NAZİM MUSTAFAYEV

"Təkasur"un mənası nədir?

"Təkasur"un mənası nədir?

NAZİM MUSTAFAYEV
Qış fəslinin gəlməsinə az qalmış durnalar isti diyarlara üz tuturdular. Balaca uşaq səmaya baxaraq atasından soruşur: "Ata bu durnalar hara uçurlar? Getdikləri yerdə nə var?" Uşaq sadəcə durnaların uçduğunu görür. Hara və niyə uçduqlarını anlamır. Biz insanların halı bir az bu uşağın halına bənzəyir. Hər keçən gün yanımızdan, tanıdıqlarımızdan kimlərsə başqa diyara, başqa aləmə bizi tərk edərək gedir. Durnaların uçub getdiyini görən o uşaq kimi biz də onların bizdən uzaqlaşdığını görürük. Ancaq bir məna verməkdə, getdikləri yerin mahiyyəti anlamaqda çətinlik çəkirik. Başqa bir mənbədən cavab tapmasaq onların hara getdiklərini öyrənə bilməyəcəyik. Bu başqa mənbə isə Qurandır. Bizi tərk edib gedənlər isə vəfat edən yaxınlarımızdır. Bizlər bəlkə də yoxluq olduğunu düşünəcəyimiz o qəbir qapısının Quran vasitəsilə əslində əbədi yolculuğun başlanğıcı olduğunu öyrənirik.

Quran bizə axirətin varlığından, o əbədi həyatdan xəbər verməklə yanaşı həm də bu dünyadakı həyatımızı tənzimləyən qaydalar, əxlaqi prinsiplər gətirir. Təkasur surəsində də həyatımızı tənzimləyən, insanın yanlış əməllərini göstərən ayələrlə qarşılaşırıq. Görəsən bu yanlışlar nələrdir? Təkasur surəsində insanın hansı yalnış əməlləri xəbər verilir? Sualın cavabına gələcəm...

Bir televiziya kanalında "Somali bəlgəsəsi"nə baxmışdım. Yoxluq, qıtlıq, fəqirlik, susuzluq, onlarca xəstəliklər, gözlərdə əmələ gələn kataratklar insanların belini bükmüş, həyatını qaraltmışdı. Bir mənada: "Buralarda insanlığın dramı yaşanır" deyə bilərik. Bu bəlgəsələ baxanda ağlımda başqa bir dram, başqa bir insanlıq faciəsi canlandı. Bəs görəsən mənəvi xəstəliklərin fəsadları, ruhun mənəvi qidadan yoxsun qalması insanları nə hala salır.

Bu mənəvi xəstəliklərdən biri Təkasur surəsində buyurulduğu üzrə oğul-uşaq və qohum-əqrəba çoxluğu, mal-dövlət və s. kimi hər dövrün şərtlərinə görə maddi zənginlikləri üstünlük vəsiləsi qılmaq, bu yolda bir yarış havasına girməkdir. Belə bir hərislik, belə bir üstünlük yarışı fərdi bir problem olduğu kimi həm də bir cəmiyyəti öz cənginə almış ümumi bir mənəvi xəstəlik halına da gələ bilər.

Təkasür surəsinin 1-2-ci ayələri də məhz bu mövzudan bəhs edir. Bəlkə də dünyanın bir tərəfi belə bir mənəvi böhran, zənginlik və mal-dövlət yığma yarışına girdiyi üçün dünyanın digər tərəfindəki Somalinin ya da bu kimi ölkələrdə yaşayan insanların payına da maddi böhranın əltında əzilmək düşüb...

Bu bəlgəsəldə göstərildiyi kimi aclıq, susuzluq, bəlkə də bir ömür boyu ən bəsit bir xəstəliyin müalicəsindən məhrum qalmaq insanların yaşadığı bir dram və maddi bir böhrandır. Eynilə bunun kimi Quranın mənəvi iqlimindən kənarda yaşamaq da sosial həyatda bir-sıra mənəvi böhranlara, xəstəliklərə yol açır. Bu mənəvi xəstəliklərdən biri insanların heç bir əsası və qarşılığı olmayan üstünlük yarışına girmələridir. Bu üstünlük yarışı elə bir həddə gəlib çatır ki, ayədə keçdiyi üzrə insanlar məzarlarda yatan ölülərini sayıb, onların da çoxluğu ilə fəxr etməyə başlayırlar.

Quranda belə buyurulur: "Çoxluq ilə öyünmək sizi o qədər şirnikləndirdi, başınızı qatdı ki, Hətta (məzarlarda yatan ölülərinizi sayıb, onların da çoxluğu ilə fəxr etməyiniz üçün) qəbirləri ziyarət etdiniz" (Təkasur, 102/1-2).
Mikro ölçüdə çoxluqla öyünmə ilə bağlı belə bir misal vermək istəyirəm. Deməli dörd tələbə yataqxanada bir otaqda qalır. Aralarında ən gənc olanı digər tələbə yoldaşlarına hər gün belə deyirmiş: "Mənim indiyə kimi 100 manatdan az pulum olmayıb!" Günlər keçdikcə hər kəs bu yersiz cümlədən təngə gəlir. Ancaq nə deyəcəklərini, nə edəcəklərini bilmirlər. Axırda digər tələbələrdən biri bu tələbəyə yarı zarafat, yarı gerçək belə bir sual verir: "Birdən pulun 99 manata düşsə, ya da 95 manat olsa nə edəcəksən? Nə baş verər? Bu sual qarşısında o tələbə bir daha o cümləsini təkrarlamır.

Bundan əlavə bir də makro ölçüdə çoxluqla öyünmələr var ki, günümüzdə instagram və bu kimi sosial media məcralarını çoğluqla öyünmə həvəskarlarının “ideal” yarış arenası hesab etmək olar.

Surədə "çoxluqla öyünmək" mənasına gələn "təkasur" kəlməsi ərəb dilindəki müəyyənlik artiklı olan "əlif" və "ləm" hərfləri ilə (marifə olaraq) yazılmışdır. Buradan dini cəhətdən qadağan edilən çoxluqla öyünmənin müəyyən bir sahəyə aid olduğunu anlayırıq. Deməli elmin, Allaha ibadətin, gözəl əxlaqın çoxluğu ilə öyünmək başqalarını bu əməllərə təşvik mahiyyətli olduğu müddətcə dini baxımdan yasaqlanmayıb.

Nəticə olaraq deyək ki, övlad və mal-dövlətin çoxluğu ilə öyünmək bir imtahan vəsiləsi olaraq insan fitrətinə yerləşdirilib. Sadəcə olaraq bu yarış xeyir əməllərdə, insanlara faydalı olan işlərdə yarışmaq kimi daha uyğun kanallara yönləndirilməlidir. Əks halda ortaya acı mənzərələr çıxır… Dünyanın bir tərəfində bir tikə çörəyə möhtac ac və susuz milyonlarca insan yaşayır. Digər tərəfində, ya da elə o ac və susuz insanların həmən yanında isə bundan sonrakı yeddi nəslinə yetəcək qədər malı olan, ancaq hələ də dünya hərisliyi içində boğulan insanlar var. Bu mənzərə məhz çoxluqla öyünmənin, mal-dövlət yığma yarışının acı nəticəsidir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top