NAZİM MUSTAFAYEV

Uca Yaradanı tanımaq üçün dörd əsas

Uca Yaradanı tanımaq üçün dörd əsas

NAZİM MUSTAFAYEV
Bu yazıda Mərifətullahdan, yəni Allahı bilməkdən və tanımaqdan bəhs ediləcək. Uca Yaradan Qurani-Kərimdə insan övladının yaradılış qayəsini belə bəyan edir: “Mən cinləri və insanları sırf Mənə ibadət etsinlər (Məni tanısınlar) deyə yaratdım” (Zariyat, 51/56).
İnsana Rəbbini tanıdan ünsürlər çoxdur, İslam alimləri bunları dörd əsas başlıqda toplamışlar: Qurani-Kərim; Hz. Muhamməd (s.a.v); Allahı tanıma istedadı daşıyan vicdan; bütün məxluqatı əhatə edən kainat.
Hamısı da vazkeçilməz və çox əhəmiyyətli olan bu dörd əsas əslində bir-birindən ayrılmaz parçalardır. Qurani-Kərim Allahı tanıtması ilə bərabər, bizə Allahı tanıdan digər əsasları da bildirdiyinə görə sonsuz əhəmiyyətə malikdir.
Qurani-Kərimin bir çox ayəsində kainatdan bəhs edilməsinin səbəbi bu kainat kitabındakı hər bir varlığın və hər bir hadisənin mənalarını izah edərək, Yaradıcını insanlara tanıtmaqdır. Qurani-Kərim şüur sahibi insanları varlığa, sadəcə, maddi meyarlarla deyil, o varlığı xəlq edən Yaradıcını tanımaq məqsədilə baxmağa dəvət edir.
Qurani-Kərimdən sonra bizə Rəbbimizi tərif edərək tanıdan ikinci əsas Hz. Peyğəmbərimizdir (s.a.v). Hər şeydən əvvəl imanda bir yol göstərici olan Hz. Peyğəmbərimizin (s.a.v) sözlərinə kainatın müəmmasını çözən və Rəbbimizi bizə tanıdan əsaslardan biri olaraq qulaq asmağımız lazımdır.
Bir-birindən gözəl, növbənöv varlıqlarla bəzənmiş kainat, Onun (s.a.v) gətirdiyi izahlarla məna qazanmışdır. Onun (s.a.v) aləmdə etdiyi inqilab ilə hər şey dəyişmiş, insanlar heçliyə atılan biçarə və zavallılar deyil, əbədi həyat yolundakı yolçular halına gəlmişdir. Necə ki, onun nuru ilə baxmayanlar kainatı kimsəsiz, lüzumsuz, yox olmağa məhkum biçarə və zavallılar hökmündə görür.
Rəbbimizi bizə tanıdan digər əsas vicdandır. Ölümdən sonra yeni bir həyatın var olduğuna şiddətli bir şəkildə ehtiyac duyan insan bütün duyğuları ilə əbədiyyət və sonsuzluq arzusundadır. Ancaq insan bu əbədiyyət və sonsuzluq arzusunu qarşılaya biləcək gücə sahib deyil. Özü kimi yaradılmış digər şeylərdə də bu gücü tapa bilmir. İnsan bu acizliyinə qarşı hər zaman bir dayaq və istinad nöqtəsi axtarır. Bəxş edilən həyatın, gəncliyin, duyğuların, həzz aldığı qidaların, geyimlərin və ona təqdim edilən bütün nemətlərin bir gün onu tərk etdiyini görən insan bunun qarşısını ala biləcək gücü özündə tapa bilmir. İnsan gəncliyinin davam etməsini, sevdiklərinin onu tərk etməməsini istəyir. Ancaq istəməkdən başqa da əlindən heç nə gəlmir. İnsanın bu çarəsizliyi qarşısında vicdan mədət umacağı bir nöqtə, güc və qüvvət tapacağı bir dayağın olmasını arzu edir. Vicdan duyğusu hər zaman insana mütləq güc və qüdrət sahibi bir Yaradıcıya möhtac olduğunu xatırladır. Həm də yalnız Ona ibadət etməli, Ondan mədəd ummalı olduğunu xəbər verir.
Bir tərəfdə əbədiyyətə uzanan arzuları, digər yanda da bu ehtiyac və arzulara cavab verə bilməməsi ilə yanaşı, əsl acı olan bu ehtiyac və arzulara cavab verən başqa birini tapa bilməməsidir. Əslində bu ziddiyyət, ona yaradıcısından gələn mərhəmətli bir xəbərdarlıqdır.
Rəbbimizi bizə tanıdan dördüncü əsas kainatdır. Kainat Uca Allahın birliyi və təkliyinə dair böyük bir dəlildir. Qurani-Kərimdə insanların ən rahat anlaya biləcəyi yer, səma, ulduzlar, ay, günəş, yağış, su, bulud, arı, qarışqa, külək və s. kimi misallar verilərək, əsas məsələ olan Uca Yaradanı düşünməyə təşviq edilir. Ayələrdəki bu nümunələri oxuyan bir şəxs, kainatdakı hər bir şeydən Uca Allahı tanımağa açılan saysız pəncərələr olduğunu görə bilər.
Ucsuz-bucaqsız dəryalarda üzən elm gəmisinin yanaşacağı ən sağlam, ən etibarlı liman Mərifətullah adlanan, Allahı tanıma və bilmə limanıdır. Bu limana yanaşmayan elm və bilgi əsl məqsədinə çata bilməmiş, əskik və yanlış yönləndirilmiş sayılır. Kainatdakı hər bir varlıq Allahın bir çox isimlərinin təzahürüdür. Hətta balaca bir canlıda belə iyirmi ədəd Allahın isimlərinin təzahürünü görmək mümkündür. İnsanların kainatı tədqiq etmələrinin arxasında bu isimləri oxuma cəhdi olmalıdır.
Təbiəti nə qədər araşdırsa, Yaradıcının əsərləri ilə qarşılaşaraq imanı artan elm adamları olduğu kimi, Allah naminə kainatı oxumayan, Allahı təsdiq etməyən elm adamları da vardır. Nəticə olaraq demək olar ki, bizi Allaha aparmayan elm və bilgi nə qədər dərin olsa belə istiqaməti doğru deyil, Mərifətullaha aparmayan elm limana yanaşmayan, dəryanın ağzın dalğalararı arasında batıb-çıxan gəmi kimidir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top