RAHİB ALPANLI

Müharibə

Müharibə

RAHİB ALPANLI

(İngiliscədən tərcümə)

Luici Pirandello (1867–1936)
İtalyalı dramaturg, şair, romanlar və yüzlərlə qısa hekayələr yazıçısı, daha çox pyesləri ilə məşhur Luici Pirandello 1934-cü ildə ədəbiyyat üzrə Nobel mukafatına layiq görülmüşdür. “Müharibə” hekayəsi onun ədəbi tənqid tərəfindən yüksək qiymətləndirilən vətənpərvərlik, qəm, qorxu, itki, dərdin yaşanması kimi müharibəyə məxsus hisslərin ustalıqla təsvir olunduğu ən gözəl hekayələrindən biridir.
***
Romadan gecə ekspesi ilə çıxmış sərnişinlər kiçik Fabriano stansiyasında Sulmonanı əsas yola calayan kiçik, köhnə yerli qatarla səyahətlərinə davam etmək üçün dan yeri sökülənəcən gözləməli olmuşdular.
 
Dan yeri söküləndə beş adamın artıq gecəni keçirdiyi boğanaq və siqaret tüstülü ikinci dərəcəli vaqona ağır gövdəli, dərin qəmə qərq olmuş - sanki formasız bir bağlamaya oxşar - bir qadın da sakin oldu. Arxasınca fısıldayaraq və inildəyərək, qadının əri –
balaca bir kişi; arıq və zəif, sifəti ölüm anındakı kimi ağ, gözləri balaca və parlaq, utancaq və narahat biri - daxil oldu.
 
Nəhayət, yerini tutandan sonra o, nəzakətlə həyat yoldaşına kömək edən və ona yer verən sərnişinlərə təşəkkür etdi; sonra o, qadına tərəf dönüb onun paltosunun yaxalığını aşağı salmağa çalışaraq zərif tərzdə soruşdu:
“Yaxşısanmı, əzizim?
 
Qadın cavab verməkdənsə üzünü gizlətmək üçün yaxalığını yenə gözlərinə çəkdi.
 
- Mənfur dünya, - ər kədər dolu bir təbəssümlə öz-özünə deyindi.
 
O, yol yoldaşlarına izah etməyi özünə borc bilərək sözünə davam etdi. Əvvəlcə həyat yoldaşının bağışlanmaya layiq olduğunu dilə gətirdi. Müharibə zavallı qadının yeganə, iyirmi yaşlı oğlunu ondan almaq üzrə idi. Hər ikisi bütün həyatını ona həsr etmiş, hətta Sulmonadakı evlərindən ayrılıb onun ardınca tələbə olduğu Romaya gəlməli olmuşdular. Onun cəbhəyə getməsinə də icazə vermişdilər, bir şərtlə ki, ən azı altı ay o, cəbhəyə göndərilməyəcəkdi. Lakin heç gözlənilmədən telegram almışdılar ki, o, üç gün ərzində cəbhəyə göndəriləcəkdi və onlardan oğullarını yola salmaları xahiş olunurdu.
 
Qadın böyük paltosunun altında qıvrılır, əzilib-bükülür, zaman-zaman vəhşi heyvan kimi nərildəyirdi. Ona elə gəlirdi ki, bütün bu izahatlar – çox güman onun kimi bədbəxt – bu adamlarda şəfqətin heç kölgəsini də yarada bilməyəcəkdi. Onlardan daha diqqətlə qulaq asan biri dedi: - Allaha şükür etməlisiniz ki, sizin oğlunuz indi gedir cəbhəyə. Mənimki müharibənin birinci günü göndərilib. Artıq iki dəfə yaralanıb, geri qayıdıb və yenə cəbhəyə göndərilib. 
 
- Bəs mən? İki oğlum və üç qardaşoğlum cəbhədədir, - digər sərnişin dedi.
 
- Ola bilər, lakin o, bizim yeganə oğlumuzdur, - ər ehtiyatla dedi.
 
- Nə fərqi var? Sən öz yeganə oğlunu həddindən artıq nazını çəkməklə də korlaya bilərsən, lakin onu, olsaydı digər uşaqlarından artıq sevə bilməzdin. Valideyn sevgisi çörək kimi deyil ki parçalara bölüb uşaqlar arasında bərabar paylayasan. Ata öz sevgisini heç bir fərq qoymadan bütün uşaqlarına verir, istər bir olsun, istərsə də on və indi mən iki oğlum üçün iztirab çəkirəmsə hərəsi üçün yarım yox, ikiqat çəkirəm.
 
- Doğrudur, doğrudur...- utancaq ər köks ötürdü. - Lakin (sizdən iraq) təsəvvür edin ki, cəbhədə iki oğlu olan ata onlardan birini itirir, onu ovundurmaq üçün biri qalır... halbuki...
 
- Bəli, - o birisi, qəzəblənərək cavab verdi, - bir oğul qalır onu ovundurmağa, lakin o, həmin oğul üçün yaşamalı olacaq, bir oğlu olan atanın vəziyyətinə gəldikdə, oğlu ölərsə
o da öləcək və dərdi bitəcək. Bu iki haldan hansı daha pisdir? Görmürsənmi ki, mənim vəziyyətim səninkindən pis olardı?
 
- Cəfəngiyatdır, - o biri, kök, qırmızı sifətli, qan dolmuş ən solğun qonur rəngli gözləri olan yolçu müdaxilə etdi. O, təngənəfəs idi. Bərəlmiş gözlərindən zəifləmiş bədənin güclə saxlaya bildiyi daxili nəzarətsiz diriliyin coşqunluğu görünürdü.
 
- Cəfəngiyatdır, - o, itirmiş olduğu iki qabaq dişini gizlədirmiş kimi əli ilə ağzını örtməyə çalışaraq təkrar etdi.
 
- Cəfəngiyatdır. Biz uşaqlarımıza öz xeyirimiz üçün həyat veririk?
 
O biri yolçular ona ürək ağrısı liə baxdılar. Oğlu müharibənin ilk günündən cəbhədə olan kişi ah çəkdi, - Haqlısan. Uşaqlarımız bizim deyil, onlar ölkəmizə məxsusdurlar...
 
- Ağılsızlıqdır, - kök sərnişin sərt şəkildə səsləndi. - Biz uşaqlarımıza həyat verəndə ölkə haqqında fikirləşirik? Bizim oğullarımız ona görə doğulublar ki...yəni, ona görə ki onlar doğulmalıdırlar və onlar həyata gələndə bizim həyatımızı da özləri ilə götürürlər. Həqiqət budur. Biz onlara məxsusuq, onlar heç vaxt bizə məxsus olmurlar. İyirmi yaşlarına yetişəndə onlar eynilə bizim o yaşda olduğumuz kimi olurlar. Bizim də atamız və anamız olub, həyatımızda qızlar, siqaret, xəyallarımız, yeni əlaqələr... kimi başqa şeylər və əlbəttə - ata-analarımız etiraz etsələr də - çağırışına cavab verə biləcəyimiz ölkəmiz olub – iyirmi yaşımız olanda. İndi də, elə bu yaşımızda belə vətən sevgimiz böyükdür, əlbəttə ki, uşaqlarımıza olan sevgimiz ondan güclüdür. Aramızda hansı birimiz, imkan olsaydı, oğlumuzun cəbhədəki yerini əvəz etməzdi?
 
Ətrafa sakitlik çökmüşdü, hər kəs başı ilə razılığını ifadə edirdi.
 
- Elə isə niyə,- kök kişi sözünə davam etdi, - biz uşaqlarımızın hisslərini iyirmi yaşları olanda nəzərə almalıyıq? Onların yaşında Vətən üçün sevgilərini nəzərə almaq təbii deyilmi (Mən əlbəttə ki, ləyaqətli oğlanlardan danışıram), hətta bizə olan sevgilərindən də böyük? Təbii olmazmı ki, onlar bizə heç olmazsa, daha hərəkət edə bilməyən və evdə oturmalı olan yaşlı oğlanlar kimi baxsınlar? Vətən acından ölməmək üçün hər birimizin yeməli olduğumuz çörək kimi təbii ehtiyacdırsa onu qorumağa kimsə getməlidir. Ona görə də oğullarımız iyrmi yaşları olanda gedir, onlar göz yaşları istəmirlər, çünki ölərlərsə onlar həyəcanla və xoşbəxtcəsinə ölürlər (Mən əlbəttə ki, ləyaqətli oğlanlardan danışıram). Bir halda ki, adam gənc və xoşbəxt, həyatın kirli tərəflərinə bulaşmadan, onun sıxıntılarını,  çürüklüyünü yaşamadan, xəyanət acısını dadmadan ... ölərsə, onun üçün daha nə diləyə bilərik? Heç kəs ağlamamalıdır, hər kəs gülməlidir, mənim kimi...yaxud ən azından mənim kimi, Allaha şükür – mənim kimi – çünki mənim oğlum ölməzdən əvvəl mənə xəbər göndərmiş, həyatını arzulaya biləcəyi ən yaxşı formada sona çatdıra bildiyi üçün məmnun olaraq öldüyünü bildirmişdi. Ona görə də, gördüyünüz kimi, mən hətta yas paltarı geyinməmişəm...
 
O, əynindəki yüngül, açıq qəhvəyi paltosunu göstərirmiş kimi silkələdi, olmayan dişləri üstündəki göy dodaqları titrəyir, gözləri sulanmış və hərəkətsiz idi, dərhal da sözünü yüksək, daha çox da hönkürtüyə bənzər gülüşlə bitirdi.
 
- Elədir ki var, elədir ki var...- o biriləri razılaşdılar.
 
Küncdə paltosuna bürünmüş qadın qulaq asırdı – son üç ay ərzində - əri və dostlarının sözlərində onun bu dərin dərdini ovunduracaq bir şey tapmağa çalışmışdı, elə bir şey ki, ona ananın öz oğlunu, illah da ölüm deyil, həyatın mümkün təhlükəsinə göndərməsi ilə necə barışmalı olduğunu göstərsin. Lakin bu qədər deyilənlərin arasında o, bircə söz tapa bilməmiş, - düşündüyünə görə - heç kəsin onun hisslərini bölüşə bilmədiyi üçün, dərdi daha da ağırlaşmışdı. Indi isə yolçunun bu sözləri onu heyran etdi və az qala təəccübləndirdi. O, birdən anladı ki, səhv edənlər və onu başa düşmədikləri üçün başqaları günahkar deyil, o, özü nəinki oğullarının yola salınmasına, hətta ölümlərinə belə özlərini ağlamadan barışdıra bilən ata və anaların səviyyəsinə yüksələ bilmədiyi üçün onları anlaya bilməmişdi.
 
O, başını qaldırdı, kök kişinin yol yoldaşlarına oğlunun öz Kralı və öz Vətəni uğrunda sevərək və heyifsilənmədən qəhrəmancasına həlak olması haqqında söylədiyi detallara daha diqqətlə qulaq asmağa çalışaraq oturduğu küncdən əyildi. Ona elə gəldi ki, heç zaman xəyal etmədiyi bir dünyaya düşüb, bu vaxtacan ona qeyri-müəyyən bir dünyaya; və o, bu mərd atanın öz övladının ölümü haqqında mərdanəliklə söylədiklərinə görə hər kəsin onu təbrik etdiyindən çox məmnun oldu.
 
Sonra birdən, deyilənlərdən heç bir şey eşitməmiş kimi və xəyaldan ayılmış kimi o, qoca kişiyə tərəf döndü və soruşdu: - Deməli,...sizin oğlunuz doğrudan ölüb?
 
Hər kəs diqqətlə ona baxdı. Qoca kişi də ona baxmaq üçün döndü, böyük, bərəlmiş, çox sulanmış açıq boz rəngli gözlərini düz onun sifətinə zillədi. Bir müddət cavab verməyə çalışdı, lakin söz tapa bilmədi. O, qadına baxdı, baxdı, sanki yalnız indi – bu axmaq, namünasib sual veriləndə - nəhayət o, birdən anladı ki, oğlu həqiqətən ölmüşdü, - birdəfəlik getmişdi - əbədi olaraq. Sifəti büzüşdü, son dərəcə pozuldu, sonra o, tələsik cibindən çəngələyib bir dəsmal çıxardı, hamının təəccübünə səbəb olan məşəqqətli, ürəkyandıran, coşqun hönkürtülərə qərq oldu.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top