NAZİM MUSTAFAYEV

Evakuator üzərindəki qəzalı maşın

Evakuator üzərindəki qəzalı maşın

NAZİM MUSTAFAYEV
Bir videoda 50-60 nəfərlik bir qrup bir qadını daşqalaq edərək həyatına son verir. Ürəyi zəif olanların baxması məsləhət görülməyən həmin videonun altında belə bir şərh vardı: “Başlarına bir çuval keçiriləcək. Günəşə sonuncu dəfə baxacaqlar. Gördükləri son şey bəlkə də əllərində daşlarla hazır gözləyən bir qrup insan olacaq…” Həmin yazı daha da dramatik halda davam edərək qadının qanlar içində ölümünə qədər bütün mənzərəni təsvir edirdi.

Keçənlərdə bir dostumun göndərdiyi bu 3 dəqiqəlik video və altındakı şərhi oxuyanda ağlıma evakuator üzərində təmirxanaya gətirilmiş qəzalı bir maşın misalı gəldi. Deməli qəzaya uğramış bir maşını evakuatorla təmirxanaya gətirirlər. Maşın dərədən aşağı yuvarlanmış, demək olar ki sağ-salamat bir yeri qalmamışdı. Usta maşına baxanda əvvəlki kimi olmasa da bu maşını yenidən həyata qaytara biləcəyini deyir. Bunun üçün o maşın üzərində həftələrlə işləyəcəkdi. Əzilən yerləri dartaraq yenidən öz yerlərinə gətirəcək, qaynaqdan istifadə edəcək, eyni yeri çəkiclə bəlkə də yüzlərcə dəfə döyəcləyəcək, bir çox hissəni, detalı dəyişəcəkdi. Bütün bunlar üçün də təmirxanadakı onlarca müxtəlif alətdən istifadə olunacaqdı.
Əslində qəzaya məruz qalan sadəcə maşınlar deyil, bəzən sözlər, cümlələr, məna və düşüncələr də qəzaya məruz qalır. Qəzalı maşının düzəlməsi üçün ustanın günlərcə üzərində işləməsi gərəkdiyi kimi dostumun göndərdiyi həmin video və şərhlə bağlı da bir çox düzəlişlər etmək, üzərində işləmək gərəkirdi.

İnsanların geyimindən, danışığından həmin video Əfqanıstanda çəkilən bir videoya oxşayırdı. Video və altına yazılan şərhdən başa düşmək olar ki, bu kimi video ya da şəkillərlə, yönləndirici yazı və şərhlərlə uca dinimiz İslama qara yaxmaq, hədəf taxtası halına gətirmək, “baxın İslam budur!” mesajı verilmək istənir. Belə videolara adətən sosial media məcralarında “ateist”, “deist” başlıqlı səhifələrdə rast gəlmək olar.

Əvvəla onu demək gərəkir ki, inkişafdan çox geridə qalmış dünyanın üçüncü ya da dördüncü sinif ölkəsində tətbiq edilən belə bir cəza həmən gözə batır. Demək olar ki həyatın öz axarında normal davam etmədiyi, hər gün onlarca insanın terror və s. bu kimi səbəblərlə dünyasını dəyişdiyi bir yerdə “İslam adına” belə bir cəza tətbiq etmək istər-istəməz ağıla şübhələr gətirir. Dünya ölkələrini 50-60 il arxadan təqib edən, inkişafdan əsər əlamət olmayan yerdəki belə bir mənzərə “İslami yaşam” olaraq deyil, oradakı ümumi ab-havanın bir parçası kimi anlaşılır.

Elmə və təhsilə dəyər vermək, bir ölkə ya da şəhərdə tibbin və səhiyyənin inkişaf etməsi, güclü həkimlərin, xəstəxanaların, şəhər mədəniyyətinin mövcud olması, universitetlərin, istehsal obyektlərinin, iş yerlərinin, iqtisadiyyatın güclü olması və s. kimi xüsusiyyətlər İslamın, müsəlman kimliyi daşıyan hər bir şəxsdən, cəmiyyətdən istədiyi xüsusiyyətlərdir. Bunların heç birinə əməl etmədən, ancaq “İslamı yaşamaq” adına, “İslama xidmət” adına “rəcm” cəzasından sarılmaq, bununla özünü və İslamı “tanıtmaq” insanların cəhalətindən başqa bir şey deyil.

Bir müsəlmanın da həmən ağlına: “İslamda belə bir cəza varmı?” “Quranda daşqalaq (rəcm) cəzası varmı?” “Belə bir cəza Həzrət Peyğəmbərimiz (s.ə.s) dövründə tətbiq edilibmi?” kimi suallar gələ bilər.

Quranda evli olmayan şəxslərin zina əməli ilə bağlı yüz dəynək vurma cəzası var. Evli şəxslərin zina əməli ilə bağlı isə hədislərdə rəcm (daşlayaraq öldürmə) cəzası verilmişdir. Bu rəcm cəzasının tətbiq edilməsi üçün dörd şahidin hadisəni açıq aydın görməsi gərəkir. Misal üçün üç nəfərin şahidliyi ilə rəcm tətbiq edilməz, əksinə bu hal qadına iftira atmaq mənasına gəlir. Bir tərəfdən “başqasının evinə girəndə ev əhlindən icazə istəmək”lə bağlı ayələri nəzər salanda rəcm cəzası üçün isə dörd şahidin tələb edilməsi bu zina əməlinin açıq-aydın və insanların arasında işlənməsi deməkdir. Bu da İslam hüququnda bir cəmiyyəti ifsad etmək, ailə dəyərlərini heçə saymaq mənasına gəlir və ağır bir cinayət sayılır. Hədislərdə keçdiyi qədər bu cəza hər nə qədər Peyğəmbər dövründə çox az tətbiq edilsə də, əslində cəzanın bu qədər ağır olması məhz bu əmələ görə deyil, bu əməlin açıq-aydın işlənməsi, cəmiyyətin əxlaqını pozması və nəticələrinin ağır olmasına görədir.

Əslində söhbət edam və.s kimi bir insanın ölümü ilə nəticələnən bir cəzadan gedirsə bu sözsüz ki ağır cinayətlərə görə verilən cəzalar sinfinə daxildir. Bu kimi məsələlər İslam hüquq sistemində, İslam hüquq nəzəriyyəsində ya da ümumiyyətlə dünyada tətbiq edilən hüquq sistemlərində ağır cinayətlərə verilən cəzalarla bağlı məsələdir. Bu sahələrlə bağlı anlayışı olmayan bir insan üçün “İslamda vardır”, “İslamda yoxdur” kimi bir-iki kəliməlik cavablar bir məna ifadə etməyəcək.

Cəza nəyə görə təyin edilir? Misal üçün qırmızı işıqda keçmənin cəzası nəyə görə verilməlidir? Cəza bir dəfəyə məxsus qırmızı işıqda keçdiyinə görəmi, yoxsa ümumiyyətlə insanları qırmızı işıqda keçməkdən yayındırmaq, o əməldən uzaq tutmaq, caydırmaq məqsədiləmi verilməlidir? Qırmızı işıqda keçmənin cəzasını 5 manat, 30 manat ya da 500 manat olduğunu düşünək? Bu cəzalardan hansı biri həm sürücüləri həm də piyadaları qırmızı işıqda keçməkdən yayındırar? İnsanlar 500 manat cəriməsi olan bir əməli işləyərmi? Ya da sürət həddini aşmanın cəzasını 20 manat, 60 manat ya da insan öldürməyə cəhd maddəsi ilə hakim qarşısına çıxarılmaq olduğunu düşünək... Yenə burada da cəzanın hansı miqdarı insanları sürət həddini aşmaqdan çəkindirər? İnsanlar 20 manatı, 60 manatı hər dəfəsində ödəyərək yenə sürət həddini aşa bilərlər. Ancaq işin sonunda insan öldürməyə cəhd maddəsi ilə hakim qarşısına çıxmaq varsa neçə nəfər sürət həddini aşar, neçə nəfər özünün və başqalarının həyatını risqə atar?

Quran ayələrində bildirilən, ya da Peyğəmərimizin sünnəsində tətbiq edilən cəzaların bir qismində caydırıcılıq funksiyasının olduğunu görürük. Yəni məqsəq burada bir cinayətə görə insanlara cəza vermək, cərimələmək deyil, cəzanı çox ağır qoyaraq ümumiyyətlə o cinayətdən insanları çəkindirməkdir.

İlahi mənbəli olmasa da insanların ortaya çıxardığı qanunlarda da ağır cinayətlərə ağır cəzalar verilir. Deməli bu və ya digər obyektiv səbəblərə görə müəyyən edilən ağır cinayətlər var. Təbii ki ağır cinayətlərə verilən cəzalar da ağır olmalıdır. Əks halda həmin ağır cinayətlər insanların gözündə öz ağırlığını itirər. Bu da yenə insanlığın, cəmiyyətin zərərinə işləyən məsələ olacaqdır.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top