ÜRFAN MƏMMƏDLİ

KİVDF KİV-ə dəstək olacaqmı?

KİVDF KİV-ə dəstək olacaqmı?

ÜRFAN MƏMMƏDLİ
Ölkəmizdə 2009-cu ildən fəaliyyət göstərən Kütləvi  İnformasiya Vasitələrinin İnkişafına  Dövlət Dəstəyi  Fondunun (KİVDF) məqsədi kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin artırılmasına, jurnalistikanın keyfiyyətcə yeni texnoloji səviyyəyə yüksəlməsinə, jurnalist peşəkarlığının və məsuliyyətinin artmasına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə və müstəqil mətbuatın inkişafına dəstək olmaqdır.
Arxada qalan 11 ildə KİVDF məqsədinə nail olubmu?  Təəssüflə qeyd etməliyəm ki, bu müddətdə inkişaf etmək bir yana dursun, KİV heç əvvəlki mövqeyini də qoruya bilmədi, hətta onun bu gün ölüm döşəyində olduğunu da iddia etmək olar.
İndiyədək dövlət KİV-ə dəstək olmaq məqsədi ilə təxminən 30 milyon manat ayırıb. Bu kiçik rəqəm deyi. KİV-in bugünkü vəziyyətinə baxanda əminliklə demək olar ki, həmin 30 milyon manat havaya sovrulub. (Bəlkə də, xüsusi ciblərə axıb demək daha doğru olardı).
Dövlət vəsaitini xərclənmə səlahiyyəti verilmiş kadr vicdanlı deyilsə, onda talanın qarşısını almaq, demək olar ki, mümkünsüz olur. Amma talanı miqyasını aşağı salmaq mümkündür. Bunun üçün iş elə qurulmalır ki, vəsaiti mənimsəmə imkanları minimuma endirilsin.
KİVDF-nin Müşahidə Şurasının 23.06.2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Maliyyələşdirmə qaydaları” mənimsəmə üçün münbit şərait yaradan bir sənəddir.  Həmin sənəddə dövlətin dəstəyindən yararlanmaq üçün KİVDF-nin elan etdiyi müsabiqəyə qoşulmaq şərt kimi irəli sürülür. Bu o deməkdir ki, KİVDF-nin çaldığına oynamayan KİV dövlət dəstəyindən əlini üzməlidir. Mənim fikrimcə, bu şərt bir növ senzura deməkdir. Yəni mənim istədiyimi yazmalısan.
Müsabiqə şətrlərindən biri belədir: Son üç ildə müntəzəm nəşr olunan, dövriliyi həftədə bir dəfədən, tirajı 2500 nüsxədən və yayımı (abunə və satışı) 1000-dən az olmayan qəzetlər müsabiqədə iştirak edə bilər.
Buradakı 3 illik müntəzəm çap olunma və yayımın 1000-dən az olmaması şərtini başa düşmək olar. Bəs tiraj niyə 2500-dən az olmamalıdır? Əgər hər hansı bir qəzet 1000 ədəd satırsa, niyə çap xərcini 2,5 dəfə artıraraq 2500 ədəd çap olunmalıdır? Ümumiyyətlə, minimum yayım şərti varsa, tiraj şərti niyə qoyulmalıdır? Bu, qəzet sahibi ilə bazarlaşmaq üçün düşünülmüş süni maneə deyilmi?
Yayımın minimal həddinin müəyyənləşdirmək doğru addım olsa da, bazarlaşma üçün əl yeri qoyur. Belə ki, abunənin sayını rəsmi arayışla təsdiq etmək mümkün olsa da, satışın miqdarını dəqiq müəyyən etmək mümkün deyil. Çünki qəzetlər həm köşklərdə, həm də əldə satılır. Əldən qəzet satan fiziki şəxsin verdiyi möhürlü-möhürsüz arayışın doğruluğuna necə inanmaq olar? Redaksiya sayı yüzlərlə olan belə qəzetsatanların arxasınca neçə gün gəzməlidir? Fiziki şəxs “razılaşma” (daha doğrusu, bazarlaşma) ilə redksiyanın istədiyi arayışı verə bilməzmi? Redaksiya fiziki şəxslə bazarlaşıb istədiyi arayışı ala bilirsə, yüzlərlə belə adamın dalınca qaçmaqdansa, bu razılaşmaya KİVDF nümayəndəsi ilə nail ola bilməzmi?
Göründüyü kimi, KİV-ə dəstəyin göstərilməsi ilə bağlı hazırlanmış “Maliyyələşdirmə qaydaları” qeyri-şəffaflığı ilə mənimsəmə üçün geniş qapılar açır. Deməli, “Maliyyələşdirmə qaydaları”nı dəyişmək lazımdır.
İndiyə qədər KİV-ə göstərilən dövlət dəstəyindən yalnız “seçilmiş” qəzetlər bəhrələnib. Bu seçimi də KİVDF rəhbərlyi öz kefinə uyğun edib. (Bu barədə mən hələ 2017-ci ildə yazmışam. Bax: https://www.yeniavaz.com/az/authors/content/301/prezidentin-isteyi).
Yeni rəhbərlik də mövcud qaydalarla fəaliyyət göstərəcəksə, onda mümkündür ki, dövlətin vəsaiti xüsusi ciblərə axmasın, amma havaya sovrulması qaçılmaz olacaq.
Biz KİVDF-nin işini yenidən qurmaq üçün bir neçə təklif irəli sürürük:
  1. KİVDF dövlətin müvafiq qurumları ilə danışıqlar aparıb  qəzet kağızına tətbiq olunan ƏDV-nin ləğvinə nail olsun. Bu, bütün KİV-ə ən yaxşı dəstək formalarından biridir.
  2. KİVDF dövlətin ayırdığı vəsaitlə qəzet kağızı alıb onu redaksiyalara və ya qəzet çap edən mətbəələrə güzəştli qiymətlə satsın.  Bu, KİV-in çap xərclərinin aşağı salınmasını təminatlarından biridir.
  3. KİVDF  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydiyyatdan keçmiş KİV işçilərinin  DSMF xərclərini tam və ya qismən öz üzərinə götürsün.  Bu, KİV-i işçiləri işə xidməti müqavilə ilə deyil, əmək müqaviləsi ilə cəlb etməyə maraqlandırar.
  4. Qəzet satışından əldə olunan vəsaitlərin vaxtında redaksiyaların hesabına köçürülməsini təmin etmək  üçün KİVDF-yə səlahiyyət verilsin. (Hazırda qəzet satışı ilə məşğul olan yayım orqanları satışdan əldə olunan vəsaitləri 4-5 ay gecikmə ilə redaksiyanın hesabına köçürürlər). Bu da KİV-in ayaqda qalmasını, öz mövqeyini möhkəmləndirməsi baxımından ən yaxşı dövlət dəstəyi ola bilər.
Göründüyü kimi, bu təkliflər qəzetlər arasında ayrı-seçkilik və “bazarlaşma” variantlarını məhdudlaşdırır.  Amma bundan başqa yol yoxdur iddiasında da deyilik.
Ümid edirik ki, bundan sonra KİVDF dövlətin dəstəyini KİV-ə çatdıracaq.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top