NAZİM MUSTAFAYEV

2050-ci il

2050-ci il

NAZİM MUSTAFAYEV

Elə bilirdilər ki, babaları texnologiyadan qaçıb kəndə gəlib. Ancaq il gəlib 2050-ci il olub. Heç bu vaxt da texnologiyadan qaçmaq olar? Hələ 30-40 il əvvəl belə texnologiyadan qaçmaq o qədər də mümkün deyildi. Qaldı ki bu dövrdə... Bəlkə də babaları özü üçün nisbətən səs-küydən uzaq və təmiz havalı bir yer seçmişdi...

Hər nə isə... Sözün qısası bu gənclər babasıgilə qonaq gəlmişdilər. Ağsaqqal bir az gileyli halda belə deyirdi: "Ay oğullar, bizim vaxtımız, Vallah, indiki dövrdən yaxşı idi...” Cavanlar təəccüblə soruşurlar: “Necə ki, ay baba?” O da gənclərə narazılığını yumşaqca belə ifadə edir: “O telefon idi, nə idi... Cavanlıqda o alətləri heç olmasa əlimizdə tuturduq. Üz və əl arasında bir az məsafə qalırdı ki, beləcə normal dünyada, elə yanımızda baş verənləri görə bilirdik. İndi isə sizə baxıram... Hərənizin gözündə eynək, bilmirəm mənə baxıb məni dinləyirsiz, yoxsa o bizim dövrümüzdəki telefonları qəbrə göndərən bu eynəklərlə başqa aləmlərdəsiz? Sizdən bir xahişim olacaq... Elə gəlmisiz ziyarətə, xoş gəlmisiz. O zaman bu eynəklərdi-nələrdi, bir nəfər kimi çıxarın qoyun masaya. Gedəndə götürərsiz... İndi isə bir az üz-üzə söhbət edək...

Cavanlar həm razılaşdılar, həm də səhvlərini başa düşdülər... İxtisasça həkim olan ağsaqqal da başladı sözə: “Hə, deməli belə... Bilirsiz? Sizin yaşınızda olanda bizim də əlimizdən telefon düşməzdi.” Cavanlardan biri soruşdu: “Telefon?” Baba astaca başını yelləyərək cavab verdi: “Hə telefon, gənc oğlan. Yəni sizin bu eynəklərin bizim dövrümüzdə olanından. Artıq tarix oldular. İndi şəhəri ələk-vələk eləsəz, bəlkə taparsız. Bizim vaxtımızda eynəkləri həkim məsləhəti ilə taxırdılar. Ancaq baxıram indi eynəklərin vəzifəsi çoxdan dəyişib. Artıq sizin eynəklərinizin içinə bir dünya sığır. Universitetlər, kitabxanalar, bir sözlə nə istəsən, eynəklərinizin içində tapa bilərsiz.

İstədim ki, əziyyət çəkib gəlmisiz bir az söhbət edim sizinlə. Odur ey, qonşunun uşaqları əziyyət çəkib qohum əqrabanı ziyarət eləmək istəmirlər. Holoqramdı-nədi onunla guya babasının evinə gəlib ağsaqqalı təbrik edirlər. Mən olsam, holoqramla evimə ziyarətə gələnləri qəbul etmərəm. Deyərəm zəhmət çəkin, özünüz gəlin. Sağ olun ki, siz holoqramsız-zadsız özünüz gəlmisiz. Hə, başa düşmək olar... Vaxt azdı, məsafə uzaqdı, konfransları və s. holoqramla eyni anda beş məkanda vermək olur. Hə, bu zaman holoqramı qəbul edirəm. Daha qohum-əqraba ziyarətini holoqramla yox da...

Bizim cavanlıq vaxtımızda bayramda-seyranda toplu mesaj göndərirdilər. Beləcə guya qohum-əqraba, dost tanış təbrik edilirdi. Bayramdan sonra da telefonda yer tutmasın deyə hamı o mesajları, təbrik şəkillərini silirdi. Ona görə də eynəklərinizi çıxartmanızı xahiş etdim. Sizin yaşınızda biz cavanlar lap ağ edəndə bizə deyirdilər ki, telefonlarınızı qapının çölündə qoyub gəlin. Biz də ağsaqqal iradı ilə qarşılaşanda telefonları bayırda qoyurduq.

Yanıma bir göz qırpmaqla sürücüsüz elektromobil sifariş verərək gəlmisiz. Bizim cavan vaxtımızda bu göz qırpmaya "bir düyməyə basmaqla" deyilirdi. Hə, bizim vaxtlarda belə sürücüsüz elektromobillərin hələ təzə-təzə adı hallanırdı. Özünü görən yox idi. Biz taksi çağırırdıq. Ancaq sürücüsü olan taksilər. Bəxtə-bəxt elə sürücülər düşürdü ki, siqaret çəkməsinimi irad tutasan, yolda maşını təhlükəli sürməsinimi, yoxsa bayağı mahnıları yol boyu uca səslə maşında oxutmasınımı... Budur ey, yığışıb gəlmisiz, nə sürücüsü var, nə də başqa bir şey. Özü də sakit, səssiz-səmirsiz... Bu indiki sükanı olmayan, sürücüsü olmayan elektromobillərə isə insanın heç maşın deməyi də gəlmir.

Deyirsiz ki texnogiyadan qaçıb bura gəlmişəm, eləmi? Artıq bütün evlərin 3D printerlərlə inşa edildiyi bu dövrdə heç texnologiyadan yaxa qurtarmaq olar?! Odur ey, kəndin o biri başında 3D printerlərlə yeni tədqiqat mərkəzi tikirlər. Qonşu Əli kişi də orada işə düzəlib. 3D printerlərin təmir işinə baxır. Təzə -təzə bu 3D printerlərlə evlər tikiləndə deyirdik ki, daha ustaların, fəhlələrin işini əllərindən alacaq. Ancaq belə deyilmiş. İlk çıxanda qəbul edilməyən, etirazla qarşılanan bu qurğularla belə getsə, dünyada evsiz insan qalmayacaq... Təmir demişkən, məlum məsələ, o yekəlikdə 3D printerlərin hər bir detalı internetə bağlana bilir. Əşyaların interneti demək bu imiş. Problem olanda elə həmin hissə özü xəbər verir. "Mən xarab olmuşam. Gəl məni düzəlt!" Yadımdadır kı, bu məharətli qurğularla hardasa 30 il əvvəl ancaq suvenir oyuncaq çap edirdilər. İndi isə canlı insandan başqa nə desən çap etmək olar...

Bilirsiz, bizim dövrdə universitet oxuyanda hələ internet təzə-təzə yayılırdı. İndi isə internetin adı olub "5G". Artıq “6G”-si çıxar, “7G”-mi olar, orasını deyə bilmərəm... Vaxtilə internetdə bir şəkil bir dəqiqəyə açılardı. İndi isə gördüyünüz yan otağa daxil olub o tibbi qolları üzərimə geyinirəm. Sonra da ta dünyanın o biri ucundakı xəstəni buradan əməliyyat edirəm. Düzdür yaşlıyam, bir neçə ildir pensiyaya çıxmışam. Uzun səyahətlərə çıxa bilmirəm. Ancaq pasientlərimi "5G"-nin məharəti ilə evimdən əməliyyat edə bilirəm. Siz də düşünürsüz ki, bu yaşlı adam özünü kəndə, texnologiyadan uzağa atıb. Əslində bu yaşımda belə ən azı sizin qədər texnologiyanın içindəyəm. Təbii ki, məsələ bağlıdır texnologiyadan necə istifadə etməyə...

Çox deyil, üç nəsil əvvəl 90 dəqiqəyə ancaq bir kənddən digərinə gedə bilərdik... İndi isə “dünya mənzərəli otellər” 90 dəqiqədə dünyanı dövr edir. Cavan vaxtlarımızda kosmosda daimi yaşayış sadəcə Beynəlxalq Kosmik Stansiyada idi. Orada da mütəxəssis sayı 5-10 nəfərdən artıq olmazdı. Bəzən kosmosdan canlı yayım edirdilər. Hamı da maraqla baxırdı. İndi isə neçə-neçə şirkətlər “dünya mənzərəli otellər” təklif edirlər. Artıq bunlara da otelmi deyək, otelləşmiş kosmik kapsulasımı deyək, siz qərar verin. Əvvəllər dağ mənzərəli, göl mənzərəli, ya da dəniz mənzərəli otellər dəbdə idi. İndi də gördüyünüz kimi “dünya mənzərəli otellər”...

Hə gənclər, bu həkim babanız sizə məlum olan məsələrdən söhbət açdı. Bir az da bizim gənclik dövrümüzlə müqayisə etti. Ancaq unutmayın ki, insan atın, dəvənin belində olsa da, sükanı olan avtomobil, ya da özünü idarə edən elektromobilə minsə də insan elə həmin insandır. Həyatda dəyişməz dəyərlər var. Unutmayaq ki, hansı sürətə çatsaq da Uca Yaradanın səltənətindən kənara çıxa bilmərik.

Elmdəki yeniliklər və dəyişikliklər elə sürətlə baş verir ki, artıq dünənin müasir aləti öz missiyasını tamamlayaraq, muzeyə eksponant kimi göndərilir. Bir sözlə, insan əməyinin bəhrəsi olan hər şey gün keçdikcə dəyişir. Amma unutmayın ki, texnologiya nə qədər inkişaf edir-etsin bizim insani dəyərlərimiz dəyişməz olaraq qalır. Mənbəyi bəşərin fövqündə olan bu dəyərlər bu zamana qədər dəyişməyib, dəyişməyəcək də. Dəyişənlərlə dəyişməyənləri müqayisə etsək, görərik ki, dəyişənlər dəniz dalğalarına bənzəyir, daha çox dənizin səthindədirlər. Dəyişməyənlər isə mənbəyi bəşər idrakının fövqündə olan dəyərlərdir və insanlar o dəyərlərə çataraq əsl həqiqətə qovuşurlar.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top