TƏRS MƏMMƏD

Mənim deputatım

Mənim deputatım

TƏRS MƏMMƏD
Bu yaxınlarda belə bir xəbər oxudum: “Media subyektlərinin öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlər, o cümlədən reklam gəlirləri, habelə onlara müvafiq dövlət qurumu tərəfindən verilən maddi yardımlar gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilir. Layihəyə əsasən, azadolmalar 2023-cü il yanvarın 1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaq”.
Gözüm çıxdı kəlləmə, bu nə xəbərdi, mən oxudum. Bu xəbəri düz 30 ildir gözləyirəm. Nəhayət, gəldi.
Deməli,  bu gündən sonra qəzetlərin gəliri olacaq.  100 faiz olacaq. Bilirsiniz niyə belə əmin danışıram?
Elə bilirsiniz o Milli Məclisdə oturanlar elə belə adamlardı?
Yox, canım. Hər şeydən xəbərləri var. Bilirlər ki, qəzetlərin gəlirləri yoxdur. Olmayan şeydən vergi olar? Əlbəttə, olmaz. Deməli, qəzetlərin gəlirləri olması üçün onlar nəsə düşünüblər. Məsələn, qəzet kağızına əlavə dəyər vergisini ləğv etdikləri kimi. MM-də oturanlar dünyanın gərdişini hamıdan yaxşı bilirlər. Qiymətlərin qalxacağını əvvəlcədən bildiklərinə görə qəzet kağızını Əlavə Dəyər Vergisindən (ƏDV) azad etdilər. Qəzet kağızının bir tonu əvvəllər təxminən 600 dollar idi. İndi 800 dollar olub. ƏDV olsaydı, indi kağızın tonu 1000 dollardan da yuxarı olardı. Görürsünüzmü, bizim MM-də oturanlar nə qədər uzaqgörən adamlardır?
Hələ qəzet çapı üçün lazım olan ofset lövhələr barədə də ölçü götürəcəklər. Azərbaycanda istehsalı olmayan həmin lövhələri 15 faizlik gömrük  vergisindən, 18 faizlik ƏDV-dən azad edəcəklər. Azad etməsələr, mən heç dədəmin oğlu deyiləm. A kişilər, MM-də oturanların qədrini bilin. Onlar yalnız yetim-yesiri düşünürlər.
Qyıdıram əvvəlki söhbətimə. Dedim axı, bu gündən sonra qəzetlərin gəliri olacaq. Bilirəm, bəziləri indi soruşaqcaq ki, necə?
Bax bu sualı verənləri mən qanmaz sayıram. Ona görə onlara qanmaz deyirəm ki, qanmırlar. Necə yəni qəzetlərin gəliri hardan olacaq? Ə, xəbəri bir balaca diqqətlə oxusanız, görərsiniz işıq hardan düşəcək.  Özləri deyir ki, reklam, dövlət yardımı filan. Bunu başa düşmürsünüz?
Bundan sonra yetim-yesir qəzetlərə də reklam veriləcək. Daha baxmayacaqlar ki, bu qəzetin arxası var, ya yox. Kim bu fikrə düşsə, yəni ancaq arxalılara reklam vermək istəsə, MM-də oturan deputat qardaşlarım onların ciyərini çıxaracaq.
Arxalılar, elə bilməyin ki, dövlətin verdiyi maddi yardımlar sizin üçündür. O babanız öldü, indi yetim-yesirin dövranı başlayır. Bundan sonra dövlətin verdiyi maddi yardımı onlar da ala biləcək. Belə olandan sonra siz yaranan rəqabətə dözün görüm, necə dözürsünüz.
Vallah, deputat qardaşlarımız yetim-yesiri düşünürlər. Özüm qulaqlarımın şahidiyəm.
O gün iki deputat MM-dən çıxıb xiyabana tərəfə gedirdilər. Mən də bunların arxasınca. Biri dönüb məni gördü. Sonra da həmkarı ilə xısın-xısın danışmağa başladı. Üzr istəyirəm, özümdən asılı olmayaraq qulağımı şəkləyib nə danışdıqılarına qulaq asdım. Biri o birinə nə desə yaxşıdı?
Olduğu kimi deyim, siz də bilin: “Bu arxada gələni tanıyırsan? 40 ildi qələm çalır, əynindəki kostyum elə o vaxtkıdır. Bunları görəndə xəcalət çəkirəm, bizim yaşayışımıza bax, bunlarınkına bax. Vallah ayıbdır, bu kişi 40 ildir yazır, gününə bax. Bəlkə, Məclisdə bu məsələni qaldıraq?  Bunlara bir gün ağlayaq ki, bizim vicdanımız da əzabdan qurtarsın”.
Aradan heç bir həftə keçməyib ee, dedi də, elədi də.
Nə deyirsiniz deyin, bu, xalqın deputatıdır, mənim deputatımdır.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top