NAZİM MUSTAFAYEV

Kənardan baxanda belə görünür...

Kənardan baxanda belə görünür...

NAZİM MUSTAFAYEV

Bir meyvə-tərəvəz dükanına girdiyimizi fərz edək. Burada vitrinlər var. Ancaq boşdur. Satıcıdan alma soruşursan, deyir ki, Qubada alma bağlarımız var. Ödənişi burada edib Qubadan gedib özünüz yığmalısınız. Yenə satıcıdan nar, apelsin və ya portağal soruşanda da səni nar üçün Göyçaya, apelsin və portağal üçün də Lənkərana “göndərir”. Məsələnin belə olduğunu gördükdə artıq satıcıdan fındıq və qoz olub-olmadığını soruşmursan. Hər halda bunun üçün də səni Zaqatala-Balakən tərəflərə “göndərəcəyini” yəqin edirsən.

Bəlkə də bu ifadə bir az sərt olsa da, əslində bu satıcının misalı günümüzdə müsəlmanların, xüsusilə də dini mövzularda danışan, məscidlərdə ya da başqa yerlərdə vəəz verən, dindən danışan insanların halına bənzəyir. Yanlış anlaşılmasın, burada ümumi bir problemdən danışmaq istəyirəm. Yoxsa məqsəd hər hansı fərdlərdən bəhs etmək deyil. Misal üçün dini bir vəəzdə danışıq var, nəsihət var, ancaq deyilənlərin praktiki həyatda tətbiq edilmiş halına gəldikdə ta orta əsrlərə gedib oradan misallar gətirməli olursan.

Əgər söhbət meyvə dükanından gedirsə müştərinin alma alması üçün onu Qubaya göndərmək, "get ordan al gəl" demək doğru deyil. Bunun kimi dini məsələlərdə də hər sözün, hər nəsihətin sonunda insanları ən az 300-400 il keçmişə göndərmək hasil olacaq təsiri azalda və yorucu hal ala bilər. Bu zaman insanlar haqlı olaraq bəs nə üçün dükanda yoxdur deyərlər. Ya da bu cür deməsələr də biz o insanlara təmsil və hal dili ilə deyil, sadəcə sözlə nəsihət vermiş olarıq.

Düzdür digər elm sahələrində olduğu kimi din sahəsində də bir İslam aliminin yetişməsi elə də asan məsələ deyil. Buna görə də keçmişdə yazılan hər hansı klassik İslami əsərlərə müraciət hər zaman qaçınılmaz hala gələ bilər. Bu da təbii haldır. Ancaq söhbət dinin yaşanmasından, gözəl əxlaqdan, nümunəvi davranışdan gedirsə burada da hər dəfə keçmişdən sitatlar gətirməyə ehtiyac duyulmamalıdır. İnsanların elə qarşısındakı şəxsdə ya da yaşadığı cəmiyyətdə o söhbət və nəsihətlərdə danışılan xüsusiyyətləri canlı olaraq görməsi gərəkir.

Bu minvalla hər hansı qeyri-müsəlman bir şəxsin İslamla maraqlanmasını meyvə dükanına girmiş bir müştəriyə bənzədə bilərik. Bu cür insan dağa-daşa düşmədən, uzaqlara ya da keçmişə gedib-gəlməyə ehtiyac duymadan almaq istədiyini elə oradaca, ya da ətrafındakı müsəlmanlardan ala bilməlidir. Əsl satıcı olmaq da dükana girəni əli boş geri qaytarmamaqdır. Əks halda əldə olmayan məhsulu satmağa çalışmaq, hər qapıya gələn müştərini başqa yerlərə göndərmək effektli satış metodu sayıla bilməz.

Misal üçün dini vəəz və söhbətlərdə söz ədalətdən düşəndə istər-istəməz ağla Həzrət Ömər gəlir. Həzrət Ömərdən misallar verməyə çalışırıq. Burada qeyri-adi heç nə yoxdur. Ancaq diqqət etsək burada da İslam dininin bir əmri olan insanlar arasında ədalətlə hökm vermək məsələsində dükana gələn adamı 13 əsr keçmişə aparmalı olduq. O keçmişə əlbəttə ki hörmətimiz sonsuzdur. Ancaq onu da bilməliyik ki, insanları İslamın bir gözəlliyi ilə tanış eləmək üçün hər dəfə onları 13 əsr geriyə aparmaq həm də günümüz müsəlmanlarının yaşamış olduğu problemi göstərir. Həyatda tətbiq edərək, təmsil və hal dili ilə İslamın gözəlliklərini insanlara çatdırmaqla hər dəfəsində tarixdən referanslar verərək İslamı anlatmağa çalışmaq və bunların arasında təsir baxımından fərqlər olduğunu düşünürəm. Bu mənada hər dövrdə nümunələri özündən olan müsəlmanların varlığı tarixi inkar etmək mənasına gəlmir. Əksinə Uca dinimiz İslamın hər zaman və hər dövrdə yaşana biləcəyini göstərir.

Burada məcazi olaraq işlətdiyim “dükan”dan bir müsəlman cəmiyyətini başa düşə bilərik. Orada yaşayanların 90 faizindən çoxu müsəlman olan bir şəhər məhz bu misaldakı meyvə-tərəvəz “dükanı”na bənzəyir. Qeyri-müsəlman bir şəxs bu dükana daxil olanda, ya da kənardan bu dükana baxanda milyonlarca dinini yaşamayan, aldatan, oğurluq edən insanlar görəndə istər-istəməz ağla yuxarıda bu dükan misalı gəlir.

Bütün bu məqamlardan sonra anlamaq olar ki, bugünkü dünyada Quran və hədislərdə buyurulan möminlərin vəsflərini, gözəl əxlaqın misallarını, nümunələrini özlərində cəm edən müsəlmanların var olması və yaşaması nə qədər ehtiyac duyulan məsələdir. Belə bir ehtiyacın həm özümüzə, həm də digər insanlara baxan tərəfləri var.

Təxminən bir il qədər əvvəl “Gözlər nümunə axtarır...” başlıqlı bir yazı yazmışdım. Həmin yazıda Amerikada yeni müsəlman olmuş bir məhkumla həbsxananın imamı arasında keçən dialoqdan bəhs olunurdu. Orada İslamı seçən məhbusun müsəlmanların əməllərinə, davranışlarına baxaraq məyusluq hissi yaşadığı vurğulanırdı. Əslində məkan və şəxslər dəyişsə də belə bir məyusluq hissi yaşayanların, ya da müsəlmanların belə bir məyusluq hissi yaşatdığı şəxslərin sayı kim bilir nə qədərdir? Düzdür, İslam ya da hər hansı dinin mənsublarına baxaraq o din haqqında hökm vermək doğru deyil. Bir din ilə o dinin mənsubları eyni şeylər demək deyil. Ancaq bir məsələ də var ki, məhz İslam ölkələrinin, müsəlmanların vəziyyətinə baxaraq İslam haqqında öz daxili dünyalarında hökm verən nə qədər insan var. Bu zaman bir həqiqət ortaya çıxır ki, gözlər həqiqətən də nümunə axtarır.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top