NAZİM MUSTAFAYEV

Cadu və sehr haqqında bir neçə söz… -1-

Cadu və sehr haqqında bir neçə söz… -1-

NAZİM MUSTAFAYEV

Cadunun varlığını və təsirini qəbul edən bir şəxs istər istəməz ruhun varlığını da qəbul etməli olur. Məsələ bununla da qalmır cadunun varlığını və bunun insan üzərindəki təsirini qəbul etmək Uca Yaradanın (c.c) yaratdığı cinlər tayfasını da qəbul etməyi bərabərində gətirir. Cadu əməlində insan nəfsindəki başqasına pislik etmə meyli, insandakı ruhun varlığı, bir də cinlər aləminin varlığı kimi faktorların əsas rol oynadığını demək olar.

İnsandakı başqasına pislik etmə meyli ilə bərabər işin içinə ruhun varlığı və cinlər aləmi də daxil olanda materialist görüşlü insanlar cadunu və bunun insana təsirlərini qəbul etməyə yanaşmır. Çünki o maddə aləmindən başqa heç bir şeyi qəbul etmədiyinə görə cadunu qəbul etmək onun dünya görüşünə, qurduğu məntiq sisteminə tərs düşür.

İnsanın bu dünyadakı varlığı ilə bağlı kimi zaman milyon illərlə ölçülən tarixlər verilsə də var olduğunu bildiyimiz mədəniyyətlərin izləri, onların tarixi ən yaxşı halda 10 min ya da 20 min ildən o tərəfə gedib çıxmır. Halbuki bu tarixlər dünyamızın yaşı ilə müqayisədə çox balaca rəqəmlərdir. Biz insanlar yaşadığımız bu dünyanın bəlkə də ən sonuncu və təbii ki uca dinimiz İslama görə ən üstün sakinləriyik. Milyonlarca il yaşı olan, ucu-bucağına hələ də gedib çata bilmədiyimiz, ehtimal ki çata da bilməyəcəyimiz bu kainatı və içindəkiləri biz insanlar olaraq 20 min illik varlığımız ilə anlamağa çalışmaq, bu haqda qəti söz demək biraz iddialı səslənir. Sual oluna bilər ki, yaşadığımız dünyanın, kainatın bütün sirlərini çözdük ki metafizik varlıqlar barədə də qəti bir söz deyə bilək!..

Metafizik aləmi qəbul etməyən insanın önünə ciddi mənada cadunun təsirində qalmış bir insan gətirilsə ona digər tibbi müalicələr məsləhət görəcək. Belə olanda da xəstəliyin təşhisi ilk başdan yanlış qoyulmuş olur. Bu mənada insan çox mürəkkəb varlıqdır. Zənnimcə buradakı problem ideoloji bariyerləri aşa bilmək ya da bu bariyerləri aşa bilməməklə bağlı məsələdir. Başdan yanlış addım atılanda onun müalicəsində də uğur qazanmaq mümkün olmur. Bir şəxs ya da həkim insanı sadəcə ətdən, qandan, sümükdən ibarət varlıq hesab edirsə bir insanın ruhunu və bədini əsir almış, ona bulaşmış xəbis ruhlu varlıqları, cinləri ondan dəf etməsi, ona əlac olması mümkün deyil.

Baktareyilar, viruslar maddi mənada insan bədənini xəstə edir, insan orqanlarının öz vəzifələrini yerinə yetirməyə mane olur. Bu mənada maddi xəstəlikləri insan şəksiz-şübhəsiz qəbul edir. Ancaq söhbət insan bədənini və ruhunu əsir alan, insanı özünü idarə etməkdən aciz buraxan, həmən yanındakı insanların belə görmədiyi şeyləri ona təxəyyül etdirən bir məsələ halına gələndə burada tərəddüdlər başlayır. Belə bir qüvvə varmı, bunun təsiri hara qədərdir, əlacı nədir kimi suallar ortalıqda dolaşır.

Zənnimcə insanların əvvəla bu testdən keçməsi, bu sualları cavablaması gərəkir. Bundan sonra yola davam etmək olar. Əks halda düşməni tanımadan onunla savaşmağa çalışmaq kimi bir vəziyyətə düşmüş olarıq. Bəri başdan inkar etdiyin, qəbul etmədiyin bir xəstəliyi ya da problemi çözməyə çalışmaq hara gedəcəyini bilmədən dənizdə kürək çəkməyə bənzəyər.

Cadu əməlini bir silaha da bənzədə bilərik. Bir şəxsə açıq-aydın silahla xəsarət yetirməkdən çəkinən, buna cəsarət etməyən ya da bunun hüquq qarşısındakı məsuliyyətindən çəkinən xəbis ruhlu insanlar gedib cadu əməlindən sarılırlar. Cadu əməli istifadə edildiyi təqdirdə qarşı tərəfdə təsir meydana gətirən, yeri gələndə yaralayan, yeri gələndə hətta öldürə bilən soyuq ya da odlu silahdan heç də geri qalmır.

Burada diqqət etməmiz gərəkən bir məsələ var… Yeri gələndə məişətdə istifadə olunan bir bıçaq belə soyuq silah kimi istifadə olunur. Onunla bir cinayət törədilir. Bu zaman şərr haradadır? Şərr bıçaqdır, yoxsa bu bıçağı bir cinayət əməlində istifadə etməkdədir? Əlbəttə biz bıçağa öz-özlüyündə şərr deyə bilmərik. Şərr məhz insan əməlindədir.

Cadu əməlini də bu misala bənzədə bilərik. Bəli, belə bir təsir var. Bu qəbul olunur. Sadəcə bundan istifadə edilməsi dinən yasaqlanır. İçki də var. Ancaq onu içmək haramdır. Zina əməli də bir “güc” ya da “qüvvə” halında var. Ancaq bu feli meydana gətirmək, bu əməli gerçəkləşdirmək, ona doğru gedən yolda adım atmaq böyük günahdır. Sehr və cadu da bunlar kimidir. Belə bir elm var. Sadəcə ondan istifadə etmək, ona inanmaq Allaha şirk qoşmaq dərəcəsində böyük günahdır. Bu əməlin Allaha ortaq qoşmaq dərəcində böyük günah olmasının səbəbi isə bu əmələ sarılanların Allahdan başqa güc və qüvvət sahibi olduğuna inanmalarıdır.

Odlu ya da soyuq silahla törədilən cinayətlərin üstü cadu əməli ilə edilən cinayətlərə nisbətən tez açılır. Bəlkə də cadu əməli heç cinayət xarakteli bir əməl olaraq da hesab edilmir. Həmçinin cadu əməli təsirləri açıq-aydın ortada olsa da yeri gələndə heç cinayət tərkibli bir iş kimi də sayılmır.. Bu əməli törədənin kimliyini müəyyən etməkdə yaranan çətinliklər zənnimcə bunun təməlində yatan səbəblərdən biridir. Halbuki hüquq sistemində dəlillərin açıq və qəti olması gərəkir. Bir də cadunun dini cəhətdən varlığı qəbul edilsə də elm aləmində və hüquqi mənada varlığı və təsiri barədə hələ də tərəddüdlər var. Bu tərəddüdlər bu əməlin cinayət tərkibli bir əməl hesab edilib-edilməməsində təsir göstərir.

Belə olan halda bir insanı yaralayan şəxs hüquqi mənada qanun qarşısında məsuliyyət daşısa da bir insanı yaralamaqdan daha betər edən, ailələrin dağılmasına səbəb olan, dolayı yollarla cinayətin işlənməsinə səbəbiyyət verən cadu əməli, bunu pul qarşılığında edən və etdirənlər qanun qarşısında məsuliyyətdən yayına bilirlər.

Qeyd: Yazının davamını buradan oxuya bilərsiniz.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top