NAZİM MUSTAFAYEV

Qələmin ucundakı diyircək…

Qələmin ucundakı diyircək…

NAZİM MUSTAFAYEV

Yazı yazarkən kağızla ən son təmas edən qələmin ucundakı balaca bir diyircəkdir. İynə ucu qədər balaca olan bu diyircəyin kağız üzərində gəzməsi, bu diyircəyin kağızla təmas etməsi yazı yazma işində ən son mərhələni təşkil edir. Bununla yanaşı qələmin ucundakı diyircəyin yazılan yazının məzmunu ilə heç bir əlaqəsi yoxdur. Diyircək sadəcə əmr quludur. Öz iradəsi ilə hərəkət eləmir. Heç iradəsi də yoxdur desək daha doğru səslənər. Diyircək heç nədən xəbərsiz sadəcə oyana-buyana dönüb dolaşır.

Bəlkə ölüm fərmanı imzalayır, bəlkə kiminsə bəraət kağızının imzasını atır. Ya da fərqində olmadan milyonların sevərək oxuyacağı bir romanın, şeirin hərflərə, kəlimələrə bürünməsinə səbəb olur. Diyircək heç fərqində deyil ki, onu tutan əl dahi bir yazıçının əlidir və ya balaca uşaq qələmi əlinə alaraq cızma-qara edir. Əgər qələmi tutub qaldıran bir əl olmazsa, lap yüz il belə keçsə diyircək heç nə yazan deyil.

Yəqin ki diyircəyin heç bir iradəsi, seçimi olmaması ilə bağlı yuxarıda dediklərimlə razılaşarsız. Qələmi kağız üzərində hara hərəkət etdirsək ucundakı diyircək də ömrünün sonuna qədər oraya diyirlənəcək. Onun vəzifəsi süzülüb gələn mürəkkəbi kağıza bərabər şəkildə yaymaqdır. Bundan o tərəfinə qarışmır. Ortaya çıxan yazı, kəlimə və cümlələr isə diyircəyə deyil, o qələmi tutan ələ aiddir.

Söhbət diyircəkdən, iynə ucu qədər həcmdə olan balaca bir topdan düşmüşkən biraz da hüceyrədən danışmaq istəyirəm. Gəlin bir dərya olan hüceyrədən azacıq da olsa bəhs etməyə çalışaq... Sonra da qələm ucundakı diyircəklə bir hüceyrə arasında nə kimi əlaqə ola biləcəyinə nəzər yetirək...

Bütün canlılar hüceyrələrdən təşkil olunmuşdur. Hüceyrə bütün həyati xassələri özündə daşıyan canlı orqanizmin kiçik parçasıdır. Hətta o qədər kiçik ki, bir insanda 10 trilyon (1012)-dan artıq hüceyrə olduğu söylənir. Hər bir tikilinin əsas tikinti materialları daş və ya kərpic olduğu kimi bütün canlıların da tikinti materiallarından birini və əsasını hüceyrə təşkil edir. Ən bəsit bir hüceyrənin malik olduğu mexanizm insanın indiyə qədər hazırladığı, hətta xəyalını qurduğu bütün cihazlardan daha kompleks və mürəkkəbdir.

Görəsən qələm ucundakı diyircəyin iradəsinin olmaması, əmr qulu olması ilə bağlı dediklərimizi maddi varlığımızın əsasını təşkil edən hüceyrəyə də aid edə bilərikmi? Dil açıb danışsaydı bu barədə hüceyrə özü nə deyərdi? “Hər şey mənlikdir”, “hər şeyi özüm fərqində olaraq edirəm” deyərdi? Yoxsa, “mən də o diyircək kimi bir əmr quluyam, əmrə tabeyəm deyərdi?” Bədənimzdəki 10 trilyondan çox hüceyrənin sadəcə bir ədədini milyon dəfələrlə böyüdüb Bakı şəhəri qədər etsək oradakı mexanizmin Bakı şəhəri və içindəki tikililərdən, yollardan, metro xəttlərindən, müxtəlif idarə etmə mexanimzlərindən daha mürəkkəb quruluşa sahib olduğunu görərdik. Bir sözlə bədənimizdəki 10 trilyon hüceyrədən sadəcə bir dənəsi belə sözün əsl mənasında bir şəhər kimi işləyir.

Qələmin ucundakı diyircəklə onu hərəkət etdirən əl arasında cins fərqliliyi var. Yəni diyircəyi hərəkət etdirən, onunla yazı yazan, xariqələr ortaya çıxaran onun kimi eyni cinsdən olan başqa bir diyircək deyil, bir insan, düşünən bir beyin, bir sənətkar əlidir. Bəs görəsən hüceyrəyə əmr verən, ona görəcəyi işi bildirən onunla eyni cinsdən başqa hüceyrələr ola bilərmi? Ya da hər şeyi bu mikroskopik varlıq öz şüuru ilə edə bilər?

Hüceyrədən daha bəsit və daha sadə iş prisibinə sahib bir diyircəyin öz başına bir hərf belə yaza bilməyəcəyini deyir, bunu qəbul edirik. Ancaq nədənsə misal üçün söhbət gəlib hüceyrədən düşəndə burada bütün işi hüceyrədən bilir, bütün məharəti hüceyrədə görürük. Bu məntiqnən baxsaq gərək qələm ucundakı o balaca diyircəklərə “dahi yazıçı”, “nobel mükafatçısı alim”, “bəstəkar” və.s adlar verək. Bu isə bizi bir çıxmaza aparır. Bu çıxmazdan qurtulmaq üçün diyircəkdə olduğu kimi gərək biz insanlar hüceyrənin sahibini, ona əmr verəni, onunla bizi inşa edəni tanıyaq… Sən varsan, birsən deyək…

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top