ƏLİ ÇƏRKƏZOĞLU

Anlamağın məsuliyyəti

Anlamağın məsuliyyəti

ƏLİ ÇƏRKƏZOĞLU

Soyuq qış günü idi. Hava qaralmışdı və bayırda çövğun vardı. Sovurduğu qarı evlərin divarına, pəncərələrə çırpan külək qurd ulartısı kimi vahiməli səs çıxarırdı. Küçədə kimsə gözə dəymirdi. Sahibsiz itlər belə hansısa dəlmə-deşiyə soxularaq gözdən itmişdilər. Belə hava haqqında deyərlər ki, babanın yeri cənnətdir, dəmxanası gor olsa da. Yəni belə havada çöldə olmaqdansa gorda olmaq yaxşıdır.
Əhmədiyyə baba pəncərənin ağzında oturub küləyin at oynatdığı küçəyə baxa-baxa dərin fikrə getmişdi. Birdən küçədən gələn səs diqqətini çəkdi:
- Süd var, süd, təzə süüüd!..
Adam elə bil müştəri çağırmırdı, elə bağırırdı ki, sanki ətini kəsirdilər. Adam getdikcə Əhmədiyyə babanın evinə yaxınlaşır, səsi da yüksəlirdi. Əlində iki iri qab vardı, gəlib küçənin bu başına çatıb bir qədər dayandı, müştəri gəlmədiyini görüb çığıra-çığıra gəldiyi yolu geri addımlamağa başladı. Əhmədiyyə baba xanımını çağırıb dedi:
- Uşaqlardan birini göndər, o kişinin nə qədər südü varsa hamısını alsın.
Gülnisə xanım təəccüb elədi:
- Bıyy, a kişi, bu şər vədəsində o boyda süd bizim nəyimizə lazımdır ki?..
- Arvad, bişirərsən uşaqlar içər, qatıq çalarsan, pendir tutarsan, nə bilim, nəsə eləyərsən, qonşuya verərsən...
Arvad eləcə durub qalmışdı, "uşaqlar süd içmirlər, pendirimiz, qatığımız da var" demək istəsə də, sözü boğazından qaytardı. Əhmədiyyə baba da xanımının tərəddüd etdiyini görüb onu bir az da yaxına çağırdı və dedi:
- Bura bax xanım, baxırsan küçədə bir inni-cinni yoxdur? Çölə çıxılası hava deyil ki... Belə havada ancaq Allahına  güvənən birisi əlinə iki bidon süd alıb küçəyə çıxar. Yoxsa hamı bilir ki, kimsə bu şər vədəsində, bu çovğunda süd dərdinə düşməz. Qorxuram ki, bu adam südü sata bilməyə və Allaha güvəni sarsıla. Mən Allahdan həya edirəm və o adamı küçədə o halda buraxa bilmərəm. Yubanma, uşağı göndər.
Gülnisə nənə elə bil yuxudan ayıldı, böyük nəvəsini çağıra-çağıra otaqdan çıxdı:
- Vaqif, Vaqif, tez bura gəl...
Danışdığımız bu hadisə, bu söhbət hərəyə bir cür gələ bilər. Kimi nəsə götürər, kimi də "boş ver" deyə əlini yelləyər. İnsan anladığı qədərdir, anladığından məsuldur. Bilmək var, bildiyinin mahiyyətini anlamaq var, mahiyyətini anladığı həqiqəti həyatına daşımaq, həqiqəti yaşamaq var. Mirzə Cəlil "anlamaq dərdi" deyirdi. Anladınmı, dərd yaxanı buraxmayacaq. Hətta cahillər atalar sözü adı ilə belə bir səfsəfə də uydurublar: "El dərdi çəkib dəli olmaqdansa, dəli ol, el sənin dərdini çəksin". Nə deyəsən bu zehniyyətə, bu anlayışa...
Adam var yaşı səksəni keçıb, amma hələ də düşündüyünü dilinə gətirməkdən qorxur. Həyat onun üçün teatr səhnəsi kimidir, bütün ömrünü rol kimi oynayıb; doğru-düzgün, ürəyinin istədiyi kimi yaşadığı bir günü belə yoxdur. Məhərrəm ayı içindəyik, bu aya qızıl qanı ilə adını yazan İmam Hüseyn haqq üçün canından da, övladlarının canından da keçərək vazkeçilməz oldu. Özünü vazkeçilməz görənlər vazkeçilənlərdir. Özünü vazkeçilməz görənlərin məmləkəti qəsb olunar, insanları yurd-yuvasından didərgin salınar. Özünü vazkeçilməz görmək dəyərsiz hala gəlməkdir. Məzarlıqlar o cür vazkeçilməzlərlə doludur. Özünü İmam Hüseyn yolunun yolçusu elan edib, Yezidə biət edənlər saymaqla qurtarmaz. Gözlərinin qarşısında bir haqlını dara çəkirlər, sən də zülmü alqışlayır, ən yaxşı halda üzünü çevirib gedirsən, sonra da haqdan-nahaqdan danışırsan. Hüseyni olmaq - iradəsini haqqın tərəfi olaraq ortaya qoymaqdır. Hüseyni olmaq - ədalətin bərqərar olması üçün canını fəda etməkdir. Hüseyni olmaq - zülmün qarşısında sinəsini sipər etməkdir. Dostun olsun-olmasın, bir məzlumun tərəfini tutacaq qədər qətiyyətin yoxsa, Hüseyni olduğunu dilə gətirmə. O dəstənin, bu dəstənin adamı olma, Allahın bəndəsi ol. Hesabını ancaq Allaha verəcəksən, Onu düşün. Əməlin əməl, həyatın doğru-düzgün deyilsə, qıldığın namaza, tutduğun oruca güvənmə. Quran "vay o namaz qılanların halına ki..." buyurur. Çox zaman özümü o "vay" qorxusunun altında görürəm.
Bu yazdıqlarımı əslində özümə yazıram, öz nəfsimə ünvanlayıram. Hansı zülmün qarşısında dayanmışam, hansı haqlının yanında dayanıb gücünə güc qatmışam? Cavab verməyə çətinlik çəkirəm. Görməyinə görürsən, anlamağına anlayırsan, amma görüb anladığını həyatına rəhbər edə bilirsənmi? Əsas məsələ budur. Yoxsa yetim-yesirin malının qəsb olunduğu, "zənginə olar, kasıba olmaz" prinsipinin hər yerdə işə keçdiyi, millətin kəfən pulunun oğurlandığı, Allahın verdiyi neftin, qazın pulunu dədəsinin mirası kimi sovuranların at oynatdığı məmləkətində yaxasından yapışmağa bir zalım, önündə durmağa zülmmü yoxdur? Bunu bacarmadın, heç olmasa Allaha güvənərək bir qış çovğununda küçənizi o baş-bu baş addımlayan adamın satdığı südü ehtiyacın olmasa belə alıb kiməsə pay verə bildinmi?
Düşün, bir də düşün, anladınsa, demək boynuna vəzifə düşür. Bundan sonrasını özün seç. Seçdiyin də öz aqibətin, öz taleyin, öz qədərindir. Bu qədər...

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top