SƏMƏD MƏLİKZADƏ

Həmişə toyda....

Həmişə toyda....

SƏMƏD MƏLİKZADƏ
Xalqımın toy kimi gözəl bir adəti var,
Onu qoruyub saxlamağa qüdrəti var...
 
 Ay hay, toy bəyəm ancaq bizim adətimizdi? Yoxsa, başqaları toysuz ailə qurur, ya ərə gedir? Kim nə deyir desin, bizim toylar bineyi-qədimdən əndazəsiz olub. Yəqin nağıl-dastanlarımızın sonluğu yadınızdadı... Çox çək-çevirdən sonra qudalar ortaq məxrəcə gəlir və qızı verirlər bəyin oğluna, arada keçəlin də bəxtinə gün doğur və qulluqçunun ona ərə getməsinə etiraz olunmur... Qudalar arasında "böyük saziş" imzalanır və axırda qırx dəvə yükü cer-cehiz göndərilir bəy evinə. Nəhayət, qırx gün, qırx gecəlik toy çalınır. Allah sizə insaf versin, bu uzunluqda da toy olar? Rəhmətliyin nəvələri, sizin başqa iş-gücünüz yoxdu, bəyəm? Belə toylardan iki-üçü olsa, əkin-biçin batar, şirkət müflisləşər ki. Evdə arvad-uşaq, toyuq-cücə də yaddan çıxar. Toyuq-cücə dedim, yadıma quş qripi düşdü. Deyirəm, nə yaxşı bizdə quşlar bu qripə tutulmurlar. Yoxsa, kasıb-kusubun evi yıxılar. Toylarda verilən xörəklərin çoxu da quş ətidi. Guya, toyuqla yanaşı bildirçin, turac, kəklik əti də verilir. Ancaq yeyəndən sonra görürsən ki, rəngli sular kimi bu ətlər də "girdirmə"di. Yəqin xatırlayırsınız, bu yaxınlarda ölkəmizdə turizmin sürətli inkişafı ilə bağlı Afrika kəpənəkləri bizə qonaq gəlmişdilər. Rəngləri də elə o qara qardaşlarımıza uyğun gəlirdi. Sən demə, onlar da eşidiblər ki, bizdə quşlar qripə yoluxmurlar. Digər tərəfdən, dünya bilir ki, biz normadan artıq tolerantıq, heç bir qonağa "gözün üstə qaşın var" deyən deyilik... Mənə deyən lazımdı ki, "heç hənanın yeridi"? Deməyim odur ki, nağıl-dastan quraşdıranda da gərək əndazəni gözləyəsən. Biz isə ölçü-biçini vecimizə alan deyilik. Başqa sözlə, az şeyə qane olmuruq, heç nəyin də yarısını istəmirik. Yəni, belə məsələlərdə yorğanın uzunluğunu unuduruq, sonra da ayağımızı uzadıb rahatlanmaq istəyəndə görürük ki, səhv eləmişik. Məsələn, çoxumuz istəyir ki, ən bahalı avtomobili hamıdan əvvəl o sürsün, ən gözəl villa onun olsun, qızına ən bahalı mebeli o cehiz qoşsun... Sonra istəyirik hamı desin ki, onun oğlunun toyunda yemək-içmək sel kimi axırdı, quş südü-can dərmanı istəsəydin "yoxdu" sözü yox idi, beş-altı bərkgedən müğənni vardı...
 Bir az o yana gedək, Məşədi İbadın bəlalı sevgisini və toyunu yada salaq. Bəlli olur ki, heç o vaxtlarda da toyun xərci az olmayıb. Özi də Məşədi sıradan bir zat olmayıb, ha, biznesmen olub. Amma Rüstəm bəylə razılaşmada belə deyir: "Axı bunun bir ətək toy xərci var..." Təəssüf ki, Məşədi qızla görüşə gedəndə "kraxabor"luq edir. Bir az indiki Şaxta babaların hədiyyələrindəki qəletdən, konfetdən yığır  dəstərxanın arasına və düşür yola. Heç biznesmenə yaraşan iş deyil. Başa salan da olmur ki, ay kişi, bəy balası cavan qız alırsan bir dəst brilyant apar, konfet nədi. İndiki yaşlılar cavan xanımını evə gətirməzdən əvvəl ona villa tikdirir, "cip", kilonan qızıl alır, xarici ölkələri gəzdirir... Bəli, mənə görə toylarımız həmişə əndazəsiz olub və bu gün də belədi.
 Fikrimin təsdiqi üçün burada bir müqayisə yerinə düşər. Bir dəfə, necə deyərlər, şeytanın qıçını sındırıb Türkiyəyə toya getmişdik. İnsafən, bəyin atası bizi böyük sevinclə qarşıladı, məclisin yuxarı başında oturtdu. Çal-çağır başlandı. Arada sərin su payladılar. Bizə görə, əsas məsələyə gələndə gördük ki, plastik qablarda makaron, üstündə katlet verirlər və sair və ilaxır. Toya gələnlər də gəlinin örpəyinin üstünə o qədər də qiyməti olmayan qızıl bağlayır, hər iki gəncə xoşbəxtlik arzulayıb gedirdilər. Amma, onların da bu işdə bir əmması var. Bizdə olan "başlıq" və ya südpulu kimi onlarda da qız evi tərəfindən bir xərcalma var. Özü də az deyil, ha...
 Mən bugünki toylarımızın mənzərəsini təsvir eləmək istəmirəm və indi buna halım da yoxdu. Ancaq bu fikirdəyəm ki, o həngaməni bir görən və yaşayan ömründə yadından çıxara bilməz. Nöşün ki, indi stolumun üstündə hələlik üç dəvətnamə var və toyların hər üçü bu şənbə- bazar olmalıdı. İnşallah, Allah mübarək eləsin, oğullu-qızlı, yarıyandan olsunlar, qoşa qarısınlar və sair və ilaxır. Təbii ki, bu sözlərdən əvvəl toy sahibinə pul lazımdı. Çünki toy mafiyası o kişini də tora salıb və xərci haradan olsa tapıb verməlidi. Vallah, bu toylar bizə toy tutur. Hamı toyların belə keçirilməsindən dad eləyir, amma heç kəs də ayağını məlum "cığır"dan kənara qoymaq istəmir. Soruşanda da deyir ki, eldən-obadan ayıbdı, qohum-əqraba mənə nə deyər. Bilirəm ki, tənqid yazmağın da mənası yoxdu. Bir də bizim oxucu 3T məsələsi ilə (təqdir, tənqid və təklif) qane olan deyil, necə deyərlər, "labavoy" tənqid olmadı yazını oxumur.
A kişilər, adam toya kimləri dəvət edər? Mənim fikrimcə, yaxın qohum-qardaşı, yaxın qonşuları, ailə dostlarını, iş yoldaşlarının bir neçəsini, bəyin dostlarını və sair. Bu da uzağı eləsin yüz, yüz əlli nəfər. Yoxsa, altı yüz, səkkiz yüz nəfər? Bir də görürsən ki, biri pişik ilində kiminləsə beş-altı gün səfərdə olub, tez onun ünvanını tapıb dəvətnamə göndərir. Həmin adam da dəvətnaməni əlinə alıb fikirləşir ki, o toya getsin, getməsin? Pulu çoxdusa bir yüzlük göndərir və zəng edib dil-ağız eləyir ki, bağışla, işdən çıxa bilmədim, yaxud da deyir ki, bacıoğlunun toyuna da getməliydim... Tutaq ki, həmin adam o toya gedəydi. Axı, o, həmin məclisdə heç kimi tanımır, neynəsin , kiminlə söhbət eləsin, nə qədər lal-dinməz otursun?
 Yaxud eşidirsən ki, filankəs toy eləyir. Dəvətnaməyə baxırsan, harada eləsə yaxşıdı? Ən bahalı şadlıq saraylarının birində. Aləmə də car çəkdirir ki, bir yerin qiyməti azı səksən, yaxud yüz manatdı. Öz-özünə deyirsən ki, bu adamın, məndən beş-betər, "cındırından cin hürkür", niyə başa salan yoxdu ki, yorğan məsələsi... Toy başa çatana kimi də içini yeyir ki, birdən belə olmadı, elə oldu. Bəzən elə olur da.
 Ötən ildə aran rayonlarından birində maraqlı bir olay baş verib. Biri oğluna toy eləyir və hansı səbəbdənsə xeyli adam məclisə gəlmir. Toy sahibi də eləmir tənbəllik, toya gəlməyən dəvətliləri verir məhkəməyə. Nə olsun? Yazıq o hakim hansı qanuna əsaslanıb zərərçəkənə kömək eləsin? Buna bənzər başqa bir hadisə də olub. Toy sahibi oğlunun toyuna gəlməyənlərin yeməyini zurna-balabanla onların evinə göndərib, pul istəyib. İnanın, bəzəmirəm, bəzəsəm uzun olar...
  Olmazmı ki, biz toylarımızı, təm-təraqdan uzaq, xudmani və sakit keçirək, israfın qarşısını alaq? Axı, hər şey bir yana, israf dinimizə görə böyük günah sayılır. Vallah, onda heç toy barədə söz-söhbətlər bu qədər olmaz və mən də bu uzunluqda yazı yazmaram. Yoxsa, zala girəndən çıxanadək gətir-götür, süz vuraq... O yandan da naşı oxuyanların oxuduğu ara mahnıları qulaqlarımızı çırmaqlamaz. Axırda da milli plovumuz gələndə çoxları durub getməz.
 Yazının bu yerində yenə gözüm stolun üstündəki dəvətnamələrə sataşdı. Öz-özümə dedim: "Həmişə toyda, Səməd Məlikzadə".

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top