Görəsən zəlzələlər, su daşqınları, sellər, tsunamilər, torpaq sürüşmələri, quraqlıqlar, vulkan püskürmələri, çəyirtkə sürüləri, bir sözlə təbiətdəki hadisə və fəlakətlər Cənab Allahın (c.c) günahkar bəndələrini, ümumiyyətlə Ona (c.c) iman edən və etməyən bütün insanları imtahana çəkməsi, onlara bir bəla və müsibət göndərməsi kimi başa düşmək olarmı?
Bu sualın cavabı üçün gəlin daha əvvələ, hətta ilk insan Həzrət Adəmin (ə.s) bu dünyaya hələ qədəm basmadığı dövrlərə gedək... Bu gün elm təsdiq edir ki, yaşadığımız bu dünyaya hələ bəşər övladı qədəm basmadan çox-çox əvvəl bu dünyada, dağlar, çaylar, təbiət, bitki örtüyü və s. var idi. İnsan övladının bu dünya üzərindəki həyatı dünya var olduqdan çox sonraları başlamışdır. Deməli insan var olmadan, dünya üzərində mədəniyyətlər qurulmadan öncə də yuxarıda sadalanan zəlzələlər, su daşqınları, sellər, tsunamilər, torpaq sürüşmələri, quraqlıqlar, vulkan püskürmələri, çəyirtkə sürüləri, bir sözlə təbiətdəki bütün hadisələr min illiklər boyu yenə baş vermişdi.
Burada belə bir sual ortaya çıxır... Bəşər övladı bu dünyada var olmadan əvvəl təbiətdə baş verən bu və ya digər hadisələr necə olur ki, insan dünyaya gəldikdən sonra Cənab Allahın (c.c) bir imtahanı, mükafatı və ya cəzası halına gəlir? Bu sadalananlar bizim üçün bir imtahan, mükafat və ya cəzadırsa, bəs daha əvvəl nə idi? Onu da qeyd edək ki, təbii fəlakətləri Cənab Allahın (c.c) bir imtahan və cəzası olduğunu qəbul etməyənlər məhz bu mülahizələri irəli sürürlər...
Əgər biz hər hansı təbiət hadisəsini, təbiətdəki şıltaqlıqları ayrı-ayrılıqda Cənab Allahın (c.c) bir "məmuru" və "əsgəri" olaraq qəbul etsək burada problem qalmır. Bütün təbiət hadisələri insanın bu dünyada var olduğu dövrdən əvvəl və ya sonra baş verməsindən asılı olmadan Cənab Allahın (c.c) "məmuru" və "əsgəri" olduğuna görə bu məmur və əsgərlərin Sahibi (c.c) tərəfindən istədiyi yöndə istifadə edilməsi də mümkündür (Hud, 11/107).
Təbiətdə baş verən hadisələrin bəşər övladının dünyadakı varlığından əvvəl də yenə eynilə davam etməsi bu təbiət hadisələrinin indi bizim üçün Cənab Allah (c.c) tərəfindən bəzən bir imtahan, bəzən bir cəza və ya mükafat olaraq göndərilməsinə əngəl deyil. Həmçinin hər hansı təbiət hadisəsini mənalandırmaq, ona fəlakət, cəza və ya mükafat demək yenə insana bağlı məsələdir. Çünki, gözlə görünməz bir virusdan zəlzələ və ya tsunamilərə qədər təbiətdəki hadisələrin içərisindən insanı götürdüyümüzdə burada fəlakətdən, cəza və ya mükafatdan söhbət gedə bilməz. Axı aradan insanı götürəndən sonra təbiət hadisələri nə və ya kim üçün fəlakət və cəza ola bilər ki? Ya da olsa belə bunun insana bir aidiyyatı qalarmı?
Ümumiyyətlə hər hansı təbiət hadisəsini mənalandırmaq, onu Cənab Allah (c.c) tərəfindən göndərilən bir fəlakət, cəza və ya mükafat olaraq baxmaq İslama görə hər bir insanın iman gözü ilə baxıb görə biləcəyi, nəzər nöqtəsi ilə bağlı məsələdir, insanın vicdanında, ruhunda başlayan bir prosesdir. Əgər insanın daxili aləmində bir qığılcım parlamırsa dünya dağılsa belə insan onu mənalandıra bilməz. Hətta bu zaman insan “yaxınlıq korluğu” yaşayar, hətta ona uzanan bir Peyğəmbər əlini belə geri çevirər...
Misal üçün Həzrət Nuhun (ə.s) oğlu Kənan fəlakətin ən pik nöqtəsində bu “yaxınlıq korluğu”na görə atasının əlini geri çevirmişdi... Bu haqda ayədə belə buyurulub: “Gəmi onları dağlar kimi (yüksək) dalğaların içi ilə apardığı zaman Nuh (gəmidən) aralı olan oğlunu (Kənanı) haraylayıb dedi: “Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!” (Oğlu ona) belə cavab verdi: “Mən bir dağa sığınaram, o da məni sudan qoruyar”. Nuh dedi: “Allahın rəhm etdiklərindən başqa, bu gün heç kəs (insanları) Onun əzabından qoruya bilməz!” Nəhayət, dalğa ata ilə oğulun arasına girib onları bir-birindən ayırdı və o da suda boğulanlardan oldu” (Hud, 11/42-43). Budur, bəsirət gözü bağlanmış bir insan fəlakətin tam ortasında olsa da bunu görüb anlaya bilmir. Məsələni sadəcə olaraq bir təbiət hadisəsi kimi dəyərləndirir, onu Uca Yaradan (c.c) tərəfindən göndərilmiş bir imthanan və ya cəza ola biləcəyini anlamaqda çətinlik çəkir.
Buradan anlamaq olar ki, bəli hər hansı bir virus, sel, zəlzələ və s. kimi bioloji, geoloji və digər hadisələri və onların nəticələrini burada insan əməlini, insan müdaxiləsi və iradəsini kənara qoymamaq şərtilə Cənab Allahın (c.c) imtahanı və ya cəzalandırması hesab etmək olar. Yetər ki insan bunu vicdanında duya bilsin...
Hərçənd insan ətrafında baş verənlərə məna verməyə çalışsa da, onun gördüyü və ya çatdığı nəticələr, verdiyi mənalar mütləq doğru olmaya bilər. Misal üçün biz nəyinsə şər olduğunu deyə bilərik. Ancaq o nəticə etibarilə xeyir ola bilər. Ya da xeyir olaraq gördüyümüz bir məsələ də bizim üçün şər ola bilər (Bəqərə, 2/216).
Sözü bu "koronalı" günlərdə korona virusuna gətirsək, bunun nəticələrinin mütləq mənada xeyir və şər olduğunu indidən deyə bilmərik. Ancaq bu çətinliklərdən çıxdıqdan sonra və həyatın axışı ilə bunun cavabını aydınlaşdırmaq olar.
Qeyd: Mövzunun davamına, “korona” virusu bizə nə söyləyir başlıqlı yazı ilə davam edəcəyəm...
NAZİM MUSTAFAYEV
Təbii fəlakətlər Allahın (c.c) imtahanı ola bilərmi?