NAZİM MUSTAFAYEV

Sərt yoxuş...

Sərt yoxuş...

NAZİM MUSTAFAYEV
Yazının başlığında istifadə etdiyim bu ifadə həm də onlarla yol nişanından birinin adıdır. “Sərt yoxuş” nişanı yolun dağa, təpəyə, ümumiyyətlə, getdikcə yuxarı qalxan hissəsindən əvvəl qoyulur. Təhlükəli bir yoxuşun olması barədə sürücüləri əvvəlcədən xəbərdar edir. Bu nişan üzərindəki “12%”, “15%” kimi rəqəmlər yoxuşun sərtlik dərəcəsini göstərir. Yəni 100 metr qabağa gedərkən 12 və ya 15 metr hündürə qalxmış olacaqsan. “Sərt yoxuş” və digər yol nişanlarını bilmək və bunlara əməl etmək bizi qəzalardan qoruyan amillərdir.
Maşınlar təpəni qalxarkən bəzən “qaynadır”, yükü çox olduğuna görə təpəni çıxa bilmir, çətinlik çəkir. Daha çox güc sərf etmələri lazım olur. Bir sözlə, sərt yoxuşları çıxmaq elə də asan deyil. “Sərt yoxuş” yalnız yol nişanının adı deyil. Bu ifadə həmçinin Bələd surəsində xəbər verilən insanla cənnət arasındakı bir təpə, ya da yoxuşun adıdır. Bu yoxuş insanla cənnət arasındakı bir əngəldir. Bu əngəl dünyada ikən aşılır.
Quranda Məkkə müşriklərinin Peyğəmbərə düşmənlik yolunda pul xərcləmələri ilə öyünərək belə dedikləri xəbər verilir: “Mən xeyli mal-dövlət sərf etmişəm!”. Buna cavab mahiyyətində ayədə belə deyilir: “Lakin o, sərt yoxuşu keçə bilmədi” (Bələd, 90/6-11). Ayədə bir mənada: “Malınızı Həzrət Peyğəmbərə (s.ə.s.) düşmənlik yolunda deyil, sərt yoxuşu aşmaq üçün xərcləyin” deyilir. Görəsən insanlarla cənnət arasındakı “sərt yoxuş” nədən ibarətdir? Mahiyyəti nədir? Bu sərt yoxuşu aşmaq üçün insanlar nə etməlidirlər?
“Sərt yoxuş”un nə olduğu ayədə belə açıqlanır: O, bir kölə azad etməkdir. Yaxud aclıq zamanı qohumluq əlaqəsi çatan bir yetimə və ya taqətsizlikdən torpağa sərilmiş bir miskinə yemək verməkdir. Sonra da iman gətirən və bir-birinə səbr tövsiyə edən, mərhəmət tövsiyə edən kimsələrdən olmaqdır! (Bələd, 90/13-17)
Ayələrdən görürük ki, burada bir məcaz və metaforadan istifadə edilib. Nəfsə ağır gəlsə də işlənən gözəl əməllər, bu istiqamətdə mal xərcləmə aşılması çətin olan dağ və təpəyə, “sərt yoxuşa” bənzədilib. İmanın qorunması, imanın meyvəsi olan saleh əməllərin işlənməsi bir möminin aşmalı olduğu “sərt yoxuş”dur.
Ayədə həm də xəbərdarlıq var. Yəni o şəxslər nə üçün mallarını kölələri azad etmək, acları doyurmaq üçün xərcləmədilər? Belə etsəydilər, “sərt yoxuşu” aşacaqdılar. Halbuki, onlar mallarını Həzrət Muhammədə (s.ə.s) düşmənlik yolunda deyil, Ona (s.ə.s) dəstək kimi xərcləsəydilər, ayədə bəhs edilən "sərt yoxuş"u aşa bilərdilər.
Bu ayənin nazil olduğu Məkkə dövründə Allah yolunda aşılması gərəkən “sərt yoxuş” kölə azad etmək idi. Buna ehtiyac var idi. Boyunduruq altında işlədilən, kölə mövqeyində olan Həzrət Bilal, Ammar ibn Yasir, Habbab ibn Ərət və s. kimi müsəlmanlara işkəncə və əziyyətlər verilirdi. Həm də zəngin bir tacir olan Həzrət Əbu Bəkr bu əziyyəti çəkən, işkəncə görən kölə mövqeyindəki müsəlmanları sahiblərinə böyük miqdarda pullar verərək azadlığa qovuşdururdu. Bununla da ayədə xəbər verilən o “sərt yoxuş”u aşmağa çalışırdı.
İnsan ağır yükləri kürəyindəki zənbilə dolduraraq bir dağa, təpəyə, ya da sərt yoxuşa çıxa bilməz. Gərək yük yüngül olsun ki, dağa, təpəyə çıxmaq asanlaşsın. Ayədə də çox gözəl bir məcazdan istifadə edilib. Paylaşmaq, yardım etmək, kölə azad etmək, yetimə, kasıba əl tutmaq, onları yedirmək, doyurmaq insana mənəvi rahatlıq, yüngüllük verir. Yüngül və rahat insan da sərt yoxuşu, təpəni daha rahat çıxır.
Bu o qədər də asan iş deyil. Hətta hər şəxsin edəcəyi iş də deyil. Hətta hər kəsə nəsib olacaq iş də… Yuxarıda sadalanan insanlara əl tutmağa, yardım etməyə bu səbəblə “sərt yoxuş” (aqəbə) adı verilmişdir. “Sərt yoxuş”u aşa bilməyənlər dolayısı ilə həm də nəfs əngəlini aşa bilməyənlərdir. Bir mənada “sərt yoxuş” məhz nəfsdir, insanın özü ilə mübarizəsidir.
Burada bir həqiqət də ortaya çıxır. Deməli, uca dinimiz İslamda bir insan cənnətə daxil olarkən arxasında, qan, terror, viranə evlər, viranə şəhərlər buraxmır. Xeyirxah əməlinə görə fəth edilmiş könüllər, təbəssüm edən simalar buraxır.
Bu ayələr İslam dünyasında tətbiq edilsə, unitazları qızıldan olan saraylar tikilməz, sərvət, mal-mülk boş yerə xərclənməzdi. Minlərlə, milyonlarla insan xəstəliklərin, yoxsulluğun, cəhalət və savadsızlığın, borc altında inləmənin gətirdiyi boyunduruq altına girməzdi. Həmçinin bir şəxsin köləlikdən qurtulmasına səbəb olmaq böyük bir fəzilət olduğuna görə bir qövmü, bir cəmiyyət və xalqı boyunduruq altından qurtarmaq, onları həm zehni, həm fiziki, həm də maddi olaraq boyunduruq altından xilas etmək nə qədər böyük fəzilətdir.
Kimsə deyə bilər ki, mən də bu təpəni aşmaq istəyirəm. Ancaq yetimi, kasıbı, kimsəsizi hardan tapım?! Deyərdim ki, günümüzdə bunun asan yolu yardım dərnəklərinə getməkdir. Orada qeydiyyatdan keçən, ya da xəbər saytlarında yer alan əsl ehtiyac sahibi insanları tapmaq, onlara əl tutmaq, yaralarını sarımaqdır.
Həmçinin ağıla gələ bilər ki, axı köləlik anlayışı indi yoxdur. Yüz illər əvvəl tarixə qarışıb. Düzdür, bəlkə də günümüzdə köləlik ad olaraq qalmayıb. Ancaq mahiyyətcə hələ də davam etdiyini demək olar. İşlədiyi yerdən asılı olmayaraq işçilərinə yuxarıdan aşağı baxmaq, onları ikinci sinif insan kimi görmək, bir qarın çörəklik maaşla işləməyə məcbur etmək, insanların alın təri ilə qazandığı haqlarını onlara minnət qoyaraq vermək, bunların hamısı köləlik anlayışının, köləlik zehniyyətin günümüzdəki davamıdır.
Bu dövrdə sənəd üzərində kölə qalmasa da, evdən çölə çıxa bilməyən, sanki evə həbs olmuş əlil insanlar var. Bu cür yoxsul və əlil insanlara həyatını asanlaşdıran vasitələr, əlil arabaları hədiyyə etmək, bir mənada onları azadlığa qovuşdurmaqdır.
Quranda kölə azad etməkdən (fəkku-raqabə), bir insanın boyunduruğunu çözməkdən bəhs edilirsə, deməli, bu anlayış, bu təfəkkür, aşılması lazım olan bir “sərt yoxuş” kimi mahiyyətcə hər dövrdə qarşımıza çıxa bilər. Təbii ki, bu da insanlığın, xüsusilə şərq aləminin həll etməsi, aşması lazım olan bir “sərt yoxuş”dur.
https://www.youtube.com/watch?v=9JPEH1bonJU&feature=youtu.be&fbclid=IwAR0BhSe2RKc37oT3F87MfeyqOq_CXEObsB7IpqduToXgy8KrsqI1xfBGf_E

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top