ÜRFAN MƏMMƏDLİ

Lavrov planı və ya ermənilər üçün status

Lavrov planı və ya ermənilər üçün status

ÜRFAN MƏMMƏDLİ
Bir neçə gündür ki, mətbuatda Qarabağ tənzimlənməsini ehtiva edən “Lavrov planı” adlı bir təklif barədə söhbət gedir. Təklifdə tənzimlənmənin Azərbaycan qanunları çərçivəsində nəzərdə tutulduğu göstərilir. Amma təklifin bəndlərini nəzərdən keçirəndə, bunun boş sözdən başqa bir şey olmadığını görmək mümkündür. Gəlin, təklifin bəndlərini tək-tək nəzərdən keçirək.
 
 - Qanun qarşısında bərabərlik prinsipinin qorunması, etnik, linqvistik və ya dini və digər əlamətlərə görə ayrı-seçkiliyin istisna edilməsi.

Bu maddədəsadalanan əlamətlərdən belə başa düşülür ki, guya Azərbaycanda etnik ayrı-seçkilik var. Ölkədəki çoxsaylı etnik azlıqların hansı ayrı-seçkilikdən əziyyət çəkir? Ermənilərdən başqa bunu iddia edən varmı?
Bundan əlavə, Azərbaycan rəhbərliyi erməni əhalisinin Konstitusiaymızın verdiyi hüquqlardan digər vətəndaşlar kimi, istifadə edəcəyini dəfələrlə bəyan edib.

 - Erməni əhalisinin kompakt yaşadığı ərazilərdən məcburi/könüllü köçürülməsinin qarşısının alınması.

Əhalinin məcburi köçürülməsi kimi, insanların könnüllü köç etməsinin qarşısının alınması da insan haqlarının pozulmasıdır. Bu bir-birinə zidd iki anlayışı birləşdirməkdə məqsəd nədir? Təbii ki, gələcəkdə Qarabağdan könüllü getmək istəyən insanlara qanunla mane olub burada separatizim ocağını daimi saxlamaq.

 - Məhkəmə qərarı ilə hərbi cinayətlərdə təqsirli bilinən şəxslər istisna olmaqla, yerli hakimiyyət orqanlarında və silahlı birləşmələrdə iştirak etmək adı ilə erməni əhalisinin təqib edilməsinin, cəzalandırılmasının və hüquqlarının hər hansı məhdudlaşdırılmasının qanunla qadağan edilməsi.

Azərbaycanda separatçı ermənilərə qarşı cinayət işləri açılsa da, onların heç biri məhkəmə qərarı ilə cinayətkar adlandırılmayıb.  Bu təklif qəbul edilərsə, bundan sonra hər hansı erməninin cinayətdə təqsirli bilinərək saxlanılması onun etnik zəmində təqib edilməsi kimi qiymətləndiriləcək.

 - Azərbaycan Respublikasının qanunvericilik, məhkəmə və icra hakimiyyəti orqanlarının, o cümlədən, polis və prokurorluq orqanlarının respublika, rayon və şəhər strukturlarında erməni əhalisinin proporsional şəkildə təmin olunması.

Ermənilərin digər etnik azlıqlardan hansı üstünlüyü var ki, onlar dövlətin idarəedici orqanlarında proporsional şəkildə iştirak etməli olsunlar? Bu ermənilər üçün status tələbindən başqa bir şey deyil.

 - Erməni əhalisi ilə bağlı milli, regional və yerli səviyyədə qərarların işlənib hazırlanmasında və qəbulunda iştirak.

Erməni əhalisinin xüsusi statusu olmadığına görə onlar haqqında hər hansı xüsusi qərarların qəbul edilməsi bu azlığı digər etniklərdən üstün saymaq deməkdir. Bu maddə status üçün qurulan növbəti tələdir.

 - Dövlət qurumlarında, o cümlədən, rəsmi yazışmalarda və işgüzar işlərdə, eləcə də ermənilərin çoxluq təşkil etdiyi yaşayış məntəqələrinin ictimai yerlərində Azərbaycan dili ilə yanaşı, erməni dilindən də sərbəst şəkildə istifadə edilməsi, erməni dilində yol nişanlarının və elanların quraşdırılması.

Bu maddə milli-ayrıseçkiliyi qızışdırmaq məqsədi ilə ortaya atılmış toxumdur.Təbii ki, bu təklifin qəbulu digər etnik azlıqları qıcıqlandıracaq. Lavrovun istədiyi də budur: “ayır-buyur”, “parçala hökm sür” siyasəti. Rusiyada tatar, çeçen və digər azlıqların dilində yol nişanları görmüsünüz?

 - Erməni əhalisinin şəxsi mülkiyyətinin, daşınmaz əmlak və torpaq sahələrinin toxunulmazlığı.
 - İctimai təşkilatların yaradılması və sərbəst fəaliyyətinin təmin edilməsi. 
 - Erməni əhalisinin öz dini etiqadlarını sərbəst şəkildə həyata keçirməsi, dini idarə və təşkilatların fəaliyyəti üçün zəruri şəraitin təmin edilməsi, onların əmlakının toxunulmazlığı.
 - Erməni mədəniyyətinin, milli kimliyinin, tarixi-mədəni irsinin qorunub saxlanılması, erməni dilində KİV-in inkişafı.


Bu 4 bənd Azərbaycan Konstitusiyasında təsbit olunub. Amma bu hüquqların xüsusən erməni əhalisinə aid edilməsi anlaşılan deyil. Erməni əhalisi Azərbaycan vətəndaşı olduqdan sonra avtomatik bu hüquqa sahib olacaq.

 - Dövlət və özəl təhsil müəssisələrində erməni dilində məktəbəqədər, ibtidai, orta və ali təhsil almaq.

Qarabağda yaşayan ermənilər Azərbaycan əhalisinin heç 1%-ni də təşkil etmir. Təbii ki, digər azlıqlar kimi, erməni əhalisi də öz dilindən istifadə edə bilər. Amma erməni dilinə xüsusi status tələb etmək gələcəyə hesablanmış məkrli planın tərkib hissəsidir.

 - Ermənistan və Azərbaycanın ayrıca sazişi ilə Qarabağ ərazisində yaşayan erməni əhalisinin Ermənistanla təhsil, mədəni, elm, media, idman və digər humanitar əlaqələrin təmin edilməsi.

Bu maddə ilə Lavrov Qarabağdakı erməni probleminin Azərbaycanın daxili işi olmasını inkar edir, onu beynəlmiləlləşdirməklə, iki dövlətin ortaq problemi kimi qələmə verməklə Azərbaycan konstitusiyasına hörmət etmədiyini ortaya qoyur.

 - Erməni əhalisinin digər dövlətlərin ərazisində qanuni olaraq yerləşən şəxslərlə, xüsusən də ortaq etnik, mədəni, dil və dini mənsubiyyəti və ya ümumi mədəni mənsubiyyətini bölüşdükləri şəxslərlə sərhədi keçərək, azad və dinc münasibətlərin qurulması və saxlanılması.
 - Erməni əhalisi üçün kənardan iqtisadi və humanitar yardımların maneəsiz alınması.


Son iki bənd erməni azlığına müstəqil xarici siyasət səlahiyyətinin verilməsi deməkdir. Bizim - Azərbaycan vətəndaşlarının belə bir hüququ varmı? Bu, dövlət içində dövlət deməkdir.
Göründüyü kimi, “Lavrov planı” ölkə daxilində separatizm ocağının qanunla tənzimlənməsinə xidmət edən təkliflər paketidir. Bu isə Qarabağ ermniləri üçün status deməkdir. Hətta bu, bizim vətəndaş statusumuzu kögəyə salan “ağa” satatusudur. Yəni bu təkliflər qəbul edilərsə, 50-100 ildən sonra ermənilər bizim ağamıza çevrilə bilərlər.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top