Ucqar bir dağ kəndində idik. Əzan oxunmuş, kənd məscidinə ilkindi namazına getmişdik. Təmiz və səliqəli məsciddə diqqətimi çəkən məqamlardan biri buradakı kitab şkafı olmuşdu. Düzdür əksər məscidlərdə kitab rəfinə, orada qoyulan kitablara rast gəlmək olar. Ancaq nisbətən kiçik bir məsciddə zəngin bir kitab şkafı ilə qarşılaşmaq istər-istəməz diqqətimi çəkmişdi. Hər halda məscid imamı yada başqa bir şəxs bu kitabları buraya bağışlamış, vəqf etmişdi. Namaz sonrası bu kitablarla bir az vaxt keçirdik, kitabları vərəqlədik...
Oxuduğunuz bu yazının ərsəyə gəlməsində əsas səbəb məhz bu kənd məscidindəki kitab şkafı və buradakı bəzi məqamlar oldu. Ümid edirəm həm özüm, həm də siz oxucular üçün bəhs edəcəyim bu məqamlar faydalı olacaq...
Nisbətən zəngin bu kitab şkafında bir sıra kitablarla yanaşı 2008-2010-cu illərə aid bir jurnalın sayılarını da gördüm. Hansı ki həmin jurnalda və həmin illərdə mən də yazılar yazmışdım. Bu zaman bir az qəribə hisslər keçirdim... Bir jurnalda yazdığın yazılar aradan hardasa 15 il keçəndən sonra ucqar bir kənddə, gözləmədiyin zamanda məscidin kitab şkafında səni qarşılayır.
Ötüb keçən son 15 ilə nəzər salanda görürəmki yazı yazmaq işinə aralıqlarla fasilə versəm də demək olar ki heç vaxt buraxmadım. Bəzən sadəcə o məsciddə gördüyüm jurnalda, bəzən həftənin beş günü çap olunan bir qəzetin köşə hissəsində, bəzən bir xəbər saytında araşdırma yazıları ilə, bəzən də başqa bir jurnalın müxtəlif rubrikalarında yazılar yazdım.
Açığını desəm, 15 il əvvələ aid bir yazı vəya məqalənin ucqar bir kənd məscidinin kitab şkafında bizi qarşılaması məni bir az düşünməyə vadar etdi.
Doğrudur, hər hansı bir yazı, hər hansı bir kitab illər sonra və heç gözləmədiyi anda insanın, müəllifin qarşısına çıxa bilər. Xüsusilə yaşadığımız bu internet çağında bu məsələ daha da labüd və qaçınılmazdır.
İnsanın ortaya qoyduğu bir əsəri, yazısı, yetişdirdiyi bir tələbəsi, hətta torpağa əkdiyi bir fidan illər sonra onun qarşısına çıxa, onu xoş sözlərlə qarşılaya, "mən sənin əsərinəm" deyə bilər. Əslində buraya qədər hər şey normaldır.
Ancaq insanın gördüyü, ərsəyə gətirdiyi, ortaya çıxmasına səbəb və vəsilə olduğu gözəl vəya çirkin işlər, xeyir vəya şərr əməllər bu dünyada nə vaxtsa onun qarşısına çıxmaqla yanaşı bu əməllər məhşər günündə, axirətdə insanı necə qarşılayacaq, insana nələr deyəcək, o əməllərlə hansı istiqamətə, haraya doğru və nə qədər məsafə qət etməmizə yardımçı olacaq?
Açığı kənd məscidindəki kitab şkafı, oradakı dərgi və jurnallar mənə bu məqamları xatırlatdı. Bəlkə də deyə bilərsiz ki, bu baxış bucağı biraz mistik, yada sufi məşrəb üslubda verilmiş suala oxşayır. Ancaq mən məsələyə işin həqiqət tərəfi ilə baxmaq istəyirəm. İslam inancına görə də bir insanın hər bir əməli axirət aləmində onun lehində vəya əleyhində şahidlik edəcək.
İnsanın qələmə aldığı bir yazısı 3 il, 5 il yada 10 il sonra, bir sözlə dünyada yaşadığı müddətdə onun qarşısına çıxma ehtimalı olduğu kimi bəlkə də bundan milyon faiz artıq ehtimal sabah axirətdə bütün əməllərimizin bizi qarşılayacağı həqiqətidir.
Belə bir nəzərlə məsələyə baxsaq, əsas məsələnin lap elə yaxşı əməllərimiz belə olsa bizi nə vaxtsa bu dünyada qarşılaması deyil, məhz axirətdə qarşılaması, xoş bir rəftarla "mən sənin əsərinəm" deməsi olacaqdır. Yaxşı əməlin nə olması ilə əlaqədar elə əsl məhək daşı, əsl meyar da bu deyilmi? Əks halda sadəcə dünyada qalacaq, sabah axirətdə sənin, mənim və başqalarının əlindən tuta bilməyəcək, lehində şahidlik etməyəcək, riya, göstəriş və başqa bu kimi əngəllərə ilişib qalacaq əməllər həqiqətdə nə qədər yaxşı əməl ola bilərki?
Necip Fazıl Kısakürek təbiətin qoynunda ağacları təfəkkür edərək bu misraları söyləmişdi:
"Büyük randevu, bilsem nerede saat kaçta
Tabutumun tahtası, bilsem hangi ağaçta”
Necip Fazılın seyr etdiyi ağaclar ona ölüm həqiqətinin varlığını fısıldayır, bəlkədə hayqırırdı. Biz də geridə qoyduğumuz ömür dəftərinə baxaraq: "Hansı əməlim, hansı işim hansı söz və davranışım sabah axirətdə mənim lehimdə şahidlik edəcək, məni hansı formada qarşılayacaq" suallarına elə indidən cavab axtarmalıyıq. Həmçinin əleyhimizdə şahidlik edəcək əməllərdən də vaxt var ikən elə bu dünyada vaz keçməliyik.
Bütün bunlarla yanaşı unutmamalıyıq ki, verdiyimiz bir sədəqə, etdiyimiz bir yaxşılıq, hansısa gözəl bir əməl öz-özlüyündə və bir-başa axirətdə bizim üçün mükafata çevrilmir. Haşa buna nə bizim nədə əməllərimizin gücü yetər! Əvvəla hər bir əməl Cənab Allahın (c.c) hüzurunda dəyər və qiymət alır. Sonra o əməllər sahiblərinin hüzura çıxaraq lehində vəya əleyhində şahidlik edir. Bu minvalla biz əməllərinizə deyil, məhz Cənab Allaha (c.c) güvənməli, Ona (c.c) sığınmalı, Ona (c.c) pənah gətirməliyik.