NAZİM MUSTAFAYEV

Olmayan milli oyuncaq brendlərimiz...

Olmayan milli oyuncaq brendlərimiz...

NAZİM MUSTAFAYEV
Bir müddət Praqada qaldıqdan sonra vətənə qayıtmaq vaxtı gəlib çatmışdı. Təyyarə biletini almışdım. Yola düşmə vaxtına iki gün var idi. Elə buralardan nəsə hədiyyə oyuncaq almaq istəyirdim. Açığını deyim hansı oyuncağa əl atsam gördüm ki elə həmin oyuncağı Bakıdan da ala bilərəm. Bakıdan ala biləcəyim eyni oyuncağı uzaqlardan alaraq təyyarə ilə gətirməyin elə də mənası yox idi. Sözüm ona nəticə etibarilə həm avropanın göbəyindəki, həm də elə Bakıdakı eyni oyuncağın altında "Made in China" yazısı var idi.
Görünən o idi ki, Çin dünyanın istənilən yerində ixrac malları ilə öz sözünü deyirdi. Ancaq nəsə orijinal bir şey almaq qərarına gəldim. Məhz bu ölkəyə, hətta çex millətinə məxsus oyuncaq almaq istəyirdim. Elə bu fikirlərlə oyuncaq dükanından çıxdım. Hara gedəcəyimi, hansı dükana girəcəyimi bilirdim. Bizdəki "Tarqovu"nu əvəzləyən meydan və küçələr Praqada da var idi. Bakıdakı "Sahil" metrosu çıxışı və ona yaxın yerləri Praqada "Mustek" metro çıxışı və ətrafı əvəzləyir.
Buradakı dükanlarda ayaq saxlayıb bəlkə də bir neçə saat uşaq oyuncaqları ilə tanış olmaq olar. İşin digər tərəfi isə bu maraqlı, qeyri adi və özünə məxsusluğu ilə seçilən oyuncaqların hər hansı yerində "Made in China" etiketi yox idi. Bu oyuncaqlar məhz Çexiya istehsalı və çex millətinin milli oyuncaqları hesab olunurdu. Kütləvi istehsal olduğu üçün özü də əlçatan qiymətə... Düzdür Çexiyaya getmədən əvvəl də çexlərin milli oyuncaqlarının olduğundan agah idim. Ancaq önümdə yüzlərcə belə oyuncaq görəndə valeh olmamaq əldə deyil.
Səhv başa düşməyin uşaqlıq illərimə getdiyim üçün bu hisləri sizinlə bölüşmürəm. Bu yazıda əsas məqsədim milli oyuncaq məsələsinə toxunmaqdır. Qarşımda əsasən taxtadan və sadə konstruksiya ilə düzəldilmiş onlarca, yüzlərcə növ oyuncaq var idi. Heç birində plastikdən istifadə olunmamışdı. Rahatlıqla uşağın əlinə verə biləcək zövqlə işlənmiş oyuncaqlar.
Kimsə çexlərin ya da başqa bir xalqın milli oyuncaqlarından gətirərək Bakıda dükanlarda sata bilər. Bu minvalla bu vəya digər bir çox ölkələrin milli oyuncaqlarına dükanlarda rast gələ bilərik. Ancaq dükanlarda müxtəlif ölkələrin milli oyuncaqlarına rast gəlmək o demək deyil ki, satışda artıq “milli oyuncaqlar” var. Bəli “milli oyuncaqlar” var. Ancaq bunlar öz məhsulumuz, öz yerli və milli oyuncaqlarımız deyil axı!
Unutmayaq ki, hər bir oyuncaq gəldiyi ölkənin milli-mənəvi dəyərlərini, tarixi və mədəniyyətini istər-istəməz özündə əks etdirir. Əcnəbi cizgi film qəhramanları bir müddət sonra ekranlardan qopub gələrək oyuncaq halında evlərimizdə öz yerlərini alırlar. Bəs hər bir millət, hər bir xalq övladına, körpələrinə həm də öz tarixini, öz milli-mədəni mirasını aşılamalı deyilmi? Təbii ki bunun yollarından biri də məhz elə milli cizgi filmlərin, milli oyuncaqların olmasıdır. Sözün bu yerində bəlkə də iki il əvvəl başımdan keçən bir hadisəni danışmaq istəyirəm... Bakıda "Şamaxinka" deyilən yerdə avtobusdan düşəndə yaşlı bir dayı görmüşdüm. Bu yaşlı dayı dənəsi 1.50 manatdan hər halda özünün düzəltdiyi sadə oyuncaqları satırdı. Böyük ehtimal elə eyni vaxtda bir ana yaxınlıqdakı bir dükandan balaca qızı üçün 25 manatlıq bir “Barbi” kuklası alaraq çıxırdı. Açığı həm dayının o yaşlı halında nə isə satmağa çalışmasına həm də əl əməyi ilə düzəldib satdığı o oyuncaqların timsalında “milli oyuncaqlar”ımızın halına acımışdım. Bəlkə də o oyuncaqlara önəm versək, inkişaf etdirsək, milli oyuncaq brendi halına gətirə bilərdik...
Gəlin məsələyə bir də bu aspektdən baxaq... Bakıda bir müddət qaldıqdan sonra ölkəsinə qayıdan bir əcnəbi düşünək... Bu əcnəbi Bakıda dükanları gəzərək bizə məxsus, bizim tarixi, bizim ən-ənələri özündə əks etdirən “milli oyuncaq” almaq istəsə buna nail ola biləcəkmi? Elə görünür ki buna hal hazırda nail ola bilməyəcək. Çünki hələ milli oyuncaqlarımızı ortaya çıxara, ərsəyə gətirə bilməmişik. Bu zaman gərək həmin əcnəbi altında “Made in China” yazılan bir oyuncağı Bakıdan alaraq öz ölkəsinə aparsın.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top