NAZİM MUSTAFAYEV

Bir bayram namazı

Bir bayram namazı

NAZİM MUSTAFAYEV
Bir gün əvvəldən qərara gəlmişdik ki, Qurban bayramı namazına Heydər məscidinə gedək... Axşam məscidin feysbuq səhifəsinə baxanda orada sabahkı bayram namazının qılınma vaxtı 08:30 olaraq göstərilmşdi. Səhəri günü evdən tez çıxdıq ki, vaxtında çataq... Əslində metro ilə gələsi olsaydıq minəcəyimiz metroya qədər piyada getmək, 8 stansiya getdikdən sonra “Nəsimi” metrosundan çıxıb, yenə məscidə qədər piyada getmək, bütün bunlar 50 dəqiqə vaxt alacaqdı.
Nə isə son anda qərara gəldik ki taksi çağıraq... Beləcə taksi gəldi. Artıq 15 dəqiqə sonra biz məscidin həyətində idik. Məscidə daxil olub saata baxanda 07:50-ni göstərirdi. Namazın qılınmasına hələ 40 dəqiqə qalsa da məsciddə artıq çox insan var idi. Yavaş-yavaş da gəlməyə davam edirdilər...

Əslində bu qədər insanı hansısa başqa vaxtda, başqa bir yerə toplayaraq seminar ya da konfrans vermək böyük bir iş və təşkilatçılıq tələb edir. Bir bayram sabahı məscidə gələn insanlar isə xüsusi dəvətnamələr yazılaraq çağırılmamış, əksinə “Rəbbin üçün namaz qıl və qurban kəs” (Kövsər , 108/2) ilahi buyuruğunun ilkini, yəni “namaz qıl” hissəsini yerinə yetirmək üçün gəlmişdilər. Ayədəki ikinci “qurban kəs” əmrini isə imkanı olub kəsə bilənlər namazdan sonra yerinə yetirəcəkdilər.

Belə baxanda cümədən-cüməyə, ya da bayramdan-bayrama dolan məscid səfləri yenə bir bayram səhəri dolmuşdu. Hər təbəqədən, hər yaşdan, qadınlı, kişili mindən çox insan bir araya gəlmişdilər.

Namaza qədər ki bu vaxt ərzində müxtəlif işlərlə məşğul olanlar var idi... Yanında uşağı ilə iki rükət namaz qılan, çoxdandı görmədiyi dost-tanışı ilə isti söhbətə girişən, selfi çəkdirib kiməsə göndərən, məscidin hündür gümbəzinə, çılçıraqlara ya da divarlardakı bər-bəzəklərə, naxışlara baxanlar və.s... Bir sözlə məşğuliyyətlər müxtəlif olsa da hər kəs Allah evinin qonağı idi.

Təbii ki bu sadalanlar məscid divarlarında əks-səda verən anlaşılmaz bir səs-küyü də bərabərində gətirmişdi. Bütün bunlarla yanaşı eşitmək istədiyim bir səs var idi ki, nədənsə o səsi eşitmirdim. Düşünürdüm ki o səsin yayılması bu bayram ab-havasına daha uyğun gələrdi. Allah evinin qonaqları o səsin yayılması ilə namaza qədər ki 40-50 dəqiqə ərzində bir çox faydalı şeylər öyrənə bilərdilər. Bu səs xüsusi olaraq kiminsə səsi deyil, məhz kürsüdə insanlara söhbət edəcək bir vaizin səsi idi.

Televiziya proqramları ya da yutub səhifələri ilə də minlərcə insana çatmaq olar. Ancaq bu zaman minlərlə insanla üz-üzə, göz-gözə gələrək söhbət edilmir, sadəcə kamera obyektivinə baxılır. Məscid atmosferində ediləcək bir vaaz ya da söhbətin yeri isə hər halda başqadır.

Düzdür balaca bir uşağın ata-anasının əlindən tutaraq məscidə gəlməsi, o qədər insanla birgə namaz qılmaları uşaqlar üçün o gün adına ən yadda qalan hadisədir. Uşaqların məscidə gəlib vaaz dinləmələrinə elə də ehtiyac yoxdur. Onların məsciddə olmaları onlar üçün elə öz-özlüyündə nəsihətdir. Bəs böyüklər üçün də məsələ belədirmi?

Məsciddəki bu qədər insanı “Səadət əsri”nin səmalarında gəzdirmək, ya da o Peyğəmbər (s.ə.s) əsrindən bir damla gətirərək insanlara təqdim etmək əsl bayram hədiyyəsi olardı. Zənnimcə bu müsbət mənada qaçırılmaması gərəkən bir fürsətdir. Gəlin növbəti bayram günlərində bu fürsəti qaçırmayaq...

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top