RAHİB ALPANLI

Yanvardan sonra

Yanvardan sonra

RAHİB ALPANLI

Ölümlü dünya ölümün dadını insana çox erkən yaşlarından duyurmağa başlayır. İstər yaxın, istərsə də uzaqlardan kiminsə həyatla vidalaşması və sevdiklərini qəm dəryasına, göz yaşlarına qərq edib getməsi hər kəsi yandırıb-yaxır. İnsana ən çox təsir edən isə ölümün yaratdığı yetimlikdir. Valideynini itirmiş uşaq nə qədər deyib-gülsə də, digər yaxınlarından, dostlarından nə qədər məhəbbət görsə də, bütün varlığından ətrafa bir kimsəsizlik, sahibsizlik, yazıqlıq yağır.
Mən də yetimliyin acısını dadmışam. Yaşım ayaq üstə dayanmaq üçün kifayət etsə də, bir neçə uşaq atası olsam da, uzun müddət yazıqlığın kölgəsindən çıxa bilmirdim. Valideyn həsrəti bu gün də ciyərimi yandırır. Nə etmək olar, həyat öz qanunları ilə davam edir. Lakin yetimliyin ən çox acı verəni yaşadığın vətənin yetim qalmasıdır. Allah bu acını heç kəsə daddırmasın.
1990-cı il yanvar ayının 20-də yetmiş il qardaş dediyimiz bir millətin, xilaskarımız kimi fəxr etdiyimiz odrusu tərəfindən al qanımıza boyandıq. Haqq səsimizi dinləməkdənsə bu boyda xalqı güllə ilə susdurmaq, tanklar altında əzib yox etmək istədilər. Eşitmək istəmədikləri səsimizin başqaları tərəfindən də duyulmaması üçün efirə aşılmaz sədd çəkilməsi bütün bir xalqın yetimliyini iliyimizəcən daddırırdı bizlərə. O günlərdə itirdiyi ən əziz bir şeyi axtarırmış kimi əsən küləklər, dərin fikrə qərq olmuş dağlar, budaq-budaq sızlayan ağaclar, balasını sel qapdığı üçün sahil boyunca saçlarını yolaraq aşağı-yuxarı qaçan ana kimi göylərdə qərar tutmayan buludlar, ağlamaqdan nurunu itirmiş gözlər kimi közərən ulduzlar, sevgilisinin yasını saxlayan nişanlı qız kimi solmuş ay da yetim, yazıq görünürdü. Bütün ölkə belə bir səhnəyə bənzəyirdi.
 Hər kəs bir təsəlliyə, bir sığala, bir sarılmaya möhtac idi. Kimsəsiz qalmış gənc insanlar bir-birilərinin gözləri qabağındaca qocalırdı. Baş verənləri hələ tam mənası ilə anlamayan uşaqlar boy atmaq, böyüklərin belini bükməkdə olan yetimlik, kimsəsizlik yükünə çiyin verməyə tələsirdilər sanki.
 İnsanlar axşamlar evlərinə getmək istəmirdilər. Hamı bir yerdə olmaq, bir olmaq istəyirdi. Qana qərq olmuş Bakıdan, ölkənin digər yerlərindən eşitdikləri ən yeni xəbəri, əllərinə keçən hər hansı bir yazılı məlumatı bir yerdə bölüşür, dərdləşirdilər.
 Dərd nə qədər ağır olsa da, insanların həmrəyliyi heyrətamiz idi. Lakin şümal ağaclı meşədə də əyrilər tapılır. Dəstələrin birinə yaxınlaşan yaşlı insanlardan biri Sovet ordusunu lənətləyən gənclərə qarşı çıxaraq, insanları küçələrdən çəkilmədikləri üçün qınadı. Bu hərəkət gənclərin, o cümlədən mənim də qəzəbimə səbəb oldu. Yaşlı adam bir az da dirəndi və Azərbaycanın Moskvasız yaşaya bilməyəcəyini vurğuladı. O, bizim qorxu altında yaşamalı olduğumuzun vacibliyini, Moskvasız bizdə dərəbəylik olacağını sübut etməyə çalışdı. Azərbaycanın, keçmiş Sovet İttifaqının hər yerində olduğunu, hər yerini gəzib-dolaşdığını israr edən yaşlı adam bizim onu sonra başa düşəcəyimizi izah etməyə çalışsa da, gənclərin hisslərinin coşduğunu görüb, öz tay-tuşlarının yanına getdi. Bu yaxınlarda dünyasını dəyişən həmin adam, yəqin ki, Azərbaycanın qazandığı uğurlardan, müstəqilliyin bəxş etdiyi rahatlıqlardan bəhrələndikcə səhv etdiyini də düşünməmiş olmayıb. Allah rəhmət eləsin! Onun dediklərində bir həqiqəti öz təcrübələrim əsasında sizlərlə bölüşmək istərdim. Ürəkləri sıxan qaranlıq gecədən sonra aydın, göz-könül oxşayan gündüzü yaradan Allahın köməyi ilə 1990-cı ilin yanvarında qanımızla imzalanmış azadlığımız öz şirin bəhrəsini verməkdədir. Qanlı Yanvardan kifayət qədər nəticə çıxara bildik, desəm, səhv etmiş olaram. Yanvarda gördüyümüz birlik, bərabərlik bu gün o dərəcəyə enib ki, sanki biz, bu müsibətləri yaşamamışıq.
Orta məktəbdə oxuyarkən dərsliklərimizdə C. Cabbarlının belə bir fikri vurğulanırdı ki, cəmiyyətdə inqilab asan və rahat işdir, şüurlarda inqilab isə çətin və uzun bir prosesdir.
Büdcəmizin Ermənistan büdcəsindən dəfələrlə çox olması adamın ürəyini qürur hissi ilə doldurur. Ölkəmizin iqtisadi, hərbi, siyasi qüdrəti, beynəlxalq nüfuzu ilbəil artmaqdadır. Bir ovuc erməni “hayes!” kəlməsi ətrafında birləşib, saxtakarlığı ilə dünyaya meydan oxuyur. Güc bizdə, qüvvət bizdə, heyif ki, birliyimiz, bir-birimizə vəfa və sədaqətimiz bu güc-qüvvətlə ayaqlaşa bilmir. Yaşadığım bir-iki epizodla fikirlərimə aydınlıq gətirmək istərdim:
 Apteklərdən dərman alırsan, ya vaxtı keçmiş, ya da tamamilə başqa məqsədli olur. Ərzaq alırsan, mənşəyi, istehsal olunma tarixi, saxlanma müddəti ya yazılmır, ya da elə yazılır ki, oxumaq olmur. Bir dükandan mal aılrsan, bir neçə addım aralıda həmin malın xeyli ucuz olduğunu görəndə başından tüstü çıxır.
Bu və buna bənzər hadisələrlə üzləşdikcə 20 Yanvarda mübahisə etdiyimiz o yaşlı adama haqq qazandırmalı olursan, ancaq bir az başqa bucaqdan. Bizlər Moskva ilə qardaş olanda da adi davranış qaydaları bir yana qalsın, ali qanunları da məharətlə əyə bilirdik.
Deməli, qorxu lazım imiş, ancaq Moskva qorxusu deyil, insanın ürəyində gərək Allah xofu olsun. Ən qorxulu adam Allahdan qorxmayan adamdır. Belə adamlar üçün haqq, ədalət nitqin ədviyyatı, şəhid qanı isə qırmızı sudan başqa bir şey deyil.
Burada şairimiz Ramiz Qusarçaylının bu halətlə həmahəng olan bir şeiri düşdü yadıma:..
Gör necə yeyinmişik,
Zirvə-zirvə enmişik.
O qədər sevinmişik,
İndi qəm qorxur bizdən.
 
Nə göydə nur qoymuşuq,
Nə yerdə gor qoymuşuq,
Cənnəti kor qoymuşuq,
Cəhənnəm qorxur bizdən.

Bu yaxınlarda oxuduğum yazıda çox maraqlı bir fakta rast gəldim: - Osmanlının 600 il ərzində mövcud olmasının əsas səbəblərindən biri də məhz haqqı və ədaləti müdafiə etməsi, millətin, dövlətin maraqlarını şəxsi maraqlarından üstün tutması idi. Bir şeyi daha aydın başa düşdüm ki, 20 yanvarlar, xocalılar, qarakəndlər və daha neçə faciələrimiz yalnız müəyyən tarixi hadisələr kimi qalıb bir çox insanlarımızın yadında.
 Nə qədər ki, dərdlərimizi, müsibətlərimizi yastıq kimi başımızın altına qoyub, şirin-şirin uyuyacağıq, “yanvar” ilə “yenə var” arasında əzilməkdə davam edəcəyik. Hər birimiz bu torpaqda yaşayan hər bir insanı öz qanımızdan, canımızdan hesab və hiss etməyincə sevgimiz, sədaqətimiz ağac qurdu kimi içimizi yeyən kinə, nifrətə dönəcək. 20 Yanvar və bütün digər faciələri canı, qanı ilə yaşayan bir insan kimi o faciələrdən lazımi nəticə çıxara bilmədiyimizdən xəcalət çəkirəm.
Allah qanlı keçmişimizi öz şəxsi mənfəətinə qurban verməyə cəsarət edən insanlarımıza insaf versin, gələcək nəsillərin yaddaşını da donmaqdan qorusun! Amin!

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top