NAZİM MUSTAFAYEV

Səmadan ordu enərmi?

Səmadan ordu enərmi?

NAZİM MUSTAFAYEV
Əgər söhbət hərbi mənada bir ordudan gedirsə, bəli səmadan ordu enər. Hərb tarixi baxımından son 70-80 ildə dünyada bunun onlarca misalı var. Təyyarələrin inkişafı insan övladını bu yeni oyuncaqlarla tanış etmiş, bir sıra savaşlarda minlərcə əsgər hərbi sursatla birlikdə lazımi yerlərə paraşütlə endirilmişdir.

Mövzumuz hərb tarixi ya da savaş texnologiyaları barədə olmasa da, yazıya belə bir girişlə başlamaq istədim. Yasin surəsində belə buyurulub: Ondan (Həbib Həccardan) sonra tayfasının üstünə göydən heç bir ordu göndərmədik və heç göndərən də deyildik. (Onların cəzası) ancaq dəhşətli (tükürpədici) bir səs oldu. Dərhal məhv olub getdilər.” (Yasin, 36/28-29).

Söhbət bir savaşdan gedirsə burada tərəflərin güc nisbətinin təxminən bir-birinə yaxın ola biləcəyini düşünmək olar. Ancaq Cənab Allahın (c.c) Həbib Nəccarı şəhid edən şəhər xalqından intiqam almasında tərəflərin bərabər gücə sahib olmasından söhbət gedə bilməz. Bu səbəblə həmin şəhər xalqının üzərinə ordular göndərməyə ehtiyac duyulmamışdı.

Ayədə: “…Onların üstünə göydən heç bir ordu göndərmədik” buyurulduğuna görə Allah üçün məsələnin çox asan olduğunu anlayırıq. Hətta “asan” kəliməsini belə sadəcə olaraq Allahın icraatını bizim başa düşməmiz üçün istifadə edirik. Allah üçün “çətin” bir iş yoxdur ki, “asan” iş də olsun. Şəhər xalqı Allahın əzabını haqq etmişdi, ancaq onların sanki bir gücə və dəyərə sahiblərmiş kimi Allahın səmadan ordular toplayıb hazırlıq görməsinə ehtiyac yox idi. Sadəcə bir “sayhə” (bir səs), sadəcə bir “ol” əmri yetərli olmuşdu. “O (c.c) bir şeyin olmasını istəyəndə sadəcə “Ol!” deyər. O da dərhal olar” (Yasin, 36/82).

“…Onların üstünə göydən heç bir ordu göndərmədik və heç göndərən də deyildik” (Yasin, 36/29) ayəsində həqiqi bir məna deyil, bir kinayənin olduğunu görürük. Burada həddi aşmış şəhər xalqının üzərinə Allah tərəfindən bir ordu göndərməyə belə gərək duyulmamışdı. Buna ehtiyac da yox idi. İnsanın canı, nəfəsi Allahın qüdrət əlində deyilmi? Allahın (c.c) gücü və əzəməti qarşısında insan hara qaça, hansısa bir qövmün, şəhərin əlindən nə gələ bilər ki?

İki ordudan biri digərinə qarşı qələbə qazananda hər iki tərəf müəyyən itkilər verməli olur. Ancaq Cənab Allah (c.c) üçün “zəfər çalmaq”, “qələbə qazanmaq” kimi ifadələri işlətmək doğru deyil. Cənab Allah (c.c) mütləq güc sahibidir. Bu zəfər ya da qələbə müəyyən güc sərf edilərək, çətinliklərlə üzləşərək əldə edilir. Bu kimi ifadələri isə Allaha aid etmək olmaz. Yenə çətinliklərlə üzləşmək, güc sərf eləmək də insanlara aid məsələdir, Uca Yaradana (c.c) aid deyil. Həmçinin qələbə və zəfərin digər üzündə məğlub olma, yenilmə ehtimalı da var. Bu kimi ifadələr də yenə Allahın şanı, ucalığı ilə yanaşı gələ bilməz. Bu mənada Cənab Allah (c.c) bir qövmü, bir topluluğu cəzalandırması üçün bir orduya ehtiyac duymur.
Cənab Allah (c.c) Yasin surəsinin 29-cu ayəsində Həbib Nəccarı şəhid edən qövmün həlakının “tükürpədici bir səslə” baş verdiyi bildirilir. Ayədəki “sayhə” kəliməsindən yola çıxaraq bu həlak edilişin digər qövmlərin həlak edilişində olduğu kimi bir təbiət hadisə ilə baş verdiyini anlamaq olar.

Quran ayələri bizə təbiətdəki hadisələrlə insan əməli arasında bir əlaqənin olduğunu xəbər verir. Məsələ bu cür qoyulduğuna görə deməli zəlzələlər, sellər, tsunamilər, qasırğalar və.s bu kimi təbiətdə baş verən və can-mal itkisi ilə nəticələnən hadisələrə bir məna verməmiz gərəkir. Heyvanlar zəlzələ, tsunami və.s kimi hadisələri bizdən tez xəbər tuta bilsələr də bu hadisələri mənalandırmaqdan acizdirlər. Bu hadisələrə məna vermək, yorumlamaq yalnız insana aid məsələdir.
Ağıla gələ bilər ki, axı dünyada insanlar yaşamadan əvvəl də indi gördüyümüz təbiətdəki bütün hadisələr cərəyan edib. Deməli bunların heç birinin insanla əlaqəsi yoxdur! Bəli bu düzdür. Zəlzələlər, sellər, tsunamilər insan növü dünyada yaşamadan əvvəl də var idi. Ancaq bütün bunlar insanın dünyaya gəldikdən sonra təbiətdəki hadisələrə məna verməsinə, mənalandırmasına əngəl deyil.

Təfsir müəlliflərindən olan Ali Küçük bu ayəni təfsir edərkən “sayhə” (səs) kəliməsinə maraqlı bir izah gətirir: “Bu həlak edici səsin nə olduğunu, mahiyyətini dəqiq bilmirik. Bəlkə də o şəhər xalqını məhv edən bu səs, cəmiyyət içindəki məzlumların səsi və çığlığı idi. Cəmiyyət içərisindəki gücsüzlərin, zəiflərin, kimsəsizlərin, ac insanların, fəqir-füqəranın çığlıq səsləri idi. Bu çığlıq səsləri cəmiyyətdə elə artmış, elə yüksəlmişdi ki nəticədə bütün cəmiyyəti yaxıb-yıxmışdı”. Məzlumların dualarının geri çevrilmədiyi ilə bağlı hədisləri də göz önünə alanda bu yoruma haqlılıq payı vermək olar.

Bu qissədə həm də əldən qaçırılmış bir fürsət gözə çarpır. Şəhərə gəlmiş üç elçi, həmçinin şəhərin sayılıb-seçilənlərindən olan Həbib Nəccarın bu elçilərin yanında olması bir mənada şəhər xalqının başına qonmuş bir “dövlət quşu” idi. Ancaq onlar bunun fərqində olmadılar. Fürsəti qaçırdılar. Nəticədə isə  “səmadan heç bir ordu enmədən” onlar həlak edildi.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top