NAZİM MUSTAFAYEV

Quranla dostlaşmaq, Quranla ünsiyyət qurmaq…

Quranla dostlaşmaq, Quranla ünsiyyət qurmaq…

NAZİM MUSTAFAYEV
Evdə masada üst-üstə yığılan bir sıra kitablar vardı. Kompüter ekranına baxır və nə isə çalışırdım. Universitetdə 5-ci kursda olan vaxtlar, diplom işi yazan dövrlər idi. Bu günlərdən birində anam məndən bir sual soruşmuşdu. O sualdan sonra evdə gündəlik dərs çalışma sistemi bir az dəyişmiş, daha xoş və maraqlı hala gəlmişdi. Sanki anamın həmin sualından sonra evdə ana-bala arasında bir dərs ab-havası və yeni bir mərhələ başladı. Bu yazıda sizi həmin dövrlərə aparmaq istəyirəm.
Anamın verdiyi suala gəldikdə, bu sual anidən verilən suala deyil, günlərdir çək-çevir edilən, sanki dərin kökləri olan, bir az da sorğulama xarakterli suala oxşayırdı. Sual belə idi: "Nazim, sən bu günə qədər niyə mənə Quran öyrətməmisən?" Bu sual qarşısında eləcə qaldım və nə deyəcəyimi bilmədim. Sadəcə "Ay ana, sən istədikdən sonra niyə də olmasın. Hər gün əlifbadan biraz-biraz oxuyarıq" deyə bildirmişdim.
Əslində anam da haqlı idi. Görəsən o günə qədər mən nə üçün anama bunu söyləməmiş, bu təklifi daha əvvəl mən etməmişdim? Beləcə anamla bərabər Quran yolculuğumuz başladı. Artıq hər gün müəyyən vaxtlarda Quran əlifbasından “cəzm”, “şəddə”, “əsrə”, “ötrə” və s. dərslər oxuyurduq. Bu dərslər bizi yavaş-yavaş Quranı üzdən oxumağa aparırdı. Elə həmin dövrlərdə anama: "Ay ana, necə olduki sən Quranı üzdən oxumağı öyrənmək istədin?" deyə soruşanda anam bir xatirəsini danışdı.
Sən demə anam qohumlardan birinin yas yerində olarkən oradakı bir mənzərə anamın ilham mənbəyinə çevrilib, onda belə bir istək formalaşdırıb. Anam həmin məclisdə Quran oxuyan molla qadından başqa bir qadının nəsə bir dua və ya surəni soruşaraq yazdığını görüb. O qədər insanın içərisində əlindəki kağız qələmlə molla qadından dualar soruşub yazan o qadının halı anamı çox heyrətləndirib. O zaman anam öz-özünə deyib ki: "Əslində mənim bu qədər camaatın içərisində yasda kimdənsə nəsə soruşmağa ehtiyacım yoxdu. Bizim oğlan artıq beşinci ildi universitetdə oxuyur. Bu günə qədər mənə Quranı öyrətməyib. Nə vaxtsa universiteti qurtarıb əsgərliyə gedəcək, ancaq mən də hələ ondan Quranı öyrənməklə bağlı heç nə soruşmamışam". Yaşanan bu hadisənin fonunda növbəti günlərdə anam məndən: "Nazim, sən indiyə qədər niyə mənə Quran əlifbasını öyrətməmisən?" deyə soruşmuşdu.
Beləliklə artıq hər gün anamla bərabər Quran əlifbasından müəyyən dərslər oxumağa başladıq. Bu dərslərdən sonra otağın küncündəki kompüterin başına keçir, diplom işi ilə məşğul olurdum. Həmin ərəfədə də anam nə isə soruşanda gələrək o səhifəyə baxır, sonra yenidən masa başına, kompüterin qarşısına keçirdim. Anam bir ara demişdi ki, “Ay oğul, hər dəqiqə başı səni çağıraraq nə isə soruşanda sənin dərslərinə, çalışmalarına da mane oluram”. Ancaq anamın dediklərinin əksinə mən belə düşünmürdüm. Mənim üçün xoş idi və içdən-içə sevinirdim ki, anam bu yaşında Quranı öyrənməyə çalışır: “Ay ana, sən əlifbanı qurtarıb Qurana keçsən, mənim üçün ən gözəl diplom işi bu olacaq" deyərək hər nə olsa çağırıb soruşmasını istədim. Beləcə günlər, həftələr keçdi və biz artıq əlifbanı qurtararaq hər gün Qurandan bir səhifə oxumağa başladıq.
Gün gəldi ki, anam Quranın yarısını, sonra da ilk xətmi oxuyub qurtardı. Bu arada mən əsgərliyə getmiş, araya əsgərlik dövrü girmişdi. Anam bu mövzuda çox həvəsli olduğu üçün hər dəfə: “Ay ana, Qurandan hara çatmısan?” deyə də soruşurdum. Əsgərlikdən qayıdanda anam artıq Quranı 5 vəya 6 dəfə başdan sona oxumuşdu. Açığı mən elə fikişləşmişdim ki, anam Qurana keçəndən sonra ildə bir-iki dəfə, ya da Ramazandan Ramazana xətm oxuyar. Nədənsə ağılımda belə bir mənzərə canlanmışdı. Ancaq illər keçdikcə şahid oldum ki, anam sanki Quranla dostlaşıb, anam və Quran arasında sanki fərqli bir ünsiyyət, dostluq bağı qurulub.
Əsgərlikdən gələndən sonra artıq iş həyatı başladı. Sonra yenidən təhsil almaq üçün evdən, rayondan uzaq düşdüm. Hər beş-altı aydan bir rayona evə gələndə anamın Quranı xətm etmə sayının artdığını görürdüm. İllər ötdükcə 20, 40, 80 rəqəmləri artıq geridə qalmışdı. Evdə anamın səhifələri köhnəlmiş böyük boy bir neçə Qurani-Kərimi vardı. Son illərə qədər hər dəfə rayonda olanda anam xətm sayını deyirdi. Ən son 185-200 arasında bir rəqəm demişdi. Daha sonra isə anam xətmlə bağlı soruşanda hər hansı rəqəm demək istəmədi. Sanki övladı belə olsa, Quranla özünün arasına başqasının girməsinə artıq könlü razı deyildi.
Ağla gələ bilər ki, bir kitabı təkrar-təkrar 180-200 dəfə oxumaq olarmı? Hətta belə desək, bu zaman insan bezikməzmi? Əslində söhbət bir bəşərin yazdığı hansısa romandan, hekayə kitabından gedirsə, bəli, bu mümkün deyil. Heç kəs bir kitabı on dəfədən çox oxumaz. Ancaq söhbət Qurandan gedirsə, burada məsələ dəyişir. Quranın elə bir xüsusiyyəti var ki, istənilən yaşdakı insan onu qavraya, üzdən oxumağı öyrənə bilər. Həmçinin bu oxumalar insanı bezikdirmir, insanın ruhuna fərahlıq verir.
Bəlkə də bu yazıda içində olduğumuz Ramazan ayı münasibətilə də Quran oxumanın fəziləti ilə bağlı başqa bir mövzu işləmək olardı. Sadəcə fikirləşdim ki, Quranı ərəbcədən üzdən oxumağı öyrənmək üzərindən bir misal verim. Hər yaşda insan üçün bunun mümkün olduğunu bir misalla təqdim edim.
Belə bir deyim var ki, bir şam başqa bir şamı yandırarkən öz atəşindən bir şey əksiltməz. Əslində illər əvvəlki bu xatirəmi bu gün sizinlə paylaşmaq istəməyimin səbəbi həmin bu şam misalı ilə əlaqəlidir. Əziz anamın illər əvvəl öz həyatında, öz dünyasında yandırdığı bu şam bu gün kimlərəsə ilham mənbəyi olacaqsa, deyə bilərəm ki, bu yazının qələmə alınmasındakı əsas məqsəd də hasil olacaq.
Cənab Allah (c.c) hər birimizi Quranla dostlaşan, Quranla ünsiyyət qura bilən kəslərdən eləsin.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top