NAZİM MUSTAFAYEV

“Əgər Quranı bir dağa nazil etsəydik…”

“Əgər Quranı bir dağa nazil etsəydik…”

NAZİM MUSTAFAYEV

Bəzən el arasında “şikayətimi dağa-daşa etsəydim, dağ parçalanardı”, ya da “sənə deyilən sözlər daşa deyilsəydi, daş parçalanardı” kimi ifadələrə rast gəlirik. Sözün dağa-daşa söylənməsi ümumiyyətlə həmin sözün ünvanını, aid olduğu yeri, bir toxum tək bağrına düşəcəyi torpağı tapa bilməməsindən kinayə olaraq söylənir. Bir şəxs: “Sözümü kimə söyləyim, dağa daşamı deyim?” ifadəsini işlədirsə, deməli onun dediyi və ya deyəcəyi sözlər məsafələr nə qədər yaxın olsa da qarşı tərəfə gedib çatmır, qarşı tərəfdə anlaşılmır, o şəxsə səsini duyura bilmir. Bu zaman qulaq karlığına əlavə olaraq mənəvi karlıqdan, zehnin və idrakın karlığından da söhbət gedə bilər.

Bəzən qəlbi riqqətə gətirən, duyğulandıran, insanı fərqli üfüqlərə aparan söz artıq heç bir təsir meydana gətirmirsə, deməli həmin insan və onun daşıdığı qəlblə dağ-daş arasında heç bir fərq qalmayıb. Çünki eyni sözləri dağa-daşa deyəndə də heç bir təsiri olmur. Hətta ehtimal ki, bəlkə dağ-daş sözün daşıdığı o məna qarşısında riqqətə gəlib parçalansın…

Əslində söz bir vasitədir. Söz daşıdığı, ifadə etdiyi mənaya, bizə çatdırdığı həqiqətə görə bir dəyər ifadə edir. Mən, sən, o və başqaları həqiqəti görür, anlayır və qəbul edirikmi, yoxsa bu söz qarşısında zehni karlıq yaşayır və sadəcə olaraq yan keçib gedirik? Həqiqəti görüb anlamaq onun üçün çox əhəmiyyətlidir ki, biz məhz həqiqətə görə özümüzə mövqe seçirik. Əks halda nəyin həqiqət olduğunu bilmədikdən sonra harada, hansı mövqedə dayanmağın bir əhəmiyyəti varmı?

Bütün xalqların ədəbiyyatında güc, əzəmət və ucalığın simvolu olaraq dağ motivindən istifadə edilmişdir. Bu mənada dağ motivi insanların təsəvvürlərinə böyük təsir göstərmişdir. Cənab Allah (c.c) bizimlə idrak səviyyəmizdə, insan ağılının fəhm edə biləcəyi üslubda danışır. Quran ayələrində insanlara ilahi həqiqətlər çatdırılırkən dağ motivindən istifadə edildiyini görürük. Gəlin həmin ayəyə nəzər salaq: “(Ya Peyğəmbər!) Əgər Biz bu Quranı bir dağa nazil etsəydik, sən onun Allahın qorxusundan parçalandığını görərdin. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, düşünələr” (Həşr, 59/21).

Bu ayədə əsasən qəlb qatılığına görə Quran oxunduğu zaman onu dərk edib anlamağa çalışmayan insanların qınandığını görürük. Yəni insana verilən şüur və idrak kimi xüsusiyyətlər cəsaməti, ağırlığı və əzəməti ilə həmişə insanı valeh edən dağlara verilmiş olsaydı, bütün bu əzəmətinə baxmayaraq dağlar Allah (c.c) qorxusu ilə parçalanar, İlahi əmr və buyuruqlar qarşısında boyun əyər və itaət edərdi. Ancaq ilahi vəhyi anlayıb dərk etmə qabiliyyətləri dağlara deyil, məhz insana verilmişdir.

Yuxarıdakı ayədə “nazil etsəydik”, yəni “endirsəydik” ifadəsi keçir. Burada “(Ya Peyğəmbər!) Əgər Biz bu Quranı bir dağa nazil etsəydik…” buyurulub. Gəlin “nazil etmək” və ya “enmək” ifadəsinin mahiyyətinə nəzər salaq. Misal üçün yaxınlıqdakı bir dağa gedək və dağın ən zirvə nöqtəsinə Qurani-Kərimi qoyaq. Bu zaman dağın parçalanmasına şahid olmayacağıq. Nə üçün? Çünki bu zaman sözün həqiqi mənasında Quranın dağa enməsindən söhbət gedə bilməz. Quranın Allah Rəsuluna (s.ə.s), dolayısı ilə bütün insanlığa enmiş olmasını bu formada başa düşmək olmaz. İlahi kəlam həyatımıza, mətbəximizə, qazancımıza və xərclərimizə, gecə və gündüzümüzə, evimizə və dükanımıza, bir sözlə həyatımızın hər anına enməlidir.

Quranın elə bir cəzbediciliyi, elə bir gücü və təsiri vardır ki, onu əsl mənasında dərk edən heç bir insan bu ağırlığa tab gətirə bilməz. Həzrət Ömər (r.a) bir gün Tur surəsindəki: “Rəbbinin əzabı mütləq gerçəkləşəcəkdir. Onu dəf edə biləcək heç bir şey yoxdur” (Tur, 52/8-9) ayələrini oxuyan bir adamın səsini eşidən kimi elə sarsılmış, bu ayələr ona elə təsir eləmişdi ki, çox çətinliklə evinə gələ bilmiş və həftələrcə xəstə yatağından qalxa bilməmişdi. Hətta onun bu vəziyyətinə görə evinə xəstə görməsinə gəlib gedənlər vardı.

İnsanın vicdanı açıq və təmiz olduğu bir vaxtda Quranın həqiqətlərindən bir ayə ilə qarşılaşdıqda, bu, onu ciddi şəkildə sarsıdar. Onun ruhunda, vicdanında və ümum həyatında maqnit və elektriyin maddələr dünyasında cisimlərə təsir etdiyi kimi dəyişikliklər meydana gətirər. Hər addım atarkən İlahi kəlamın məsuliyyəti altında olduğumuzu dərk etməyə çalışmalıyıq ki, ilahi buyuruqların üzərimizdə, həyatımızda təsiri olsun. Əks halda onu oxusaq da, bilsək də ondan ayrı bir həyat aşadığımız müddətcə üzərimizdə hər hansı təsiri olmayacaq.

Yuxarıdakı ayənin sonunda: “…Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, düşünələr” buyurulub. Burada hər kəsin mənasını asanlıqla qavraması üçün konkret bir misaldan, dağ motivindən istifadə edilmişdir. Əgər bir dağa insana verilən şüur verilsəydi, o əzəmətli və əyilməz qaməti ilə Cənab Allahın (c.c) kainatdakı əzəməti, qüdrəti və mütləq hökmranlığı qarşısında hörmətlə baş əyərdi. İnsanlar isə çiyinlərindəki yükü hiss etməməyə və ömürlərini qəflət içində keçirməyə meyillidirlər. Burada diqqət çəkən başqa bir məqam isə ayənin sonunda da ifadə edildiyi kimi, bu misaldan nəticə çıxarmağın da insanın özündən, daha doğrusu onun düşünmə qabiliyyətindən istifadə etməsindən asılı olmasıdır.

Məsələyə başqa bir baxış bucağı ilə də baxmaq olar. Cənab Allahın (c.c) nazil etdiyi bu İlahi kəlam o qədər əzəmətli, o qədər ağırlığı olan kitabdır ki, dağların o əzəməti və cüssəsi belə bu ağırlığa tab gətirə bilməz. Həmçinin bu ilahi kitab insanlar, cəmiyyətlər üzərində elə inqilablar, elə dəyişikliklər meydana gətirmişdir ki, özlərini dağlar tək uca və yüksəkdə görən fərdlər və millətlər bu ilahi kitab qarşısında ərimək, yumşalmaq məcburiyyətində qalmışlar. Bu kitab bir çox insanın, cəmiyyətin daşdan sərt qəlbini əritmiş, düşüncələrini, həyatlarını dəyişmiş, mənən ölmüş qəlblərinə yenidən həyat bəxş etmiş, onları yaradılışlarındakı fitrətə geri qaytarmışdır.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top