ÜRFAN MƏMMƏDLİ

Antiterrorun reallıqları

Antiterrorun reallıqları

ÜRFAN MƏMMƏDLİ
44 günlük müharibənin başa çatdığı ilk günlərdə ermənilərin dili çox qısalmışdı. Rusiya sülhməramlılarının bölgəyə yerləşməsi ilə reallıq yenidən dəyişilməyə başladı. Belə ki, rus sülhməramlıları bölgədə iki icma arasında etimad yaratmaq əvəzinə, onların bir-birinə yaxınlaşmasına mane olmaq yolunu tutdu. Sülhməramlıların bu cür davranışları erməniəri yenidən müstəqillikdən dəm vurmağa şirnikləndirdi. Araik Arutyunyan bunkerdən çıxıb “prezidentliyini” davam etdirdi. Laçın yolunun nəzarətsiz şəkildə ermənilərin ixtiyarına verilməsi onlar üçün yeni “perspektivlər” açdı.
Bir sözlə, ermənilər elə davranmağa başladılar ki, guya 44 günlük müharibə olmayıb, Ermənistan və ermənilər işğal olunmuş ərazilərdən çıxmağa məcbur olmayıblar. 
Xarici havadarları da onları inandırmağa çalışırdı ki, heç nə itirilməyib. Əslində, bunda həqiqət payı var idi. Çünki ermənilər 90-ci illərdə yaşadıqları ərazilərdə yaşamaqda davam edir, biz isə o ərazilərə gedə bilmirdik. Artıq erməni separatçıları müstəqillik olmasa da hansısa status alacaqlarına inanmağa başlamışdılar.
Azərbaycan isə ikinci Qarabağ müharibəsində bu qədər şəhid verdikdən sonra ermənilərə hər hansı bir statusun verilməyəcəyini bəyan etmişdi və bunda israrlı olduğunu bildirirdi. Ermənilərin reinteqrasiyası üçün bütün sülh addımları atıldı, onlar isə bundan imtina etdilər.
Nəhayət, Laçında dövlət sərhəd-buraxılış məntəqəsi quruldu. Bununla da Azərbaycan ərazi bütövlüyünü tam bərpa etdi. Stepanakertin dünya ilə nəzarətsiz əlaqəsi kəsildi. Yəni Qarabağa silah-sursat daşınması mümkünsüz oldu. Bu da separatçıların “mənəm-mənəmliyinə” son qoya bimədi.
Başqa yol qalmadı. Ermənilər özləri antiterror əməliyyatlarını qaçılmaz etdilər. Və nəhayət, həmin əməliyyat başladı, 23 saat 40 dəqiqə davam edən bu əməliyyat regionda yeni reallıq yaratdı.
Yeni reallıq nəyi diqtə edir?
Birinci, Qarabağ erməniləri dövlət olmadıqlarını anladılar. Düzdür, oradakı qondarma qurumlar özlərini buraxdıqlarını elan etməyiblər. Amma Sentyabrın 20-dən sonra onların səsi çıxmır. Qondarma qurumun “rəsmi orqanı” olan arsakhpress.am saytı son xəbərlərini sentyabrın 19-da yayıb.
İkinci, Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi məsələsinin Azərbaycanın daxili işi olduğunu hər kəs qəbullandı. Rusiya Paşinyanən acığına da olsa, “Qarabağda baş verənlər Azərbaycanın daxili işidir” dedi. Ermənilərin bir nömrəli havadarı Fransa prezidenti Makron Prezident İlham Əliyevə zəng edib Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin olunmasını xahiş etdi. Makron bununla demək istəyir ki, Qarabağ problemi sizin daxili işinizdir, amma xahiş edirəm, ermənilərə kömək eləyin. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də oxşar açıqlama ilə çıxış etdi. BMT Təhlükəsizlik Şurası heç bir sənəd qəbul etməməklə Qarabağ probleminin Azərbaycanın daxili işi olduğunu təsdiqlədi.
Üçüncü, Qarabağ separatçılarının bir hissəsi silahlı mübarizədən imtina etdi.
Doğrudur, “artsaxizm”in tam ləğv olunduğunu, hələ ki, deyə bilmirik: fəaliyyətləri görünməsə də, Şahramanyan “səlahiyyətlərini” yerə qoyduğunu elan etməyib, “artsax parlamenti” özünü buraxmayıb. Stepanakert Xankəndiyə çevrilməyib, orada Azərbaycan bayrağı rəsmi yerinə asılmayıb.
Separatçılar silahlarını təhvil verməyə razı olsalar da, bunun hansı mexanizm ilə baş verəcəyi bəlli deyil. Hətta bəzi silahlılar mübarizəni davam etdirəcəklərini bildiriblər. Amma bir şey dəqiq bəllidir ki, bundan sonra silahlı mübarizəni davam etdirəcəklərini bildirən seperatçıların başlarının əzilməsi dünyada elə də böyük reaksiya doğurmayacaq.
Bütün hallarda qondarma qurumlar özlərini burxdıqlarını, bütün səlahiyyətlərin Azərbaycan Konstitusiyasına uyğun olaraq qurulacaq qurumlara verildiyini dünyaya, o cümlədən Qarabağ ermənilərinə elan etməlidirlər. Çox güman ki, Qarabağın erməni əhalisinin nümayəndələri ilə növbəti görüşlərdə bu məsələ ciddi şəkildə onların qarşısına qoyulacaq.
Bir oxucumuzun dediyi kimi, “artsax” sarsax olmasa, yaxın günlərdə Azərbaycan televiziyaları Xankəndi küçələrindən reportajlar verəcəklər.
Suların tam durulmasını isə hələ bir neçə gün gözləməliyik...

Müəllifin fikirləri öz mövqeyini əks etdirir

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top