NAZİM MUSTAFAYEV

Şkaf əhvalatı…

Şkaf əhvalatı…

NAZİM MUSTAFAYEV
Keçənlərdə internetdə şkaf axtarışına çıxmışdım. Müəyyən ehtiyacları qarşılayacaq, cibə də uyğun qiymətə bir şkaf lazım idi. Ekranda bir neçə səhifə açmış, qiymətləri, şkafların keyfiyyətini və s. müqayisə etdikdən sonra bir nömrəyə zəng etmək qərarına gəlmişdim. Telefonda danışandan sonra səhəri günü şkafa baxmaq, həmçinin şkafı almaq üçün vaxt müəyyənləşdirdik və şəhərdə deyilən həmin məkana getdik.

Anlaşdığımız qiyməti sahibinə verdikdən sonra şkafı yanımda köməyə gələn tanış oğlanla 7-ci mərtəbədən yavaş-yavaş aşağı endirməyə başladıq. Həmçinin liftə yerləşmədiyi üçün şkafı pilləkənlərlə endirməli idik… Həmin bu evdə uşaqlar diqqətimi çəkmişdi. Şkaf nəinki uşaqlar, hətta uşaqların valideynləri ilə eyni yaşda olardı. Sözün canı, şkaf köhnə olsa da sağlam, təmiz, görünüş olaraq da səliqəli idi... Buna görə də məhz bu şkafı almaq qərarına gəlmişdik.
Əslində bu yazının məğzi şkafı 7-ci mərtəbədən düşürərkən ağlımdan keçənlərdən ibarət idi. Qərara gəldim ki, həmin o ağlımdan keçənləri yazı halına gətirim və siz oxucularla bölüşüm…

Həmin an ağlımdan bu sual keçirdi: "Görəsən, biz bu şkafla bərabər evdəki o uşaqların, hətta valideynlərinin xatirələrini də özümüzlə aparmırıq?"
Bəlkə də şkafın üzərindəki bizim görə bilməyəcəyimiz incə və zərif çizgilər oradakı uşaqların zaman-zaman boylarını ölçən xətlər idi. Onlar hər ötən il bir az daha böyüdüklərini bu şkafdakı çizgilər də hiss edib anlayırdılar. Oradakı hər bir xətt uşaqların 6, 7, 8, ya da 9-cu yaşda olduqlarından xəbər verirdi. Bəlkə də evdəki uşaqların gizlənpaç oynayarkən gizləndikləri ən sağlam yerləri yenə məhz bu şkafın içi idi… Biz də heç fərqində olmadan onların bu xoş xatirələrlə dolu sevimli qutusunu bəsit bir şkaf niyyəti ilə alıb aparırdıq. Bəlkə də illər əvvəl bu evə cehiz gələn şkaf uzun illər sonra artıq onlar üçün bilinməz bir yerə doğru gedirdi. Bilmirəm, bəlkə də bu mənada biz uşaqların gözündə şkafla bərabər onların xoş xatirələrini də alıb aparan “qəddar əmilər” idik.

Əslində uşaqların çox sevdiyi bu şkafı yaşından asılı olmayaraq həyatda bu və ya digər bütün insanların sevdiyi, bağlandığı, özlərini həsr etdiyi və bir gün mütləq onları tərk edəcəyi dünyadakı maddi varlıqlara, fani dünya nemətlərinə bənzədə bilərik… Necə ki, uşaqlar bir şkafa, ya da hansısa oyuncağa bağlandıqları kimi yetişkin insanlar da həmin o oyuncaq misalı başqa şeylərə bağlanır, qəlbinin dərinliklərinə onlar üçün ayrılmaz bir yer ayırırlar. Ancaq günün birində bağlandıqları o fani dünya neməti onları tərk edəndə yerində dərin bir acı buraxır. Məsələyə bu aspektdən baxanda buradakı şkafı bir simvol və məcaz olaraq da anlamaq olar.

Düzdür, Cənab Allah (c.c) bizə bağlanma hissi, özünü nəyəsə həsr etmə duyğusu verib. Ancaq biz bu hiss və duyğunu aid olduğu yer və məqam üçün deyil, bir gün mütləq bizi tərk edəcək fani varlıqlar üçün istifadə edəndə, Cənab Allah (c.c) bunun cəzasını qəlbimizə, ruh dünyamıza ayrılıq acısını daddıraraq verir. Sanki, əlimizi atəşə toxunduranda yandırdığı kimi, insanlar da qəlblərini Allahdan (c.c) qeyrisinə bağlayanda ayrılıq acısı onları yandırır.

Sonunda ayrılıq acısı olmayan, ona nə qədər bağlansaq da bizi tərk etməyən, bizi yalnız buraxmayan yeganə varlıq şübhəsiz ki, Uca Yaradandır (c.c). Biz insanlar da kaş bu həqiqəti tam anlaya bilsək, həyatımızın mərkəzinə başqa sevgiləri, başqa amalları deyil məhz heç vaxt boş qayıtmayacağımız, biz tərk etmədikcə heç vaxt bizi tərk etməyəcək, yalnızlıq hiss etdirməyəcək o möhkəm "ipə", o möhkəm dayağa özümüzü yaslaya, bel bağlaya bilsək...

Sonda şkafın axırı necə oldu deyə soruşsaz, şkafı sağ-salamat aşağı endirdik, maşına qoyub apardıq... Ancaq bizmi şkafı harasa başqa yerə apardıq, yoxsa şkafmı bizi başqa məqamlara, gözəl yamaclara apardı buna da siz oxucular qərar verin. Sizcə hansı baş verdi?

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top