Qonum-qonşuda köməyə adam axtarırdı. Tək başına o işin öhdəsindən gələ bilməzdi. Nədənsə fəhlə tutmaq ağılına gəlməmişdi. Məhəllədə nəki cavan oğlan var hamısına səs salmışdı. Bir ay əvvəl sifariş verdikləri atasının qəbirdaşını yarım saatdan sonra qəbiristanlığa gətirəcəkdilər. Zindan ağırlığında və bir adam boyundakı bu qara mərmərdən başdaşını qaldırmaq üçün azı beş-altı nəfər lazım idi.
Rəhmətliyin başdaşısını qəbiristanlıqda maşının girə bildiyi yerə qədər gətirmişdilər. Sıx qəbirlərin arasından bu qəbirdaşını dəfn yerinə qədər daşımaq lazım idi. Yorucu olsa da, güc-bəla başdaşını qəbrin yanına gətirdilər. Əslində işin bu qədər ağır və çətin olacağını düşünməmişdilər. Ancaq məsələ bununla bitmirdi. Ustanın yönləndirməsiylə bu qəbirdaşını ayaq üstə qaldırmaq və öz yerinə yerləşdirmək lazım idi.
Ehtiyatı əldən buraxmadan, əl-qollarına xəsarət yetirmədən nəhayət işin öhdəsindən gəldilər. Beş nəfərin hamısı yorulmuşdu. Bir günlük fəhləlik işi olsaydı bəlkə də heç bu qədər yorulmazdılar, həm də zəhmət haqqı olaraq ciblərinə pul qoyan da olardı. Hər gün üz-üzə gəldikləri qonşu, atasının qəbirdaşını daşımaq üçün xahiş etmişdi, nə desinlər... Üz döndərə bilməmişdilər. Bu üzüyola cavan oğlanlara bu zəhmətdən sonra nəsə hörmət etmək olardımı, olmazdımı bu da işə dəvət edənin öhdəsinə qalmışdı.
Yolda qayıdanda bu beş nəfərdən biri məhəllə marketinə girib, dünən olduğu kimi yenə çörək və bir-iki ərzaq malını nisyə yazdırdı. Digər gənc evindəki gündəmdən agah idi. O da ailəsi kimi üç ay sonra toyu olacaq bacısının cehizi haqqında fikirləşirdi. Aralarındakı rayona tətilə gəlmiş tələbə isə yeni dərs ilinin təhsil haqqını necə verəcəyini düşünürdü. Digər iki nəfərin də maddi imkan baxımından bunlardan elə də fərqi yox idi.
Maddi durumları bu vəziyyətdə olan bu xeyirxah qonşular daşıdıqları o ağır qəbirdaşının qiymətini heç soruşmamışdılar. Bəlkə də kimisinin evi, kimisinin də çörək ağacı olan sınıq-salxaq taksisi heç o qəbirdaşının qiyməti eləmirdi. Ona görə də, bu barədə soruşmaq heç ağıllarına gəlməmişdi.
İnsanlar arasında bu qəbirdaşı məhəbbətinin çoxdandır davam etdiyini bilən şəhərin imamı bu məsələni iki gün sonrakı cümə söhbətinə daşıyacaqdı. Sanki məhz bu əhvalatla bağlı olmasa da ümumi ab-hava imamı cümə söhbətində bu məsələyə toxunmağa sövq etmişdi. Cəmiyyətdə bir balaca imkanı olan şəxslərin öz yaxınlarına belə qəbirdaşı qoymağın dəb halına gəldiyi görən din adamı bu mövzudan yan keçə bilməzdi.
Məsciddə digər insanlarla yanaşı həm iki gün əvvəl atasına o yekə qəbirdaşını qoyduran, həm də o köməyə gələn beş nəfər qonşu da var idi. Sanki söhbət tam yerinə düşmüşdü. İmam yaman yanıqlı-yanıqlı danışırdı: "Həzrət Musanın (ə.s) gələrək bizi də İsrailoğulları kimi 40 il Tih səhrasında gəzdirməsinimi gözləyirik? Bunumu istəyirik? Bu zamanmı ilahi buyruqlar canımıza, ruhumuza hopacaq? Halbuki biz, bir rəvayətə görə Həzrət Musanın (ə.s) belə ümmətindən bir fərd olmaq istədiyi Həzrət Muhammədin (s.ə.s) ümmətindənik. Nə üçün qəbiristanları yarış arenasına çeviririk? Əgər o etdi mən də edim yarışı deyilsə, əgər o etdi biz də edək yarışı deyilsə, qəbiristanların bu cür qəbirdaşları ilə bəzədilməsinin izahı nədir? Peyğəmbər buyuruğunda varmı? Quran ayəsində varmı?"
İmam bu bahalı qəbirdaşlarına pul xərcləməyin rəhmətə getmiş şəxslərə heç bir fayda vermədiyini qeyd edirdi. Hətta bu qəbirdaşlarına xərclənəcək pulların İslama görə daha məqbul yerlərə sərf edilə biləcəyini də sözlərinə əlavə etmişdi. Məscid kürsüsündə vaaz verən imamın cümlələri sanki Cabir Novruzun “Sağlığında qiymət verin insanlara” şerini xatırladırdı. Ya da həm imam, həm də şair fərqli zaman və məkanda eyni məramdan, eyni mövzudan danışırdılar.
Əzanın oxunmasına az vaxt qalmışdı. İmam kürsüdən enmədən cümlələrini bu cür tamamladı: “Kənd-kəsəkdə atanıza, ananıza o cürə bahalı başdaşı qoyacağınıza sağlığında onları Ümrəyə, Həccə aparın. Onlara sağlığında dəyər verin. O qədər pulu ömür boyu yağışın, günün, küləyin altında qalacaq bir qara mərmərə xərcləməkdənsə o pulu göndərin Afrikada bir su quyusu açsınlar. Üzərində də üç rəngli bayrağımızı və atanızın, ananızın adını vursunlar. Bu zaman bir kənd dolusu adam həm sizə, həm də valideynlərinizə dua edər. Uzaqlarda edilən o dualar atanızın başucundakı o bahalı qəbirdaşlarından daha xeyirli, daha faydalıdır”.