NAZİM MUSTAFAYEV

Ramazan ayında insan anlayır ki...

Ramazan ayında insan anlayır ki...

NAZİM MUSTAFAYEV
İnsanlar bir cəmiyyət halında yaşayırlar. Ramazan ayında tutulan orucların insanların cəmiyyət halında yaşamalarına müsbət təsirləri vardır. İnsanlar dolanışıq və maddi imkanlar baxımından müxtəlif şəkildə yaradılmışlar. Kimi zəngin və varlı, kimi isə fəqir və yoxsul... Bu vəziyyət Hz. Adəmdən (a.s) qiyamətə qədər də davam edəcəkdir. Burada əhəmiyyətli bir məsələ var ki, görəsən bu iki zümrə və təbəqə arasında birlik, bərabərlik, dostluq və qardaşlıq bağlarını həmişəlik təsis etmək mümkündürmü? Həmçinin bunu təsis etmədə Ramazan orucunun yeri və rolu nədir?
Cənab Allah (c.c) zənginləri fəqirlərə yardım etməyə, güclü olanı da zəifin imdadına çağırır. Zənginlərin fəqirlərin acınacaqlı hallarını başa düşmələrində oruc ibadətinin danılmaz yeri vardır. Əvvəla, zənginlərin fəqirin hiss etdiklərini eynilə hiss edə bilmələri üçün eyni hissləri yaşamaları lazımdır. Oruc ibadəti də elə məhz (bəlkə də fəqirlərin il boyu çəkdiyi) aclıq hissini zənginlərə də yaşatmış olur.
Əgər oruc ibadəti olmazsa, nəfsinə düşkün elə zəngin insanlar olardı ki, aclıq və fəqirliyin nə qədər acı və bu insanların şəfqətə nə qədər möhtac olduğunu dərk edə bilməzdilər. Həmçinin aclıq və fəqirliyin ağuşundakı insanların varlığından xəbərsiz zənginlər varsa, demək ki, onların oruc ibadətindən də xəbərləri yoxdur.
Həqiqi mənada şükür hissinə sahib olub-olmadığımızın əlaməti digər insanlara şəfqət göstərməkdir. Əgər digər insanlara qarşı şəfqət hissi daşıyırıqsa, həqiqi şükrə də sahibik deməkdir. Təkcə öz nəfsimizi düşünür, başqa insanları düşünmürüksə, demək ki, Allaha (c.c) yaxın olmayan eqoist bir insanıq. Halbuki Allaha (c.c) şükür edən insanlar yaxınlaşa bilər.
İnsan hansı səviyyədə olsa da, özündən bir baxıma daha fəqir başqa bir insanla rastlaşa bilər. O insana qarşı şəfqətlə rəftar etmək də insanın ən azından mənəvi borcudur. Belə bir mənəvi borcu tərk edən bir şəxs həqiqi mənada Allaha (c.c) da şükür edə bilməz. Bir insanda şəfqət hissi yoxdursa, bunun yerini qatı qəlblilik, ya da qəddar bir insan alır.
Əgər (oruc ibadətində olduğu kimi) nəfsə aclıq hissini daddırma olmasaydı, insanlarda yardımlaşma hissi o qədər də inkişaf etməzdi. Fəqirə və ac qalmış insana onun halını həqiqi mənada başa düşüb hiss edərək verilən yardım, məhz əsl istənilən yardım etmə şəklidir. Çünki uca dinimiz İslam etdiyimiz əmrlərin ruhumuzda yaşanaraq edilməsini istəyir.
Oruc ibadətinin yoxsulların, fəqirlərin halını başa düşüb hissetmədə əvəzsiz yeri olduğu kimi, insanın öz nəfsini tərbiyə etməsində də danılmaz yeri vardır. İstisnasız bir şəkildə hər bir insanda bədənini maddi dünyaya meyil etdirən, ondakı ləzzət və şəhvət istəklərini alovlandıran bir nəfs vardır. İslam əxlaqında bu hal nəfsin tərbiyə edilməmiş və ən aşağı mərtəbəsi sayılır. Təbii ki, belə bir nəfs tərbiyə edilməyə möhtacdır. Buna görə də biz övladımızı tərbiyə edirmişcəsinə nəfsimizi də tərbiyə etməklə mükəlləfik. Bu tərbiyə etmə işinin elmi isə bizdə deyil, bizi də, nəfsimizi də yaradan uca Allahdadır. Cənab Allah (c.c) bizə ildə bir ay oruc tutaraq ac qalmağımızı əmr edir. Çünki oruc tutaraq ac qalmaq nəfsin ən böyük tərbiyə edicisidir.
Nəfsini tərbiyə etməyən şəxs bilərək, ya da bilməyərəkdən öz nəfsini tərbiyəçi olaraq seçmiş olur. Hətta o hala gəlir ki, artıq uca Yaradıcının əmrləri deyil, nəfsin həvəs və istəkləri onun üçün tanrı kəlamı hökmünə keçir. Quran ayəsi bu halı belə təsvir edir: “(Ya Rəsulum!) Nəfsini özünə tanrı edəni gördünmü?..” (Furqan, 25/43)
Tərbiyə olunmamış bir nəfs, xüsusilə, dünyada sərvət, nüfuz və s. kimi şeylərə sahibdirsə, qəflət hissi də ona qalib gəlmişsə, sanki qəsbkarcasına və oğurluq edərcəsinə Allahın (c.c) nemətlərini “udur”. Bu hal eyni zamanda Allaha itaət etməyən hər bir nəfsin içində olduğu vəziyyətdir.
Ramazan ayında ən zəngin insandan ən fəqir insana qədər hər kəs anlayar ki, özü nəyinsə maliki, hür və azad deyil, Uca Yaradıcının qulu və köləsidir. O, əmr edərsə yeyər, O, əmr edərsə yeməz. Əmr olunmadan məşru və halal şeylərə belə əlini uzada bilməz. Əmr olunmazsa, ən adi və ən rahat bir şeyi edə bilməz, əlini suya belə uzada bilməz. Bunlar Cənab Allaha (c.c) itaət edən bir nəfsin oruc tutarkən çıxaracağı dərslərdir. Cənab Allah (c.c) bizi bu dərsləri yaşayaraq, hiss edərək, ruhumuzda duyaraq oruc tutanlardan eləsin!

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top