ƏLİ ÇƏRKƏZOĞLU

Sənə məktub yazıram

Sənə məktub yazıram

ƏLİ ÇƏRKƏZOĞLU

Sənə məktub yazıram

Zaman dəyişir, yaman dəyişir. Danışıq tərzi, geyim-kecim, sözlər, adamların yerişi, adətlər, əxlaq normaları valyutadəyişmə məntəqələrinin tablolarındakı rəqəmlər kimi aşağı-yuxarı oynayır. Qloballaşma deyilən bu imiş demək: İnternetə uyğunlaşmaq, əxlaqı, həyat standartını internetdən almaq.

Mən keçmişin həsrəti ilə yaşayan birisi deyiləm, amma həyat təcrübəmə əsaslanaraq keçmişlə gələcəyi müqayisə edirəm ki, nəyin yaxşı, nəyin pis olduğunu ən azı özüm üçün yəqin edim. Həm də məsələni dərindən araşdırmaq niyyətində deyiləm, elə-belə, bəzi xırda məsələlər üzərindən fikrimi çatdırmağa çalışacam.

Yazının əvvəlində internetdən danışdıq axı, səbəbsiz deyildi. Elə yazımızın əsas mövzusu da internetin həyatımıza daxil olması ilə unutmağa üz tutduğumuz məktublardır. İndi kimsə məktub yazmır, hər kəs mesaj göndərir. Uzun-uzadı məktubları oxumağa kimsənin səbri çatmır daha. Nə yazırsansa, bir cümləyə sığdır ki, oxuyanın canı sıxılmasın. İndi heç yazıçılar da roman, povest yazmağa can atmırlar. Çünki roman oxuyanlar indi +4 gözlüklə yazıya baxırlar, cavanlar da o boyda zəhmətə, kitabın qalınlığına baxıb ağız büzürlər ki, kimə lazımdır axı...

Heç yadımdan çıxmaz, 11-12 yaşlarımda çoxlu məktublar yazırdım. O zaman qohumlarım Sovet İttifaqının ən müxtəlif yerlərində əsgər idilər. Analar gəlirdilər, mən də onların adından məktub yazırdım. Tay-tuşlarım hamısı yazıb-oxuyurdular, amma nədənsə mənim yazdığım məktublar analara daha xoş gəlirdi. Məktubların hamısı da eyni cümlələrlə başlayırdı:

“Hörmətli məktub!

Əvvəla salam, əgər salamdan sonra zəhmət çəkib biz tərəfin əhvalı ilə maraqlanmaq istəsəniz, məlumunuz olsun ki, vəziyyətimiz yaxşıdır və sizin də yaxşı olmağınızı o bir olan Allahdan arzu edirik.”

O məktubların qrammatikası, nöqtə-vergülü yerində olmazdı, ağızdan necə çıxırdısa, eləcə də yazıya çevrilirdi. Məktubların arası bir az kəsildimi, narahatlıq baş qaldırırdı: ”Görəsən nə oldu buna ki, məktubuma cavab yazmadı?”

Məktublar yazılırdı bir zamanlar. Yazanın xətti onun ürəyinin stenoqramması kimi titrək, həyəcanlı olurdu. Nə yazıldığını oxumasan belə yazıya baxanda yazanın həyəcanı, ürəyinin necə çırpındiğı görünürdü o sətirlərdə. Əldən-ələ verilər, əllə göndərilərdi sevgi məktubları. Kimsə görməyəcək, xəbər tutmayacaq. Ona görə də məktubu çatdırmağa etibarlı, ağzı sıx uşaqlar seçilərdi. Gizli yazılar, gizli oxunardı sevgi məktubları. Resepti yox, düsturu yox, hər kəs öz sevgisini bildiyi kimi ifadə edərdi sevgi məktublarında. Çox sevdiyim bir Qara Dəniz türküsünün sözləri o duyğunun, o həyəcanın portretini olduğu kimi canlandırır gözlər önündə:

Məktub yazdım acələ,

Oxu-oxu, hecələ,

Məktub məndəndir, yarım,

At qoynuna gecələ.

Və yaxud da elə həmin türkünün başqa bir yerində həsrət necə canlı, necə gözəl ifadə olunur:

Məktubumun ucları da

Bağlamadır, bağlama.

Mən yazırkən ağladım da

Sən oxurkən ağlama.

Ən xəlvət yerlərdə saxlanardı sevgi məktubları. Hər gecə oxunar, bükülər, bir də açılar, bir də oxunardı. Gecənən qaranlığında belə oxumaq olurdu sevgi məktublarını. Qaranlıqda hərflər işıq saçırdı sanki, hər sözün, hər hərfin yerini gözü yumulu bilirdin.

Məktublar təkcə “mən səni sevirəm” üçün deyildi, yad eləmək, dəyər vermək, könül almaq üçün yazılırdı məktublar. Heç gözləmədiyin bir vaxtda adını az qala unutduğun birisindən məktub alırdın, oxuduqca ürəyin dağa dönürdü, həm də kövrəlirdin. Məktub almaq “hələ unudulmamısan” demək idi. Atam Çərkəz Məcidin bir bəndi yadıma düşür həmişə bu haqda düşünəndə:

Ürəyim bir məktub yazmaq istəyir,

Görən kimə yazım, hara göndərim.

Varmı bu dünyada məktub gözləyən,

Tapım ünvanını, ora göndərim.

Yəqin o təsəlli, könül məktubları ilə birlikdə bu cür şeirlər də zaman keçdikcə anlamsız, yad bir düşüncəyə çevrilib qalacaq. Amma nə qədər də təmiz, xoş bir niyyət var bu sətirlərdə.

Bayağı bir şeir də çox yayılmışdı o illərdə, bəzliləri məktubu onunla tamamlayardı:

Stol üstü yumurta,

Dostum, məni unutma,

Əgər məni unutsan,

Məktubumu unutma.

45 il əvvəl mən şagird idim və o zaman müxtəlif rayonlardan məktəblilərin bir-biri ilə məktublaşması kampaniyası vardı. Tanışlıq qurmaq üçün sinif jurnalı üzrə sıralama prinsipi əsas götürülürdü. Yəni jurnaldakı 15-ci şagirdin yazdığı məktub elə həmin sırada dayanan şagirdə verilirdi. Amma bir məsələ də vardı ki, oğlanın məktubu oğlana, qızın məktubu qıza çatmalıydı, ona görə də bəzən bir az aşağı-yuxarı yer dəyişmə qaçılmaz olurdu. Mənə də Beyləqan rayonunun hansı nömrəlisə kolxozundan bir yaşıdımın məktubu düşmüşdü və həmin yaşıdım məktubun əvvəlində yazmışdı ki, atam kolxozda qoruqçudur, yoncanı qoruyur. Məktubun sonunda da o “stol üstü yumurta” şeirini yazmışdı.

Keçdi, hamısı keçdi. Daha kimsə məktub yazmır, kimsə məktub yolu gözləmir. Bir vaxtlar biz uzaqdan papağını görəndə sevindiyimiz poçtalyon indi arxaik peşə sahibi sayılır. Adamlar əllərində tutduqları telefonda yazırlar da, cavablarını alırlar da. Dünyada ölçülər dəyişib, sərhədlər aradan qalxıb. Ən ucqar ölkədə birisi ilə canlı danışa, həm də onu görə bilirsən. Bunlar bir zamanlar xəyal belə deyildi, xəyaldan da artıq şeylər idi, amma bu gün reallıqdır. Əlbəttə, gözəldir, amma gərək bu gözəlliyə qapılıb ən gözəl insani duyğularını, həyəcanını da itirməyəsən. İndi yazılar daha çox xəbər çatdırmağa xidmət edir, coşduran, kövrəldən, ümidləndirən yazılar yazılmır. Bu qədər praqmatik düşüncə insanı sıxır, qupquru, duyğusuz, zövqsüz hala gətirir.

Məktublar yazılırdı bir zamanlar, altına imza da atılır, tarix yazılırdı, sonra da səliqə ilə qatlanıb zərfə qoyulur, ağız suyu ilə yapışqanı isladılıb bağlanırdı. Bu da bir məktubuydu, yazdım ki, dəyərli oxucularım olub-keçənləri bilsinlər, ya da xatırlasınlar. Amma altına yazmıram ki, stol üstü yumurta...

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top