NAZİM MUSTAFAYEV

“Yaponlar qəbrə kamera qoyub, ancaq heç nə görməyiblər”

“Yaponlar qəbrə kamera qoyub, ancaq heç nə görməyiblər”

NAZİM MUSTAFAYEV
Həyətdə hardasa 80-100 nəfər vardı. Mərhumun vəfat xəbərini eşidənlər yavaş-yavaş həyətə gəlirdilər. Bir azdan həyətdən cənazə çıxacaqdı... Nisbətən yaşlılar taxtadan oturacaqda oturmuş, soyuq qış günündə önlərindəki közərmiş ağac kötüklərində ayaqlarını isidirdilər. Cavanlar isə ayaq üstə dayanırdılar. Hamı 5-10 nəfərlik qruplar halında ordan-burdan söhbət edirdi. Çoxdan bir-birlərini görməyənlər fürsətdən istifadə edib hal-əhval tuturdu.
Hər gələn mərhumun ən yaxınlarına baş sağlığı verir, Allahdan (c.c) səbr diləyirdi. İmam cənazə namazının qılınması üçün həyətdə qiblə istiqamətində yerin hazırlanması üçün göstəriş verirdi. İçəridən qadınların ağlaşma səsləri eşidilirdi. Mərhumla vida anları artıq gəlib çatmışdı. Sanki şair bu misraları elə bu məqam üçün söyləyib:
“Ölənlər yenidən doğarmış; gerçək!
Tabut deyildir bu, bir taxta qundaq.
Bu ağır hədiyyə kimə gedəcək,
Çaxılır çaxılmaz üstünə qapaq?”
Mərhumun qohumları bir müddət sonra onu evdən sonuncu dəfə çıxaracaq və cənazə namazı qılınan yerə gətirəcəkdilər. Bir az uzaqda, qəbiristanlıqda isə mərhum üçün qəbrin qazılma işi tamamlanmaq üzrə idi. Belə bir şəraitdə həyətə gələnlər arasındakı söhbətin mövzusu istər istəməz ölümdən, fani dünyadan və axirət mövzusundan düşmüşdü.
Bu ərəfədə həyətdəki qohum-qonşudan biri sanki “mən də bir söz deyim”, “mənim də bu ayaqüstü məclisə bir töhfəm dəysin” ədası ilə belə dedi: “Bilirsiz, yaponlar qəbrə kamera qoyub, ancaq heç nə görməyiblər”. Açığı bilmirəm, yaponlar belə bir tədqiqat aparıb və ya aparmayıblar. Ya da aparıblarsa, nə məqsədə görə ediblər? Ancaq adam sözü elə ötəri söylədi ki, bəlkə də çox adam bu qarışıq ab-havada sözün fərqinə varmadılar. Adam da heç sözün davamını gətirmədi. Bəlkə də elə bura qədər olan hissəsini bilirdi. Bu yazıda həmin o cümlənin çağırışdırdığı məna haqqında danışmaq, həmin cümləni bir az təhlil etmək istəyirəm.
Görəsən həqiqətən də qəbrə kamera yerləşdirməklə uca dinimiz İslamın xəbər verdiyi qəbir həyatı və axirət aləmi ilə bağlı nələrisə əldə etmək, onları kameranın yaddaşına köçürmək olar? Əvvəla qeyd edək ki, qəbrə kamera yerləşdirərək axirətin varlığı və ya yoxluğu haqqında tədqiqat aparmağa çalışmaq maddi gözlə axirətin varlığına dair dəlil axtarışına çıxmağın nəticəsidir. Əlbəttə gözlər Cənab Allahın (c.c) bizə verdiyi böyük nemətdir. Ancaq bu göz nemətini öz əhatə dairəsinin kənarında istifadə etməyə çalışmaq ən azından seçilmiş metodun yanlış olduğunu göstərir.
Gözümüzlə və digər maddi duyğu orqanlarımızla axirətin yoxluğu ilə əlaqəli dəlil axtarışına çıxmaqda nə qədər israr etsək, yenə də nəticə əldə edə bilməyəcəyik. Çünki metod yanlışdır. Bəlkə də yaponlar belə bir təcrübə aparmış ola bilərlər. Ancaq başqaları da qəbrə kamera qoysa, yenə eyni nəticəni əldə edəcək, axtardıqlarını, maddi gözlə görmək istədiklərini orada tapa bilməyəcəklər.
Uca dinimiz İslamın xəbər verdiyi qəbir həyatını, axirətlə əlaqəli məsələləri maddi qanunlarla izah etməyə çalışmaq bəri başdan yalnış nəticələr əldə etməyə bərabərdir. Burada kameranı insan gözündən kinayə olaraq başa düşə bilərik. Bu baxımdan, əgər insan maddi gözü ilə qəbir həyatında baş verənləri, ya da başqa hardasa nələrisə görə bilmirsə, bu onun yoxluğuna dəlalət eləmir. Göz sadəcə öz qabiliyyəti ölçüsündə məlumatları sanki video kamera kimi çəkərək mərkəzə, ağla göndərir. Gözün işi bura qədərdir və bundan ibarətdir. Gözün öz-özlüyündə dərk etmə, təhlil aparma qabiliyyəti yoxdur ki, hələ bir də nəyəsə qərar versin! Bir sözlə, insanda qərar verici mərkəz göz deyil, ağıldır.
Hərçənd gözün gətirdiyi və maddi aləmlə əlaqəli məlumatları ağıl təhlil edib qərar verici bir mərkəz mövqeyindən çıxış etsə də, axirət həyatı ilə bağlı mövzuda ağıl qərar verici mərkəz möqeyindən çıxış edə bilmir. Ağıl sadəcə axirət aləmi və bu aləmə bir giriş mahiyyətində olan qəbir həyatı ilə bağlı uca dinimiz İslamın xəbər verdiyi məlumatları təsdiq edici mövqedən çıxış edə bilər. Bu baxımdan hətta ağlı belə aşan bir məsələdə hər şeyi kənara qoyaraq gözə qərar vermə vəzifə və səlahiyyəti vemək bəri başdan yanlış seçim etmək deməkdir.
Allah Rəsulu belə buyurmuşdur: "Qəbir (orada dəfn olunan insanın əməllərinə görə) ya cənnət bağlarından bir bağ, ya da cəhənnəm çuxurlarından bir çuxur olar” (Tirmizi, Qiyamət 26). İslama görə qəbir axirət aləminə açılan bir qapıdır. Qəbir qapısı məzardakıları əbədiyyətə aparan bir yoldur. Ayrıca ayədə buyurulduğu üzrə qiyamət vaxtı da gələcək və Allah qəbirlərdə olanları dirildəcəkdir (Həcc, 22/7).
Bir İslam alimi xatirələrində belə deyirdi: “Mən uşaq olanda bir qardaşım vəfat etmişdi. Hər dəfə onun məzarını ziyarət edəndə əllərimi açar, “Allahım, onu dirilt, onun gözəl üzünü bir daha görüm!” deyə yalvarar, dua edərdim. İndi bu halda olan mənim kimi minlərlə insan da var. İnsanların qəlbindəki “yenidən dirilmə” və “qiyamət inancını” silsək, bu yanan qəlblərə nə çarə olacaq, bu yanğını kim və necə söndürəcək? Yaxınlarının ölüm acısını söndürə biləcək yeganə məlhəm həşrə, yenidən dirilməyə imandır. Məhz bu iman onları bu dünyada tərk edən yaxınları, sevdikləri ilə yenidən görüşə biləcəklərinin xəbərini verir. Əzizlərinin, övladlarının, ata və analarının bir-bir bu dünyadan yoxluğa doğru deyil, axirət aləminə köçüb getdiklərini bilmək, bir gün onlarla yenidən görüşə biləcəklərinə iman etmək arxada qalan bütün insanlara böyük təsəlli verir”.
Cənab Allah (c.c) yenidən dirilməni yüzlərlə, minlərlə nümunə ilə yer üzündə, hələ bu dünyada ikən bizə göstərir. Baharın bütün çiçəkləri, gözəl meyvələr, yaşıllıqlar soyuq qış günləri gələndə bir toxum halında qarın, torpağın altında gizlənirlər. Ancaq mövsümü gələndə, ikinci bahar yetişəndə Cənab Allah (c.c) onları yenidən dirildir. Eynilə bunun kimi qəbirlərdə çürüyən insanı da Cənab Allah (c.c) ikinci bahar olan həşr günündə təkrar dirildəcəkdir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top