Sosial şəbəkələrdə işğaldan azad edilmiş kəndimizdən görüntülər yayımlanır. Adam baxdıqca dəhşətə gəlir. Ermənilərin bu vəhşiliyinə ad tapa bilmirsən. Evlər yerlə bir edilib, kəndimizin ortasından keçən dəmir yolu sökülüb və çınqılına qədər daşınıb aparılıb, asfalt yollarımızın yerində yarğanlar açılıb, ağaclar kəsilib, çəpərlər sökülüb, körpülərimiz dağıdılıb, qəbiristanlığımız şumlanıb, baş daşları oğurlanıb, qırılıb, elektrik dirəkləri yıxılıb, kəndin içindən keçən iki böyük kanalımız qurudulub... Yəni düşmən əlindən gələn nə qədər pislik varsa, hamısını ortaya qoyub. İnanın ki, kəndi ovcunun içi kimi tanıyan adamlar belə kimin yurd yerinin hara olduğunu tapmaqda çətinlik çəkər. Düşmənin bircə dağlarımıza gücü çatmayıb, bircə dağlarımız əvvəlki yerində olduğu kimi qalır və o dağları isnad tutub hər kəsin evinin yerini-yurdunu tapa bilərik. Uzun bir kəndimiz vardi Araz boyunda, bu başından o başına qədər bir saat addımlasan, ya çatasan, ya çatmayasan. Kürəyini dağlara söykəyib kəndimiz. Dağ deyəndə ağlınıza zirvəsi qarlı, sinəsi meşəli, ceyranlı-cüyürlü bir şey gəlməsin. Əslində kəndimizdə o dağlara dağ demirlər, irəmə deyirlər və payızdan yaza qədər bizim iş-peşəmiz o irəmələrdə qoyun-quzu otarmaq olardi. Bomboz, kündə-kündə təpələrdir, şipşirin, yupyumşaq. On dəqiqəyə ayağından başına çıxa bilirdik. 70-80-ci illərdə kolxoz o təpələrin üstündə çox yeri düzləyib taxıl əkirdi, bir hissəsi də camaatın heyvanları üçün ayrılmışdı. O irəmələrdə yaxşı yovşan bitir və şaxta o yovşanı qovurub acısını alandan sonra qoyun-quzu xırtaxırtla yeyir. Biz tərəfin yovşanının çox qəşəng iyi olur. Mart ayında çobanlar qoyun-quzunu yığıb uzaq rayonlara aparandan sonra bizim irəmədə yovşan boy verib yüksəlir, yayda diz boyu olur. Yovşanla bağlı uşaq vaxtı qohumumuz İsrafil babadan eşitdiyim bir söhbəti sizlərlə paylaşım. İsrafil baba danışırdı ki, cavan vaxtı möhkəm xəstələnir, o vaxtlar həkim nə gəzirdi kənddə? Təxminən yüz il, bəlkə bir az da əvvəldən danışıram sizlərə. Bir qədər sonra İsrafil kişi öskürəndə ağzından qan gəlir və başı çıxanlar deyirlər ki, yazıq vərəmləyib. Vərəm də ən çox soyuqdan əmələ gəlir və başqalarına da yoluxur. Ona görə də hamı ondan uzaq durur, evdə də qabını-qaşığını ayırıb bir kənara qoyurlar. Həkim yox, dava-dərman yox, dünyagörmüş bir qarı İsrafil babaya deyir ki, ay bala, Allahdan ümid kəsilməz, sən get o irəməyə, təzə yovşanlardan yığ, nə qədər yeyə bilirsən ye. İsrafil baba da irəməyə gedir, yay günü zəhər kimi yovşanı yolub yeyir. Kişi danışırdı ki, yovşan demə, zəhər de, zəhər, çox vaxt uda bilmir, ağzımdan qaytarırdım, amma əl çəkmirdim, zorla yeyirdim, yeyə bilməyəndə çeynəyib suyunu içirdim, dilim-dodağım keyiyir, qarnım od tutub yanırdı. Günlər, həftələr boyunca o zəhər kimi yovşanı yedim, xeyrini də gördüm, öskürəyim də kəsdi, xəstəliyim də keçdi. İsrafil baba dünyasını dəyişəndə yaşı doxsana yaxın olardı. Yaz aylarında təzətər yovşanın dadına mən də az baxmamışam və nə qədər tünd, keyidici olduğunu da yaxşı bilirəm, elə bil adamın dili-dodağı şişir. Yaz vaxtı həmişə qoyun qığının arası qurd süfrəsi ilə dolu olar. Onda bildim ki, yovşan həm də qurd tökür, heyvanın bağırsaqlarını təmizləyir. Amma dadı nə qədər acı olsa da iyi çox gözəldir və adama bir qədər də toxluq hissi verir. Hər dəfə mal, qoyun nobatından gələndə yamyaşıl yovşanları dəstə ilə bağlayıb evə gətirər, yatağımın yanına qoyardım. Neyləyim, tərəkəmə uşağıyam və xoşladığım qoxunun da bir tərəfi mütləq mala, heyvana bağlı olmalıdır. Bizim Mərcanlı camaatı deyir ki, Allah-Taala bizə ruzini qoyunun dırnağında göndərib, yəni qoyunun dalınca gedən çörəksiz qalmaz. Mal, heyvan iyi ilə bağlı yadıma bir söhbət düşdü: Demək, biz tərəflər qaçqın düşəndə bir kişinin sürüləri dağılıb qalır o dağlarda və kişi ailəsini daşıyıb Bakıya gətirir. Əlində olan-qalanını toplayır, "Xruşşovka" beşmərtəbənin sonuncu mərtəbəsində bir otaqlı, bir balkonlu mənzil alır. Arvad-uşağı evə doldurur və əlində qalan üç-beş manata da bir qoyun alır və gətirib qoyur balkona. Evdəkilər hirslənirlər, deyirlər ki, o boyda sürüdən nə xeyir gördün ki, bu arıq qoyundan da nə görəsən? Kişi də deyir ki, mənə o qoyunun heç bir xeyiri gərək deyil, ürəyim qubarlananda onu iyləyib toxdayacam, yoxsa mən o iysiz yaşaya bilmərəm. Bu söhbəti eşitdiyim iyirmi ildən artıqdır və hər yadıma düşəndə də ağlıma belə bir fikir gəlir ki, itirdiklərini bir iylə xatırlamaq təsəllinin ən solğun yeridir. Amma həqiqətən də hansısa qoxu adama heç əlaqəsi olmayan qəribə şeyləri xatırladır, amma o qoyunun belindən gələn sadır iyinin o yal-yamacı xatırlatmasından daha təbii bir şey düşünə bilmədim.
Adam yaşlananda çənəsi boşalar deyiblər. Mən də heç özümə zəhmət verib çənəmi tutmadım, yazıya başlayanda yadıma nə gəldisə yazıya töküb sizlərlə paylaşdım. Bütün bu yazdıqlarım uzun bir ayrılığın o üzündə qalan yaşantılardır. İndi o yerlərdə bircə o irəmələrimiz olduğu kimi durur, qalan hər şey yıxılıb, dağılıb, viran qalıb, artıq 28-ci ildir ki, o yerləri tərk eləmişik və bu müddətdə ölənlər ölüb, qalanlar da mövsümü sovuşmuş bağlar kimi xəzan çağlarını yaşayır və o yerlərə qayıtmaq üçün gün sayır.
Gözümün qabağından heç getmir, axşama yaxınlaşanda sürü kəndə tərəf yol alırdı və mən bir müddət irəmədə oturub kəndimizə baxırdım. Hər tərəfi yamyaşıl olardı kəndimizin. Bizim camaatımız haradan öyrənmişdisə həyətin kənarları boyunca qovaq ağacı əkirdi. Bəzi rayonlarda bu ağaca qələmə də deyirlər və iyirmi metrə qədər göyə bülənd olur. Mən irəmədə oturub öz qovaqlarımızı axtarırdım və o boyda basırıqda tapırdım da. İndi o ağacların kötükləri də çürüyüb yəqin ki. İllərdir ki, heyvan dırnağı dəymədiyindən indi o irəmələrdə yaxşı ot-ələf olar.Canavar, çaqqal, tülkü, dovşan dolaşır yəqin indi o yerlərdə. Bizim qəbiristanımız da o dağların arasında, axarlı-baxarlı bir yerdəydi, adına da Saz deyirdilər. Saz deyəndə hamının ağlına aşıq gəlir, dastan, musiqi gəlir, amma mən son illərdə bu qərara gəlmişəm ki, qəbiristanımızın adının musiqi aləti ilə əlaqəsi yoxdur, sulu, bataqlıq, qarğı-qamış bitən yer deməkdir. Mən uşaq olanda, təxminən əlli il əvvəl kəndimizdə pencəyə də sırtov deyirdilər, yəni çiyinlik. Belə qədim və canında bir tarix, milli kimlik daşıyan sözlər işlənirdi kəndimizin dilində.
Kündə-kündə, yumşaq desən yumşaq, şırın desən şirin, balaca-balaca dağlarımız vardı və o kiçik, şirin dağların qoynunda camaatımızın dolanışıq qaynağı olan heyvanlarımız otlayırdı, ölülərimizi basdırırdıq. Bir də bir Söyüdlü bulağı vardı o irəmənin, o dağların arasında, indi də axır.
Gedəcəyik inşallah, hər şeyi yenidən, həm də ən gözəl şəkildə inşa edəcəyik. Bir də görürsən ki, məcburi köçkünlər arasında rəy sorğusu keçirirlər ki, doğma yurda qayıdacaqsan, yoxsa yox... Bu cür sorğunun keşirilməsi belə mənə görə son dərəcə absurd, zərərli haldır. Necə yəni getməyəcək? Nəinki məcburi köçkün, başqaları da gedəcək, ev-eşik tikəcək, ata yurduna sahib çıxacaq.
Mən hələ də 2020-ci ilin sevincini, o möhtəşəm qələbəmizin qürurunu yaşayıram, 2020 mənim üçün bitməyib və heç bitməyəcək də. Əhvalım o qədər yaxşıdır ki, suyun qiymətinin yüz faiz bahalaşması, özünə yarım milyard manata ofis tikdirən Azərsu Cəmiyyətinin yetkilisi Anar Cəbrayıllının, Tarif Şurasının katibi Ceyhun Nəcəfovun məntiqsiz, boş söz yığınından ibarət açıqlamaları da kefimi pozmağa yetmədi. Anar Cəbrayıllı burda onun-bunun əməllərinə don geyindirməyə çalışsın, mən də gedib şəhid qanı ilə alınmış Cəbrayılımızın o gözəl bulaqlarından, kəhrizlərindən nurüzlü şəhidlərimizin ehsanı kimi içəcəm, o aslan, əlləri öpülməyə layiq balalarımızın ruhlarına dua edəcəm. Gedirik inşallah. Allah yolumuzu açıq, işimizi avand eləsin!