NAZİM MUSTAFAYEV

Ağcaqanadlar harada təlim keçib sertifikat alıblar?

Ağcaqanadlar harada təlim keçib sertifikat alıblar?

NAZİM MUSTAFAYEV
İsti yay günləri gəlir. Yəqin ki, növbəti aylardan etibarən ağcaqanadlarla daha çox "ünsiyyətdə olacağıq". Bu yazıda bir neçə aspektdən ağcaqanadlar barədə danışmaq istəyirəm. Ağcaqanadlar bütün bacarıq, məharət və qabiliyyətlərini su altında sürfə halında ikən əldə edirlər. Əslində burada “əldə edirlər” ifadəsinin yerinə “ağcaqanadlara bu bacarıqlar verilir” desək, daha doğru olar. Bu balaca varlıqların o qədər bacarıq və xüsusiyyətləri var ki, əgər bu sadalananlar onlara “verilmirsə”, gərək onlar bütün bunları öyrənmək üçün ayrıca xüsusi məktəb və ya kursa gedələr. Çünki biz insanlar o qədər məktəb, kurs, universitet oxusaq, təlimlər keçsək də hal hazırda ağcaqanadların sahib olduğu bəzi xüsusiyyətləri əldə edə bilməmişik.
Onlar uçmağa başlayanda artıq lazım olacaq hər şeyi öyrənmiş olurlar. Misal üçün qan əmərkən açdıqları kəsikdən ifraz etdikləri ferment sayəsində qanın laxtalanmasının qarşısını almaları çox üstün bir qabiliyyətdir. Əks halda qanın laxtalanmasına görə ağcaqanadlar ehtiyac duyduqları qanı damardan çəkib ala bilməzdilər. Görəsən qanın laxtalanma xüsusiyyətini hardan bilirlər ki, damardan qanı əmməyə başlamadan əvvəl laxtalanmağa qarşı xüsusi ferment ifraz edirlər.
Ağcaqanadın xortumunda altı ədəd bıçaq var ki, bunların hər birinin damardan qan alarkən ayrı ayrı vəzifəsi var. Görəsən, hansı təlimdə bunlar ona anladılıb ki, o da altı müxtəlif xüsusiyyətə sahib “bıçaqları” o balaca xortumuna yerləşdirib? Hər iki istiqamətdə üç qanada və infraqırmızı diapazonda görmə qabiliyyətinə sahibdirlər. Xortumu ilə qan əməcəyi yerdə lokal anesteziya edir, qan analizi aparır və qan əmməkdə seçici davranır. Anesteziyanı (ağrısızlaşdırma, keyitmə) hər həkim pasientə tətbiq edə bilməz. Dərəcəsi, miqdarı qədərində olmalıdır. Az və ya çox olarsa pasientin həyatı üçün böyük təhlükəyə çevrilə bilər. Ancaq ağcaqanadlar hər şeyi tək başına edir. Həm keyidir, həm damarı tapır, həm xortumundakı çox incə elastik iynə ilə damardan axan qana gedib çatır, laxtalanmaya qarşı xüsusi məhlul ifraz edir, sonra da istədiyini istədiyi miqdarda aldıqdan sonra bütün avadanlıqlarını toplayaraq hadisə yerindən səssizcə və hiss etdirmədən uzaqlaşır. Onu da qeyd edək ki, araşdırmalara görə ağcaqanadların qan əmmələri insanda immunitet sistemini gücləndirir.
Quranda adı keçən heyvanlardan biri də “ağcaqanad”dır. Məkkə müşrikləri fil və dəvə kimi iri heyvanlar haqqında ayələri eşidəndə Həzrət Peyğəmbərə (s.ə.s) və onun dəvətini qəbul edən səhabələrə etiraz etmədilər. Lakin ayələrə etiraz edib məsxərəyə qoymaq üçün hər zaman bəhanə axtarırdılar.
Ancaq nə zaman ki Cənab Allah (c.c) aşağıdakı ayələrdə milçəkdən və hörümçəkdən misal çəkdi, bu zaman müşriklər etiraz etməyə başladılar. Guya Quranı alçaltmaq üçün axtardıqları fürsəti tapıblar. “…Allahı qoyub dua etdiyiniz şeylər bir yerə yığışsalar da, bir milçək belə yarada bilməzlər. Əgər milçək onlardan bir şey alıb aparsa, onu geri ala bilməzlər. İstəyən də, istənilən də aciz qaldı” (Həcc, 22/73). “Allahdan başqasını özlərinə dost tutanların halı özünə yuva qurmuş hörümçəyin halına bənzəyir. Şübhəsiz ki, yuvaların ən zəifi hörümçək yuvasıdır. Kaş bunu biləydilər” (Ankəbut, 29/41).
Onlara görə, Allah bu alçaq və xırda şeylərdən necə danışa bilərdi? Bu necə mümkün idi? Ancaq bir varlığın kiçik olması onun əhəmiyyətsiz və vəzifəsiz olması demək deyil. Bütün varlıqların yaradılış məqsədi və vəzifəsi vardır. Yəni bizdən istənən misalın həcm və formasına baxmaq deyil, misalda olan əsl ibrətə baxmaqdır.
Cənab Allah (c.c) onların etirazlarına Bəqərə surəsinin 26-cı ayəsində belə cavab verdi: “Şübhəsiz ki, Allah ağcaqanadı və (kiçiklikdə və ya böyüklükdə) ondan da üstününü misal verməkdən çəkinməz. İman gətirənlər onun (Quranın) Rəbbindən gələn bir həqiqət olduğunu bilirlər. Kafirlər isə: “Allah bu misalı verərək nə demək istəyir?” - deyirlər. Allah bununla (bu məsəllə) bir çoxlarını zəlalətə salar, bir çoxlarını da hidayətə yönəldər. O, bununla yalnız fasiqləri zəlalətə salar” (Bəqərə, 2/26).
Bu ayədə adı keçən ağcaqanadın ərəbcə adı “bəud”dur. Ayədə “bəudət” şəklində yer alır ki, sözün sonundakı “t” hərfi bu ifadənin qadın cinsinə aid olduğunu göstərir. Həmçinin ayənin davamında “fəvqahə” (üstündə, üzərində) sözünün sonuna əlavə olunan və ağcaqanada işarə edən “” (o əvəzliyi) işarə olunan ağcaqanadın dişi olduğunu göstərir. Yəni bir çox işarələr onu göstərir ki ayədə dişi ağcaqanaddan söhbət açılır, dişi ağcaqanad misal çəkilir. Quranda xüsusilə dişi ağcaqanaddan bəhs edilməsi ayə nazil olduqdan əsrlər sonra, silsilə elmi araşdırmalar nəticəsində ortaya çıxıb.
Bəlkə də kimi insan elə bilir ki, ağcaqanadlar qanla bəslənirlər. Əslində isə elə deyil, onlar çiçək şirəsi ilə qidalanırlar. Yalnız dişi ağcaqanadlar qan sorur və bunu yemək üçün deyil, daşıdıqları yumurtaların onlara ehtiyacı olduğu üçün edirlər. Bu o deməkdir ki, dişi ağcaqanad yumurtaları mayalandıqdan sonra qan axtarmağa başlayır.
Dişi ağcaqanadların üzərindəki qanadlarla yaratdıqları səs dövranı erkək ağcaqanadlarda cinsi təhrik meydana gətirir. Bəzi alimlər Quranda buyurulan: “Şübhəsiz ki, Allah ağcaqanadı və ondan da üstününü misal verməkdən çəkinməz” (Bəqərə, 2/26) ayəsini məhz bu məqama, yəni, dişi ağcaqanadların qanadlarının ortaya çıxardığı səs dövranının erkək ağcaqanadları cinsi təhrik etdiyinə işarə olduğunu qeyd edirlər.
Ağcaqanadlar dünyanın ən inkişaf etmiş mikro iynələrinə sahibdirlər. İnsanlar hələ bu növ iynələrin kütləvi istehsalına nail ola bilməyib. Beləliklə, elm adamları və mühəndislər dişi ağcaqanadın dişləməsini, başqa sözlə, onun bədənimizdən qan əmməsini təqlid edərək insandan qan almağa çalışır, bu metodu ağcaqanaddan “öyrənmək” istəyirlər. Bəs görəsən bu nəyə lazımdır? Nə üçün ağcaqanadın bu metodunu təqlid etməliyik? Çünki ağcaqanadın mükəmməl şəkildə yerinə yetirdiyi bu metodu təqlid etmək mümkün olsa, ağrı hiss etmədən iynə vurma və qan almada mühüm bir irəliləyiş əldə etmiş olacağıq. Şimali Karolina Dövlət Universitetinin bəzi tədqiqatçıları bildirirlər ki, ağrısız qan alma iynəsi hazırlanarsa, qan şəkərinə (qlükoza dəyərlərinə) nəzarət etmək üçün gündə bir neçə dəfə qan testi keçirməli olan milyonlarla diabet xəstələri üçün bu proses çox asan olacaq.
Mikro iynələrin ağcaqanad iynəsinin qan əmmə qabiliyyətini təqlid etməsi planlaşdırılır. Bu üsulla bir çox xəstəliyin ağrısız müalicəsində bir irəliləyiş əldə etmək mümkündür. Ancaq sadə və bəsit kimi gördüyümüz ağcaqanadın bədənimizdən qan əmən iynəsinə bənzər mikro iynə istehsal etmək üçün kimya, materialşünaslıq, mexanika, statik və dinamika mühəndisliyi və maye dinamikası kurslarında öyrədilmiş biliyə və yüzlərlə təcrübəyə ehtiyacımız var.
Bütün bu elmi və texnoloji təcrübələr nəticəsində hər kəsin satın almağa güc yetirə biləcək səviyyədə və istənilən miqdarda bu mikro iynələrin istehsalına başlamaq planlaşdırılır. İstehsal metodlarında ən böyük problem odur ki, üzərində iş aparılacaq və ya istehsal ediləcək material kiçildikcə güc və dəqiqlikdən güzəştə getməli olursan. Bu zaman Quranda Cənab (c.c) Allahın ağcaqanaddan nümunə verməsinin və yaradılışda yarışmağa çalışanlara "bir milçəyi belə yaratmağa qadir deyillər" deməsinin hikmətini daha yaxşı anlaya bilərik.
Bəzən Quranın Cənab Allahın (c.c) kəlamı deyil, peyğəmbər sözü olduğunu iddia edənlər ortaya çıxır. Ümumiyyətlə bu tip insanlar əslində nə Allahı (c.c), nə Quranı, nə də Peyğəmbəri (s.ə.s) qəbul edənlərdir. Ayələrdə keçən ağcaqanadın anladılma tərzini, buradakı məna dərinliyini ələ alsaq, bu belə Quranın bir bəşər kitabı olmadığını bizə göstərir. Həzrət Peyğəmbərimizin 1400 il əvvəl mikroskopu, həssas ultrasəs aparatları və ya yüksək ayırdetmə və yavaş hərəkətli (slow motion) video çəkim qabiliyyətinə malik kameraları var idi ki, belə mürəkkəb şeyləri aşkarlayıb və ona uyğun olaraq ayəni yazıb?! Ya da 1400 əsr əvvəl elmi imkanlar nə qədər yetərli idi ki, Peyğəmbər (s.ə.s) ağcaqanadların cinsi həyatını öyrənsin! Əgər Peyğəmbər (s.ə.s) hər Quran ayəsini bu formada elmi metodlarla yazaraq işlədisə, Quranın bütün ayələrini nə zamana yazıb qurtardı?

Qeyd: Quranda misal çəkilən digər həşərat və heyvanlar və burada anladılmaq istənən əsas məqamlar barədə aşağıdakı yazıları oxumaq olar:

1- Nə üçün ən pis səs eşşəyin səsidir?
2- Quranda milçəyin misal çəkilməsinin səbəbi nədir?
3- Nə üçün dişi hörümçəyin evi?
4- Qarışqaların dilini anlayan peyğəmbər – Həzrət Süleyman (ə.s)
5- “Məgər onlar dəvənin necə yaradıldığına baxmırlarmı?!”
6- Bal arısına Cənab Allahın (c.c.) “vəhy etməsi” nə mənaya gəlir?

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top