NAZİM MUSTAFAYEV

İşarə barmağına yoxsa işarə olunan yerə baxmalı?

İşarə barmağına yoxsa işarə olunan yerə baxmalı?

NAZİM MUSTAFAYEV

Əgər bir şəxs sizə yağışlı havadan sonra səmadakı göy qurşağını göstərsə siz nə edərsiz? Həmin şəxsin işarə barmağına, yoxsa işarə olunan göy qurşağına baxarsız? Sizcə göy qurşağını göstərən şəxsin əsas məqsədi nə ola bilər? Hər kəsin onun işarə barmağına baxması, yoxsa sizə göy qurşağını göstərmək istəməsi? Onun göstərdiyi yerə deyil, diqqətlə işarə barmağına baxanları görsəz onlar haqqında nə düşünərsiz? Ümumiyyətlə siz belə vəziyyətdə hara baxardız? O adamın işarə barmağına yoxsa səmadakı göy qurşağına?

Bugünlərdə Kəhf surəsinin 20-ci ayəsinin təfsirinə, izah və şərhlərinə baxırdım. Bu ayədə xəbər verilən dialoq mağarada gerçəkləşdiyinə görə qərara gəldim ki, bir də Tarsusda, Naxçıvanda, İordaniyada və digər məkanlarda olduğu rəvayət edilən “Əshabı-Kəhf” mağaraları haqqında məlumat toplayım, bu məkanlar haqqında varsa video və bəlgəsəllərə baxım. Belə də etdim... Açığını deyim həm Naxçıvanda, həm də Tarsusdakı “Əshabı-Kəhf” mağaraları elə öz-özlüyündə gəzməli, görməli yerlərdir.

Bu zaman bir məsələnin fərqinə vadım... Sanki insanlar daşdan, qayadan ibarət olan mağaralara daha çox önəm verir, ayənin mahiyyəti isə qalıb kənarda... Ümumiyyətlə bu və ya digər Quran qissələrinin cərəyan etdiyi rəvayət olunan məkanlara ilişib qalmaq, hətta oraları müqəddəs hesab etmək bizi ayələrin əsas məqsədindən, mahiyyətindən uzaqlaşdırır.

Bir çox Quran qissəsində hadisələrin cərəyan eytdiyi məkanlar dəqiqliklə verilmir. Bu səbəblə bizim sırf mağara axtarışına çıxmamız yazının başında verdiyim misaldakı kimi işarə olunan yerə deyil, məhz işarə barmağına baxmağa bənzəyir.
Üç əsr mağarada yatıb qalan yeddi gənc oyandıqları zaman öz aralarında belə bir dialoq keçmişdi: Doğrusu, onlar sizi ələ keçirsələr ya sizi daşqalaq edəcək, ya da öz dinlərinə döndərəcəklər. Belə olacağı təqdirdə, siz (nə dünyada, nə də axirətdə) nicat tapa bilməzsiniz!” (Kəhf, 18/20). Aradan uzun illər keçməsinə baxmayaraq mağaradakı bu yeddi gənc hələ də zalim kral Dakyanusun dövründə yaşadıqlarını zənn edirdilər. Bu səbəblə də qorxu və təşviş içərisində bir-birilərinə ehtiyatlı davranmağı məsləhət görürdülər.

Əshabı-Kəhf, yuxunun nə qədər davam etdiyini bilmədikləri üçün hələ də sosial təzyiqlərin davam etdiyini zənn edirdilər. Ayədəki ifadədən başa düşmək olar ki, “ya dinini dəyişdirəcəksən, ya da daşlanaraq öldürüləcəksən” şəklindəki bir təzyiq bütün insan hüquq və azadlıqlarını yerlə yeksan edirdi. Həyat haqqı təhlükədə, inanc və etiqad azadlığı isə ayaqlar altında idi. İnanc və etiqad azadlığının yoxluğu, insanların həyat haqqını da təhlükədə qoyurdu.
Görəsən bu ayədən günümüz üçün çıxarılacaq hansı dərslər var? Bu ayədə bir fərd ya da cəmiyyət olaraq hansı mesajları ala bilərik? Ümumiyyətlə bu ayə bizə nəyi anladır, işarə olunan həqiqətlər, dərslər nələrdir?

Bu yeddi gənc ayədə xəbər verildiyi üzrə: “...Ələ keçirilsələr daşqalaq edilməkdən qorxurdular” (Kəhf, 18/20). Günümüzdə eynilə daşqalaq olmasa da, dini, əqidəsi, irqi, dili ya da dünya görüşü fərqli olduğuna görə insanların başına bombalar yağır. O dövrdəki daşqalaq etmə, günümüzdə bombalama şəklinə dönüb. Bu bombaların daşqalaq edilməkdən fərqi yoxdur. Hətta göydən yağan bombalar daşqalaqdan daha betərdi.

İnsanların dininə, inancına görə təqib olunması, belə bir “mağara” dönəmi, sosial həyatdan təcrid olunmaları, hətta haqlarında ölüm hökmü çıxarılmaları bu gün belə dünyamızda yaşanan mənzərələrdir. Bu minvalla kimi məkanlarda hələ də bu yeddi gəncin mağaraya sığınmaq məcburiyyətində qaldığı Dakyanusun dövrünün keçmişdə qalmadığını, hələ davam etdiyini söyləyək olar.

Mağaradakı yeddi gənc həmçinin, “yaxalansalar şəhərdəki hakim təbəqənin dininə zorla daxil edilməkdən qorxurdular” (Kəhf, 18/20). Günümüzdə bu gün Uyğur türklərinə toplama məntəqələrinə tətbiq edilən belə bir beyin yuma fəaliyyəti deyilmi? Bir mənada Əshabı-Kəhfin qorxduğu iş Uyğur türklərinə başına gələnlə eyni deyilmi? Çox da uzağa getmədən 40-50 il əvvəl öz məktəblərimizdə, universitetlərimizdə sovet dövründə keçilən ateizm dərsləri əslində Əshabı-Kəhfin qaçdığı, çəkindiyi və məhz buna görə mağaranı tərcih etdiyi məsələ deyilmi? Bu minvalla Əshabı-Kəhfin mağarasını uzaqlarda, qayalıqlarda axtarmağa ehtiyac qalmır.

Bir şəxs qəlbən mömin olduğu halda bir məcburiyyət səbəbilə istəmədən özünü dinsiz kimi göstərsə kafir olmaz. Bununla birlikdə istəməyərək dinsizliyi qəbul edən kimsə, get-gedə dinsizliyə öyrəşməsi, qəlbinin küfrə meyl etməsi, yavaş-yavaş inancını itirməsi ehtimalı da var. Əshabı-Kəhf belə bir fəlakətə düşməmək bütün məcburiyyətlərə sinə gərməyi seçmişdi.

Nəticə olaraq deyə ki, əgər günümüzdə də din, etiqad və söz azadlığı heçə sayılırsa, insanlar təqib altında qalırsa deməli keçmişdə olduğu kimi daşdan, qayadan mağaralarda olmasa da günümüzdə də sosial mağaralara tərk edilmiş söz və düşüncə sahibi, dini və milli kimliyə sahib insanlar var. Elə görünür ki, insanoğlu texnoloji yeniliklərlə həyatı daha asan etməyi bacarsa da, din və inanc azadlığı, dini və milli dözümlülük kimi məsələlərdə çox da irəli gedə bilməyib.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top