcəklər ki, gərək maşını texniki baxışdan keçirəsən. Ha özünü öldür ki, 3 gün əvvəl keçib, xeyri yoxdur. Deyəcəklər ki, o başqa, bu başqa. Alqı-satqı var, pul iyi var axı, polis belə fürsəti qaçırarmı? Bu dəfə də texniki baxışa girən avtomobildə o qədər “deffekt” aşkarlanır ki, məəttəl qalırsan: havaya buraxdığı zərərli maddələr normadan bir neçə dəfə artıq olacaq, razval mütləq var, ola bilsin ki, işıqda da bir şeylər ortaya çıxsın, əyləc sistemi də problemli ola bilər... Bunlar olmasa da başqa şeylər “üzə çıxacaq.” Məəttəl qalacaqsan ki, 3 gün ərzində maşına nə oldu belə? Əslində maşın elə həmin maşındı, sən o sadalanan problemlərin “həlli” üçün kimi görməlisənsə, onu axtar. Ona görə də bu gün Azərbaycan yollarında hərəkət edən avtomobillərin az qala yarıdan çoxu etibarnamə ilə idarə olunur.

Bu etibarnamə bəlasını ləvğ eləyin, yollarda hər kilometrdən bir düzülmüş radarların sayını azaldın, bu xalqa güvənin, hörmət eləyin ki, xalq da sizə güvənsin, hörmət eləsin. Hörmət deyəndə də ağlınıza başqa şey gətirməyin, sözün həqiqi mənasında hörmət, yəni adam yerinə qoymaq demək istədim.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top