NAZİM MUSTAFAYEV

Cadu və sehr haqqında bir neçə söz… -2-

Cadu və sehr haqqında bir neçə söz… -2-

NAZİM MUSTAFAYEV

Cadu ya da sehri metafizik varlıqların insan ruhuna və cəsədinə təsir etməsi, insanın qeyri adi şeylər hiss etməsi, duyması və görməsi kimi başa düşmək olar. İslam alimlərinə görə cadu ya da sehrin bəzi cürləri maddi dünyaya, insana təsir edə bilər. Ancaq bu təsir cadu və ya sehr edənlərin mütləq gücü və bacarığı sayəsində baş vermir. Əksinə bunun səbəblərini yerinə yetirməklə, sonra da Allahın yaratması ilə meydana gəlir. Əks halda hər hansı cadugər, ya da sehirbazda mütləq güc və qüvvətin olduğuna inanmaq Allaha ortaq qoşmaq deməkdir.
 
Gəlin belə bir misal verək… Bir bağban ağac əkir. Ağacın kök atması, meyvə verməsi bir başa bağbanın gücü və bacarığı ilə ölçülməməlidir. Burada bağban sadəcə ağacın kök atması, meyvə verməsi barədə Allahın yaratmış olduğu təbiəttdəki qanunlara riayət edir. Cadu ya da sehr də (hər təşbehdə müəyyən xətalar olmaqla yanaşı) biraz buna bənzəyir.
 
Nəticəyə çatmaq baxımından bir bağbanın etdiyi ilə bir sehrbaz ya da cadugərin etdiyi bir-birinə bənzəyir. Hər ikisi də Allahın yaratmış olduğu qanunlara riayət edərək nəticəyə çatırlar. Ancaq birincisi, yəni bağbanın etdiyi dinə görə savab və xeyirxah bir əməl, ikincisi, yəni cadugərin etdiyi isə İslama görə haram və böyük günahdır.
 
Bir tərəfdə insanların cəhaləti, İslami dəyərlərdən xəbərsiz yaşamaları bu kimi insanlara rəğbəti artırır. Digər tərəfdən də insanların bu cəhalətindən istifadə edənlər də bir “xilaskar” ədası ilə cəmiyyətdə özünü tanıtmağa çalışırlar. Ancaq yaddan çıxarmaq olmaz ki, iki yanlışı yan-yana gətirəndə bir doğru eləmir. Burada, “keçəlin əlində dərman olsaydı birinci öz başına yaxardı” məsəlini də yada salmaq olar. Sehr və ya cadunu ticari bir qazanc qapısı halına gətirmək, insanlardakı mənəvi boşluqları bunlarla doldurmağa çalışmaq susamış insana dəniz suyu verməkdən fərqi yoxdur.
 
İnsanlar, din sayəsində əldə etdikləri hüzur və səadəti cadu və sehr kimi başqa yollarla heç vaxt əldə edə bilməzlər. Dinin, xüsusilə İslamın insanlara həm bu dünya, həm də axirət üçün vəd etdiyi bir xoşbəxtlik və hüzur var. Ancaq heç bir cadu və ya sehr əməlində belə bir hüzur və xoşbəxtlik tapmaq olmaz. Bir Quran ayəsində də sehrbaz ya da cadugərin bu əməllərindən vaz keçmədikcə heç vaxt nicat tapa bilməyəcəyi xəbər verilmişdir (Taha, 20/69).
 
Buxari və Müslim kimi mötəbər hədis qaynaqlarında Həzrət Peyğəmbərimizə (s.ə.s) sehr edildiyi ilə bağlı rəvayətlər var. Etiqadi bir məzhəb olan Mötəzilə məzhəbinə görə, həmçinin bəzi müasir şərhçilər belə bir hadisəni qəbul etmək istəməsələr də mötəbər hədis kitablarında bu məsələdən bəhs edilmişdir.
 
Səhabələr Həzrət Peyğəmbərimizə (s.ə.s) olunan bu sehr məsələsini gizlədə, sonrakı nəsillərə ötürməyə bilərdilər. Ancaq onlar Allah Rəsuluna çox qısa müddətlik təsiri olan bu hadisəni nəql etməkdə hər hansı bir problem görməmişlər. Bu hadisə ilə Həzrət Peyğəmbərimizə (s.ə.s) İslamın əsaslarına heç cürə zərər verməyəcək şəkildə müvəqqəti bir təsir meydana gəlmişdir. Bu hadisə Allah Rəsulunun da (s.ə.s) bir bəşər olduğunu göstərən, belə bir müsibətə məruz qalanlara da bir çıxış yolu verən hadisədir.
 
Cəmiyyətdə kimi insanlar sehr və cadu əməlini özünə bir iş və sənət olaraq seçərək din və imandan uzaqlaşır. Kimi insanlar da cadu və ya sehr eləmək ya da edilən cadunu açdırmaq üçün qapı-qapı gəzərək bu kimi insanların yanına gedir, onlardan mədət umurlar. Ağıla gələ bilər ki, bəs görəsən nə üçün bu əməl küfr dərəcəsində ağır bir günahdır? Allaha (c.c) iman edirmişcəsinə sair varlıqlara bağlanmaq, onlardan bu mənada mədət ummaq çox təhlükəlidir. Bu əməlin küfr dərəcəsində bir günah olamsının altında yatan səbəb də budur.
 
Nə qədər ki, insanlar dinin və inancın əsl mahiyyətindən uzaq yaşayacaq, elə bu ölçüdə də sehrbaz, cadugər və bu kimi hoqqabazların on yalan içindəki bir doğrularına rəğbət göstərəcəklər. Elə insanlar var ki Allaha (c.c), Peyğəmbərə (s.ə.s) iman etmirlər. Ancaq hansısa vəzifəyə gəlib-gəlməyəcəyini öyrənmək üçün sehrbaz və ya falçıların qapısından əskik olmurlar. Bu kimi insanlar bəlkə də o sehrbaz və ya falçılara inandıqları qədər “Lə iləhə illəllah. Muhamməd Rəsulullah” həqiqətinə iman etməyiblər.
 
Məsələnin acı bir tərəfi də odur ki, bir yerdə din öz əslinə uyğun şəkildə danışılanda adı “dini təbliğat” olaraq hallanır. Ancaq sehrbazdan, falçıya, ondan da cadugərə qədər hər bir hoqqabaza bütün imkanlar səfərbər edilir, teliviziya kanalları, qəzet səhifələri öz qapılarını ardına qədər bu cür insanlara açır.
 
Bəli, cadu və onun insana təsir etməsi bir həqiqət olsa da, hər şeyi bu kimi cadu və sehrə gətirib bağlamaq doğru deyil. Başa gələn hər bir müsibəti cadu və sehrə bağlamaq yanlışdır. Cadu edilib və ya edilməyib, cin vurub ya da vurmayıb? Bunlar bəzi insanların başına gələ bilər. Dolayısı ilə bəzi insanların bununla imtahan olunduğunu da deyə bilərik. Ancaq başa gələn hər müsibətə, ya da balaca bir sıxıntıya qarşı cadu və sehr ehtimalını önə çıxaranda bu zaman fərqli mənzərələr ortaya çıxır… Misal üçün başı ağrıyan, mədəsi bulanan, ərə gedə bilməyən, həyat yoldaşı ilə arasında problemləri olan, ana və atası ilə keçinə bilməyən, uşağına söz dinlədə bilməyən, işləri yaxşı getməyən və.s kimi insanlar özlərinə cadu ya da sehr edildiyi düşünür, ətrafdakı insanların da təsiri ilə cadu və ya sehrə məruz qaldığına inanırlar.
 
Nəticə olaraq deyək ki, bəzi insanlara həqiqətən sehr ya da cadu edilmiş, xəbis ruhlu varlıqların hücumuna məruz qalmış, cin vurmuş ola bilər. Bunlar ümumiyyətlə Allahdan (c.c) uzaqlaşma, Həzrət Peyğəmbərimizə (s.ə.s) qarşı məsafəli durma, Qurandan ayrı qalma kimi hallarda baş verə bilər. Belə olanda da çarəni yaxınlaşmada, aradakı bu kimi məsafələri daraltmada axtarmaq gərəkir. İnsan Allaha yaxınlaşma yolları axtarmalı, Allah Rəsuluna (s.ə.s) yaxın olmalı, Qurana könlünü açmalıdır ki, uzaqlıq və yalnızlığın təhlükələrinə qarşı qoruna bilsin.

Qeyd: Yazının əvvəlini buradan oxuya bilərsiniz.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top