NAZİM MUSTAFAYEV

Bir iman yolculuğu… -2-

Bir iman yolculuğu… -2-

NAZİM MUSTAFAYEV
Nəhayət, sehrbazlar: “Biz Harunun və Musanın Rəbbinə iman gətirdik!” – deyib səcdəyə qapandılar” (Taha, 20/70). Bu mənzərə necədə Məkkədəki söz sənətinin bütün incəliklərini bilən ərəb şairlərinin vəziyyətini xatırladırdı. Onlar da Quran qarşısında bu cür təslim olmuşlar. Bu kəlam bir bəşər sözü ola bilməz demiş və Həzrət Muhammədə (s.ə.s) iman etmişdilər.

Bu mənzərəni Firon qəbul edə bilməzdi. İşin sonu hara gedirdi? Belə davam etsə oradakı bütün xalq Həzrət Musaya iman edəcəkdi. Bu həm də Misirdə siyasi və sosial vəziyyətin kəskin dəyişməsi demək idi. Fironun izni və icazə olmadan onun təbəəsinin bu seçimi elə bil bardağı daşıran son damcı idi…

Firon bir dəfəsində “Həqiqətən, mən sizin ən uca Rəbbinizəm!” (Naziat, 79/24) demişdi. Onun belə bir iddiası var idi. Başqa bir dəfə də: “Mən sizin üçün özümdən başqa bir tanrı olduğunu bilmirəm” (Qəsəs, 28/38) demişdi. Əgər sehrbazlar misal üçün: “Aləmlərin Rəbbinə iman etdik” desəydilər Firon buradan özünə bir pay çıxara, “Onlar mənə iman etdilər” deyə bilərdi. Bu səbəblə Fironun iddiasını çürütmək üçün sehrbazlar, “aləmlərin Rəbbinə iman etdik” deyil, məhz: “Harunun və Musanın Rəbbinə iman gətirdik!” (Taha, 20/70) demişdilər.

Hələ təzəcə iman etmiş sehrbazlara Firon tərəfindən yağdırılan təhdidlərdən anlamaq olar ki, o dövrlərdə inanmaq kiminsə icasəzinə tabe idi. Din və inanc azadlığı kimi şeylər hələ Misir mədəniyyətinə gəlib çatmamışdı. Sehrbazların Həzrət Musaya iman etmələri, Fironun inanc azadlığına vurduğu zənciri qırıb atmışdı. Sevgi baxımından könül fərman dinləmədiyi kimi Allaha iman baxımından da könül fərman dinləməmişdi. Fironun, “Mən sizə icazə vermədən siz necə ona iman gətirə bilərsiz?” (Taha, 20/71) sualı və ardınca da: “Sizin əl-ayağınızı çarpaz kəsdirib xurma ağaclarının kötüklərindən asacağam” (Taha, 20/71) deməsi onun din və inanc azadlığı məsələsində nə qədər “tolerant” olduğunu göstərirdi. Günümüzdə insanlar heyvanlardan enərək təyyarələrə miniblər. Ancaq bu tendensiyanın, insanların din və inanclarına görə ayrı seçkiliyə məruz qalma hallarının günümüzdə də bir çox ölkələrdə davam etdiyini demək olar.
Fironun sehrbazları təhdid etdiyi o cəzanı tətbiq etdiyi, ya da etmədiyi barədə Quranda məlumat verilmir. Ancaq hadisələrin gedişindən anlamaq olar ki, Firon o təhdidləri yerinə yetirmişdir. Həmçinin İbn Abbas bu ayə haqqında belə demişdir: “Səhərçağı sehrbaz idilər, axşam isə şəhid olaraq dünyadan köçdülər”.

“Həzrət Məryəm”, “Həzrət Yusif” və.s kimi Quran qissələri haqqında filmlər çəkildiyi kimi “Həzrət Musa” və bəhs etdiyimiz bu ayələr haqqında da filmlər çəkilə bilər. Bu məqamlar filmin dili ilə də əlbəttə insanlara çatdırılmalıdır. Gəl gör ki, Quran ayəsindən, ya da film səhnəsindən çıxardaraq o despot Fironu öz həyatımızda müşəxxəsləşdirə bilirikmi? Görəsən o despotluqdan bir parça məndə varmı sualını özümüzə soruşa bilirkmi? Bilirsiniz?.. Despot olmaq üçün Fironun güc və imkanına sahib olmağa ehtiyac yoxdur. Çünki despot elə hər yerdə despottur. Fironun əlinə öz despotluğunu tətmin etmək üçün o cürə imkan keçmişdi. Kimin əlinə hansı imkan və güc keçdisə elə o ölçüdə despotluq edəcək. Yetər ki xislətində despotluq olsun…

Bir saat əvvələ qədər Firondan alacaqları hədiyyələrin, mükafatların hesabını aparan bu insanlar meydan oxuyurcasına, bəlkə də tarixin seyrini dəyişdirəcək bu sözləri deyirdilər: “İndi nə hökm edəcəksənsə, et. Sən ancaq bu dünyada hökm edə bilərsən! (Taha, 20/72).

Sehrbazlar Fironun onları sehr göstərməyə məcbur etməsini bəhanə olaraq göstərə bilərdilər. Ancaq onlar bu işdən əl çəkib tövbə edəndə bu təzyiqlərə baxmayaraq günahı yenə özlərində görürdülər. “Sən bizi məcbur etdiyinə görə günah da sənə aiddir” məntiqini kənara atmışdılar. Çünki onlar Fironun planına çanaq tutmuş, onun dəstəkçisi halına gəlmişdilər. Bu səbəblə də günahı özlərində görürdülər. Quranda bu məqam belə anladılır: Biz, həqiqətən, Rəbbimizə iman gətirdik ki, O bizi günahlarımıza və sənin bizi məcbur etdiyin sehrə (sehrlə məşğul olmağımıza) görə bağışlasın. Allah (sən Firondan) daha xeyirli və (Onun günahkarlara verəcəyi əzab) daha baqidir!” (Taha, 20/73).

Bu ayələrdən anlamaq olar ki, sehrbazlar iman etmənin günahların bağışlanmasına səbəb olacağını bilir və bunu dualarında dilə gətirirdilər. İnkardan imana keçişdəki köklü dəyişim keçmişin günhlarını siləcəyindən xəbərdar idilər. Sehrbazların bunu bilmiş olmaları onların geniş və sağlam bir dini məlumata sahib olduqlarını göstərirdi. Sağlam xarakter, sağlam və qərəzsiz dini biliklərə sahib olmaq kimi amillər onları imanla tanış eləmişdi.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top