NAZİM MUSTAFAYEV

Günümüzün tabusu – Ölümü yada salmaq

Günümüzün tabusu – Ölümü yada salmaq

NAZİM MUSTAFAYEV

Ölüm haqda düşünmək, ölüm haqda danışmağın insanlar arasında, cəmiyyət içərisində daim yüksələn və ya azalan xətt üzrə deyil, ziqzaq xətt üzrə davam etdiyini demək olar. Elə dövrlər olur ki, ölüm haqda danışmaq bir tabu halına gəlir. Bilmirəm, bəlkə də biz həmin dövrü yaşayırıq?! İnsanlar bu haqda danışmağa, ölümü yada salmağa bir o qədər yaxın durmur, soyuq münasibət bəsləyirlər. Əslində bu hansısa yazılmış qanunlar əsasında deyil, elə yazılmamış qanunlar əsasında baş verir.
İnsan keçmişi, indini və gələcəyi birgə yaşayır
Alman alim Von Aster (1880-1948) belə deyir: “Heyvanlar üçün ölüm sadəcə onunla qarşılaşdıqları zaman vardır. Ancaq insan keçmişi, indini və gələcəyi eyni anda yaşadığı üçün öləcəyini bilir və bu bilgi onun şüurunda həmişə mövcuddur. Əgər ölüm fikrini həyatın içərisindən çıxarmaq mümkün olsaydı, hər halda bunu istəməyəcəkdik. Çünki ölümü həyatdan uzaqaşdırmaq insanı sadəcə içində olduğu anı yaşayan digər varlıqlar, heyvanlar səviyyəsinə endirəcəkdi. Bu səbəbə görə ölümü həyatın içində qəbul etmək məcburiyyətindəyik”.
Ölümə qalib gəlməyi düşünən insan…
Xüsusilə inkişaf etmiş ölkələrdə diaqnostika, müalicə və cərrahi üsulların, tibbi xidmətlərin, profilaktik tədbirlərin gün keçdikcə daha da inkişaf etməsi insan ömrünün xeyli uzamasına səbəb olub. Hətta bütün bunlar bir mənada insana “zəfər sərxoşluğu” yaşadan, ölümə qalib gəldiyini düşünməsinə sövq edən bir amil halına da gələ bilər.
Hindli alim Daya Şankar bu haqda belə deyir: “Biz elm əsrində yaşayırıq. Elmin gücü ilə təbiəti özümüzə ram etmiş və insanların ixtiyarına vermişik. Aya getmiş, günəş enerjisini toplayaraq müxtəlif sahələrdə istifadəsini öyrənmişik. Təbiətdəki güc və enerjidən elə məharətlə istifadə edirik ki, sanki günəş, ay, okean və küləklər bizim əmrimizdədir. Bundan əlavə bəşəriyyəti məhv edəcək, yer üzündə həyatdan əsər-əlamət qalmayacaq miqdarda silahlar hazırlamışıq. Elmin köməyi ilə insanların iztirablarını, ağrı və acılarını minimuma endirmişik. Korlara göz, karlara qulaq, lallara dil, şikəstlər əl və qol taxmışıq. Bütün bunlarla yanaşı biz yenə də ölümlü varlıqlarıq, ölümü məğlub edə bilməmişik”.
“Ölüm halını ancaq yaşayanlar bilər” – Qəzzali
İslam alimi Qəzzali belə deyir: “Ölüm halında olan insanın vəziyyətini başqalarının bilməsi mümkün olmadığı kimi, ölən adamın da öz halını digər insanlara deməyə imkanı yoxdur. O, düşdüyü vəziyyətin şiddətindən ağlını itirmiş, danışa bilməz vəziyyətə gəlmişdir. Bu halı ancaq yaşayanlar bilə bilər. Ancaq onların da bu vəziyyəti başqalarına deməyə imkan və gücləri yoxdur. Bununla belə, ölən şəxsin ümumiyyətlə ölülərin vəziyyətindən xəbərdar olmaq tamamilə mümkünsüz deyil. Pərdənin digər üzündə nələrin yaşandığı ilə bağlı İlahi Kəlam və Peyğəmbər (s.ə.s) hədislərində məlumatlar var”.
Qəzzali ölmək üzrə olan insanlardakı xarakterik halları bu formada açıqlayır: “İnsanın zehni qabiliyyəti öz funksiyasını itirir, insan danışa bilmir, bədən orqanları hərəkət edə bilmir. Əzalardan yavaş-yavaş həyat çəkildiyi üçün əl və ayaqlardan başlayaraq bütün bədən soyuyur. Ayaq barmaqlarından başlayaraq bədən sarıya çevrilir. Dil boğazın kökünə doğru çəkilir. Dodaqlar büzülür və göyərir, gözlər sürüşür. Ruh tamamilə ayrıldıqda, boğazdan xırıltı səsi eşidilir”.
İnsan, daim ona yaxın olan Rəbbini (c.c) unudur
Bütün bunlar baş verdiyi zaman insanlar yaxınlarına, sevdiklərinə, bir sözlə can verən adama baxıb qalırlar. Quran ayələri bu həqiqəti belə açıqlayır: “Can boğaza çatdığı zaman - O an siz (can verən adama) baxıb qalırsınız. Biz ona sizdən daha yaxınıq, lakin siz görmürsünüz. Əgər (öldükdən sonra) haqq-hesaba çəkiləsi deyilsinizsə və doğru deyirsinizsə, onu (o canı) geri gətirin!” (Vaqiə, 56/83-87).
Ölüm ayağında olan, ya da yenicə dünyasını dəyişmiş insanın ətrafındakı dostları, tanışları onun sadəcə cəsədini görürlər. Gərçi baxırlar, ancaq həqiqətdə nə baş verdiyini görə bilmirlər. İnsan bu vaxt elminin, bilgisinin məhdud olduğunu, acizliyini anlayır. Artıq işin içinə bizim bilə bilmədiyimiz, bizim görə bilmədiyimiz Allahın (c.c) elmi, Allahın (c.c) mütləq güc və əzəməti dövrəyə girir: “Biz ona sizdən daha yaxınıq, lakin siz görmürsünüz” (Vaqiə, 56/85). Gərçi, Cənab Allahın (c.c) bilgisindən, əzəmətindən, güc və iqtidarından kənarda qalan heç nə yoxdur. Ancaq gənclik, sağlamlıq, imkanların genişliyi, firavan və rəfah dolu bir həyat və.s kimi faktorlar qəflətə səbəb olur, dünyanı gözəl göstərir, ölümü və axirəti, Cənab Allahın (c.c) hər daim bizə olan yaxınlığını unutdurur.
Çarəsiz baxışlar, sel kimi axıb gedən canlar…
Budur, hər gün yüzlərlə, minlərlə insan haqq-hesabın, sorğu-sualın, mükafat və cəzanın olduğu axirət aləminə köç edir. Canları boğazlarına gəlmiş insanlar, yaxınlarının, sevdiklərinin çarəsiz baxışları arasında digər aləmə sel kimi axıb gedirlər. Ancaq onların heç birini geri çevirmək tibbin, elmin, ya da qalın qala divarlarının, ümumiyyətlə insanın güc və iqtidarında deyil. Ayə məhz bu məqamdan bəhs edir: “Əgər (öldükdən sonra) haqq-hesaba çəkiləsi deyilsinizsə və doğru deyirsinizsə, onu (o canı) geri gətirin!” (Vaqiə, 56/87).
Bütün dünya, bütün bəşəriyyət bir yerə yığışıb vaxtı, vədəsi gəlmiş hətta milyonlarla sevəni olan bir canı geri gətirməyə çalışsa, bu mümkün olmaycaq. Geridə bir cüt göz, ya da milyonlarla göz qalsa da, onların hamısı ayənin ifadəsi ilə gedənin arxasınca sadəcə “baxacaqlar” (Vaqiə, 56/84).
 

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top