RAHİB ALPANLI

Günəş, torpaq, su və...

Günəş, torpaq, su və...

RAHİB ALPANLI
Bu yay havaların qeyri-adi dərəcədə isti keçməsi təkcə insanlara deyil, təbiətə də mənfi təsirini göstərməkdədir. Elm adamlarının iddialarına görə, bu anormal hava şəraitinə elə biz insanların pis əməlləri bais olub. Betərindən Allah qorusun, bu vəziyyətdən yalnız ibrət ala bilərik. Qalanı bizlik deyil.
Arx suyu bir yana, içməli suyun belə kifayət qədər və uyğun keyfiyyətdə olmadığı kəndimizdə bütün zəhmətsevər insanlar kimi mən də yazın əvvəllərində göylərə bel bağlayıb həyətyanı torpaq sahəmizdə bir sıra məhsullar əkib becərmək istədim. Elə ki günlərlə davam edən isti hava dalğası hökm sürdü, bitkilər uzun müddət heç nə yeməyib, gözləri bir tikə çörək həsrəti ilə dolub-daşan uşaqlar kimi boyun bükməyə başladılar. Həm onların məyus baxışları, həm də çəkilən zəhmətimiz naminə hər gün su çiləyən qab (leyka) ilə əkdiklərimizi sulamağa başladım. Bənizləri isti havadan pörtələnsə də, hələlik yaşamaq uğrunda mübarizə aparırlar.
***
Hərdən xəyal məni yaşadığım, kövrək xatirələrlə dolu keçmişə aparır. Düşünürəm ki, bu bitkilər üçün lazım olan günəş, torpaq var, su olmazsa, bu qədər qüdrətli iki amil bitkini qoruya bilmir. Həyatla ölüm arasında çabalayan bu bitkilərin halı mənə tələbəlik illərimi, anamın səsindən güc-qüvvət aldığım ötən əsrin 70-ci illərini xatırladır. Maddi kömək etmək imkanları olmayan valideynlərim suda boğulan adamın son ümidi kimi yana-yana dua edərdilər. Bəlkə də onların xeyir-dualarının bərəkəti idi ki, mən ali təhsil aldığım beş ili təqaüdümlə çox rahatca, heç kəsdən bir qəpik belə ummadan keçirdim.
Ata-ana xeyir duası Allah qatında rədd olunmayan üç dua – qonağın və məzlumun dualarının önündə gəlir. Vay o hala ki, onların bədduasına düçar olasan. İşlədiyimiz əksər günahların cəzasını axirətdə çəkəcəyimiz halda, valideynlərə qarşı işlədiyimiz günahların cəzasını bu dünyada da çəkirik. Ona görə də onların könlünü qırmamağa çalışmalıyıq. Uca kitabımız Qurani-Kərim “Əl-İsra surəsində buyurmuşdur:
23. Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!
24. Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: "Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!"– de.
***
O zamanlar Bakıda telefon danışıq məntəqələri vardı. Ayda iki-üç dəfə anamla danışmaq həyat norması idi mənim üçün. Kənddə evimiz poçt məntəqəsindən təxminən iki yüz metr aralı idi. Bir neçə dəqiqə artıq alırdım ki, yaşlı anam ora tələsmədən gəlib çatsın. Mən zəng edən kimi poçt işçiləri küçədəki uşaqlardan anamı çağırmağı xahiş edərdilər və bu səslərin hamısını eşidərdim, anam gəlib çatanacan poçt işçilərindən hal-əhval tutardım. Ətəyi əlində, təngnəfəs yetişən anam fərəh və kədər dolu həzin səsi ilə danışmağa başlayınca nəfəsini dərməyə imkan vermək üçün mən danışar, atamı, qohumlarımızı soruşardım. Sonra o başlardı danışmaqdan daha çox xeyir-dua yağdırmağa. Yatmağımdam tutmuş yeməyiməcən maraqlanardı, oxumağımdan söz salmazdı. Bilirdi ki, oxumaq mənim nəfəsimdir. Bəzən mənə az oxumağı da tövsiyə edərdi. Danışdıqca kövrəldiyi üçün zarafatlaşar, kəndin qızlarına diqqətlə baxmağı tapşırar, güclə güldürərdim, həyatında çox az güldüyünü gördüyüm, sinəsi dağlı,  gözləri dərya anamı. Qurban-sadağalarla bitirərdi danışığını. Onu kövrəlməyə qoymasam da, dəstəyi asan kimi özüm kövrələr, əlim çox az işlətdiym dəsmalımı çıxarardı cibimdən. Mən daha çox bu yaşlı insanlara nə isə olacağından qorxardım.

Ürək bişir köz üstündə,
Külü kölgə ocağımda.
Əcəl oyaq göz üstündə,
Ölüm yatır qucağımda...
***
Anamın səsi qalxan kimi qoruyardı məni. Tələbə yoldaşlarımdan bəziləri cavanlıq edər, yataqxanaya gec gələr, bəzən arzuolunmaz problemlərlə üzləşərdilər. Mən hər addımımda yaşlı anam və ondan da xeyli yaşlı atamın gözləri ilə baxardım dünyaya. Sanki mən onların deyil, onlar mənim körpəcə övladlarım idilər. Qorxurdum ki, mənim hər hansı yanlış hərəkətim onları kimsəsiz qoyar, mənsiz yaşaya bilməzlər. Bəzi nəvələrindən kiçik olsam da, onlar üçün dünya böyda ümid idim. Elə vaxtlar olmuşdur ki, haqqım belə tapdananda onların xatirinə pəs etmişəm, hər şeyi zamanın mühakiməsinə buraxmışam.
İlk maaşımı gətirib anama verəndə boynuma sarılıb məni o ki var öpdü, sonra da maaşımı öpüb gözləri üstünə qoydu, bu günü gördüyünə görə yorulanacan Allaha şükür etdi....
***
Bu gün, bu yaşımda da anamın xeyir-dua dolu səsini eşidirəm. Bir əsrlik ömrünün son anlarında da bizə xeyir-dua verməyi bacarmışdı qədirşünas anam. Ana səsi qədər mehriban, məlhəm bir səs, ata-anaya onların ürəyincə qulluq etməkdən böyük fürsət və xoşbəxtlik varmı bu dünyada görəsən? Qəlbində ata-ana sevgisi qərib olanlar həm bu dünya, həm də o biri dünyanın zavallı qəribləridir. Valideyn sevgisini ürəyində daşımaq onların zəhməti müqabilində çox cılız bir yükdür, bu sevgini onlara hiss etdirmək, onların canlarına-qanlarına hopdurmaq borcumuzdur. Axı onlar bizləri bu cür seviblər. Biz min il də yaşasaq onların haqqını ödəyə bilmərik. Heç olmazsa, laqeyd olmayaq, könüllərini qırmayaq, onlara təbəssüm göstərək, mələklər kimi qulluq edək.
***
Anamın dua dolu səsi mənim enerji, ümid mənbəyimdir. Bu səsi eşidəndə günüm daha xoş keçir, ən çətin işlərim də rəvan gedir. Bu səs zülmət gecədə məşəlim, səhrada doyunca içə biləcəyim suyumdur. Bu səs bu gün yaşadığım xoşbəxt həyatımın sabaha taybatay açılan pəncərəsidir. Bu səs gözlərimin dünyaya fərəhlə baxa bilmək haqqıdır. Bu səs ürəyimin sinəmdə arxayın döyünmək qazancıdır. Bu səs ruhi rahatlığım, normal sağlığım-səhhətimdir. Bu səs istənilən məqsəd üçün ayaqlarımın inamla irəliləməsi, əlimin dolu, süfrəmin bərəkətli, hörmətimin gözlədiyimdən artıq olmasıdır. Bu səs günəş, torpaq və sudan sonra varlığımın dördüncü, dua ünsürüdür.
Dünya ilahi təqdir ilə öz oxu ətrafında dövr etdiyi kimi, qismətin son nöqtəsi qoyulana qədər məni də bu səsin cazibəsi yaşadacaq.

Rahib Alpanlı (Sədullayev),
ADPU Quba filialının baş müəllimi,
qabaqcıl təhsil işçisi

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top