NAZİM MUSTAFAYEV

Halvanın dadı bir başqadır

Halvanın dadı bir başqadır

NAZİM MUSTAFAYEV

Budəfəki yazımızın başlığını "Halvanın dadı bir başqadır" qoymuşuq. Söhbətin məğzi də məhz elə halva haqqında, halvanın dadı ilə bağlı olacaq...
Yaxşı yadımdadır, uşaq vaxtı çantamıza evdə bişən halva, konfet, başqa şirniyyatlar doldurub maşında yerimizi tutar, Zaqataladan Yuxarı Çardaqlar kəndinə doğru yola çıxardıq. Axşamçağı isə çantamızda nə az-nə çox, bəlkə də on növ halva, üzəri fındıqlı-fınfıqsız bir neçə növ təndir çörəyi və.s ilə evə dönərdik. Bunlar uşaq ikən yaddaşımda qalanlar, bəlkə də o qayğısız illərimdən ən şirin xatirələrimdir.
Hər Qurban və Ramazan bayramı qabağı Yuxarı Çardaqlara qohum-əqraba ziyarətinə, oradan da hamılıqla qəbir ziyarətinə gedərdik. Bu adət indi də davam edir. Halva söhbəti də elə bu qəbir ziyarəti ilə bağlı məsələdir. Deməli, hər kəs bayram qabağı qəbir ziyarətinə gedəndə evdə, əldə olandan nə varsa çantasına doldurub aparardı. Bu zaman çox yaşlılardan, ya da evdə balaca körpəsi olan analardan başqa, demək olar ki, hər kəs bu qəbir ziyarətinə gedərdi. Qəbiristana gətirilən bu sovqat və ya azuqə, təbii ki, insanlarla birgə geri qayıdırdı. Ancaq hər kəsin payından hər kəsə pay düşəcək şəkildə...
Hər kəs gətirdiyi sovqatı kənarda yaşıl otların üzərinə sərilmiş böyük bir süfrəyə qoyurdu. Sonra keçib əvvəlcədən qonşu evlərdən gətirilmiş uzun skamya və ya uzun taxtaların üzərində otururdu. Camaatın hazır olduğunu görən imam da başlayırdı aram-aram Yasin surəsini oxumağa. Yasin surəsini oxuduğunu hardan bilirəm? İmam başlayarkən "Bismillah"dan sonra "Yasiiiin" deyərək oxuyurdu. Uşaq ikən oradan yadımda qalıb. Elə bu ərəfədə də bir neçə nəfər ayağa qalxıb ortada yığılan sovqatı ayırmağa başlayırdı, halvalar bir yana, çörəklər bir yana, şirin çörəklər, konfetlər başqa bir yana və.s. Gətirilən bu sovqatlar çantalardan çıxarılandan sonra hər kəs (adətən uşaqlar) gedib boşalan çantalarını götürür və ağzı açıq halda saxlayırdılar.
Sovqatı ayırma işinə baxanlar ayrı-ayrı cərgələr halında oturmuş qadın və kişi tərəfdə hər kəsə bu sovqatdan paylayardılar. Buna görə də qəbiristana bir növ halva ilə gəlsən də evə qayıdanda çantanda azı beş-on cürə halva olurdu. Halvanın hamısının tərkibi eyni olsa da, rənginə, dadına, bərk və ya yumşaq olmasına, qatılan əlavə qatqılara, ədviyyatlara görə o qədər müxtəlif olurdu ki, gəl görəsən...
Yazının başında dediyim kimi evə gələndə, ya da elə yolda maşında ikən bir-bir bu halvaların dadına baxmaq biz uşaqlar üçün çox ləzzətli, zövqlü bir iş idi. Bəlkə də bayramlar yaddaşımızda elə bu cür, halva dadı ilə qalıb.
Birazdan yenə halva söhbətinə qayıdacağıq, indi isə bir qədər haşiyəyə çıxmaq istəyirəm... Artıq çoxdandır təndir çörəyi kənddən şəhərə ayaq açıb. Şəhərdə elə təndirçi tapa bilməzsən ki, qarşısında isti təndir çörəyi gözləyən bir neçə müştəri olmasın. Ancaq onlarla növü, rəngi və dadı olan halvaya növbə gələndə görürük ki, bu şirniyyat hələ kənddən şəhərə ayaq aça bilməyib. Böyük marketlərdə bizim dediyimiz, yəni dədə-baba qaydası ilə bişirilən halvaya rast gəlmirik. Halvanın ləzzətini ancaq elə kənddə ya da rayonda, evdə olarkən dada bilərik.
Soruşa bilərsiz ki: “Başqa necə olmalıdır, ay filankəs? Yadına halva düşübsə, biz nə edək? Rayona, kəndə gedəndə yeyərsən...” Ancaq məsələ bu deyil. Yadıma halva düşdüyü üçün sizləri də bu barədə yormuram. Sizə bir misal verim... Yəqin ki, Türk şirini olan lokumu bilməyənimiz, dadmayanımız yoxdur. Lokum qardaş və dost ölkədən süfrəmizə qədər gələrək yer edə bilib. Dükanlarda növbənöv lokum tapmaq olar. Hələ pizzanı demirəm... Pizza ta okeanı aşaraq evimizə qədər gəlib çıxıb. Artıq bir telefon zəngi ilə evimizə pizza sifariş edə bilirik. Bütün bunlar olsunmu, olmasınmı? Deyərdim ki, olsunlar... Dünya mətbəxini bilək, tanıyaq və dadaq... Ancaq bunlarla yanaşı niyə öz milli mətbəximizə, şirniyyat növlərimizə biganə qalaq?
Minlərlə kilometr yol qət edərək ölkəmizə, market vitrinlərinə gəlib çıxan o qədər çox şirni növü və məhsul var ki, artıq onlar damaq dadımız və həyatımızın bir parçası olublar. Ancaq yada halva düşəndə gərək rayona və ya kəndə gedəsən. Sadəcə bir marketin şirniyyat bölməsində 150-200 fərqli ad və növdə konfet satıldığını öyrənəndə çox heyrətlənmişdim. Bütün bunların fonunda ağıla sual gəlir ki, bəs milli şirniyyat növü olan halvaya nə olub? Nə üçün halva və bunun möxtəlif növlərini markalaşdıra, milli brend halına gətirə bilmirik? Bu sahədə bir az şanslı olanı "Şəki halvası"dır ki, onu da nəinki dünyada, yaxın və qonşu ölkələrdə, Şəkidən kənarda tapmaq çətin məsələdir.
Bilmirəm, bəlkə də milli yeməklərimizi, milli şirniyyat növlərimizi sertifikatlaşdırmağın, bunları tanıtmağın vaxtı çoxdan gəlib və keçir. Bu məsələdə gec qalsaq, bu sahə ilə məşğul olmasaq, bir də görəcəyik ki, məkrli qonşularımızın lavaşı, kalağayını “oğurlama” cəhdlərinin biri də yaşansın. O andan sonda bu işlərlə məşğul olmaqdansa elə indidən məşğul olmaq daha yaxşıdır, elə deyilmi? Gəlin halva yeyək, halvamıza sahib çıxaq, ağızımız şirin olsun...

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top