ƏLİ ÇƏRKƏZOĞLU

O gecə mən xalq gördüm

O gecə mən xalq gördüm

ƏLİ ÇƏRKƏZOĞLU
Bizi qan birləşdirir. Tovuzun Ağdam kəndinə planlanmış erməni hücumunun qarşısını alarkən şəhid olan generalımızın yanğısı bu vətəni, bu milləti sevən hər kəsin ürəyini yandırdı, xalq yumruq kimi birləşdi və insan seli küçələri doldurdu. Bu elə bir axın idi ki, kimsə qarşısını ala bilməzdi və buna cəhd də olmadı. Üzərinə tabu qoyulmuş “Azadlıq” meydanı bir anda dolub daşdı, sonra insan seli Prezident Aparatının, oradan da Milli Məclisin qarşısına gəldi. Qaragüruh deyildi, xalq idi, 1988-ci ildəki, 90-cı ildəki xalq. Şüarlar da həminkiydi, ünvan da, düşmən də. Bu mənzərə 20 yanvar şəhidlərinin dəfnini bir daha gözlər önünə gətirdi. O gecə oradakılar hamısı doğma idilər, hamısı da hazır əsgər idilər. Hamı da elə bil ki, qardaşını, sevimli komandanını itirmişdi. Savaşda general itirmək ağır dərddir, özü də Polad kimi general. Əsgərini övladı kimi sevən komandirin ölümü bir ölkəni yasa boğmuşdu. Hamı Poladın qardaşıydı və hamı da içindəki yanğını “Qarabağ” qışqıra-qışqıra kiritmək, özünü təskin etmək istəyirdi. Milli Məclisin qarşısındakı meydanda toplanmışdılar, hamı tərtəmiz idi, orda məkr yox idi, hiylə yox idi, kimsə kimsənin adamı deyildi, hamı bu xalqın sıradan bir fərdi, əsgəri idi. Hamını da ora qeyrət gətirmişdi, hamı dövlətinin, rəhbərinin yanında olduğunu var səsi ilə bağırırdı. Orda qaragüruh yox idi, tərtəmiz xalq vardı. Hamı sərkərdəsi ölmüş əsgər kimi idi, hamı komandanının yanğısını yaşayırdı o gecə o meydanda. Ora hamı xalq kimi gəlmişdi, bütöv idi, bir idi, yumruq kimi idi. Hamı o çoxluqdan qürur duyurdu, hamı bir-birinin arxası, dayağı idi. 20 yanvar şəhidlərini çiyinlərdə daşıyan insan selində görmüşdüm, yaşamışdım o doğmalığı. Əli silahlı imperiya əsgərləri o selin qarşısında aciz qaldıqlarını qəbul edib bir kənara çəkilmişdilər. O gün o şəhidləri daşıyan seldə yüzminlər yox, milyonlar vardı və hər kəs də yanında addımlayan, amma adını bilmədiyi qardaşı üçün özünü güllənin qarşısına atardı. Bizi qan birləşdirir, dərd bir-birimızə bağlayır. 20 yanvar ovqatı çox nadir, bəlkə yüz ildə bir yaşanır, amma yenicə yola saldığımız 14-dən 15-ə keçən gecədən də o doğmalıq, o səmimiyyətin iyi gəlirdi. Əksəriyyəti 20-30 yaşlarında olan o gənclərin siyasətlə, o tərəf-bu tərəflə heç bir işi yoxdu, çünki meydanda hər zaman xalq olur, mənfəət güdənlər kənarda güdükdə olurlar. O gecə orada ancaq yaxşı şeylər xatırlanırdı, millətin qanını içən məmurlar, əlinə keçmiş səlahiyyəti mənfəəti üçün istifadə edənlər, bu xalqın sərvətini xaricə daşıyıb cah-cəlal quranlar yada düşmürdülər, çünki onlar xalq deyillər və bu cür meydanlarda onlara yer yoxdur.  Saatlar keçdikcə əsəblər gərilirdi və Milli Məclis kimi xalq iradəsinin hakim olmalı olduğu bir ünvandan umduğunu görə bilməyən gənclərin düşüncələri bulanmağa başlayırdı. Halbuki ora böyük ümidlərlə gəlmişdilər. Məcrasını tapmayan sel ətrafa zərər verdiyi kimi, doğru istiqamətə yönəlməyən xalq kütləsi də fərqli səmtlərə üz tutmağa başladı və heç arzu edilməyən görüntülər meydana çıxdı. Bir dəstə dəliqanlı Milli Məclisin binasına girərək inventara zərər verdilər, polis maşınını devirdilər. Kaş ki, olmayaydı, amma oldu. Növbəti gün telefonuna gələn mesajları oxuyan millət vəkilləri kaş ki, o gecə özlərində cürət tapıb o gənclərin qarşısına çıxaydılar, onları doğru istiqamətləndirəydilər  və xoşagəlməz mənzərələrin ortaya çıxmasına imkan verməyəydilər.
Əsəbinə, qəzəbinə yenik düşən o gənclər indi həbsdədirlər. Qismətə bax ki, vətən deyib, millət deyib, Qarabağ deyib, şəhid edilmiş generalımızın və yüksək rütbəli zabitlərimizin yanğısı ilə evdən çıxasan və əsəbin, qəzəbin keçəndə özünü həbsdə görəsən. Kim nə deyir-desin, mənim üçün o yürüş siyasətdən çox-çox uzaq, xalq iradəsinin ifadəsi idi və o yürüş bu xalqı öz gücünə inandırdı. Xalqın içində sıxılmış əsəbin, qəzəbin partlayışı, vulkan püskürməsi kimi meydana çıxan o yürüş gəncliyimizin vətənpərvər ruhda yetişdiyini göstərdi və məni inandırdı ki, ilk fürsətdə  biz Allahın lütfü və inayəti ilə itirdiklərimizə qovuşacaq, düşməndən intiqamımızı alacağıq.
Hər kəs o yürüşdən özü üçün nəticə çıxarmalıdır, həbs olunmuş o gənclər isə şəhid generalımızın və zabitlərimizin ruhlarına hörmət olaraq əfv olunmalıdırlar. Çox xahiş edirəm ki, kimsə o yürüşə başqa adlar qoşmasın, Anadoluda deyildiyi kimi, öküz altında buzov axtarmasın. Xalqın o saf, səmimi duyğularına hörmət edin. O gücü zatən hər kəs gördü və kimsə özünü o gücün hədəfinə qoymasın. Biz bizi birləşdirən dəyərlərə sarılmalı, aramıza nifaq salan hər şeydən uzaq durmalıyıq. Bu gün bizi birləşdirən əsas dəyər düşmənlə üz-üzə dayanan əsgər balalarımızdır, şəhid olan generalımız və yüksək rütbəli zabitlərimizdir, qarşılıqlı sevgimiz, düşmənə qəzəbimiz, bu vətənə, bu torpağa bağlılığımızdır. Bu dəyərlərə hər kəs hörmət eləsin və şəhidlərimizin tökülən qanları xatirinə həbsdəki o gəncləri də buraxın getsinlər evlərinə.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top