RAHİB ALPANLI

İtin yiyəsi

İtin yiyəsi

RAHİB ALPANLI

Neçə illər bundan əvvəl bir it qonum-qonşuya qənim kəsilmişdi. Yerli itlərə oxşamırdı. Həyətlərə oğrulara məxsus elə ustalıqla girib-çıxırdı ki, heç kəs xəbər tutmurdu. Toyuqlarını qovaladığı, yumurtalarını yediyi üçün gileylənənlər olsa da, heyvanın yiyəsi deyilənləri qəbul etmir, onu zəncirləmirdi. Günlərin birində məhəllə uşaqlarından biri bu sevimli iti həyətdən daşlayıb qovurmuş. İşin tərsliyindən itin əhvalı pozulur və çarəsi tapılmdan ölür. Ölməyi bir yana, nəinki sahibini, onun dostlarını, qohum-əqrəbasını da yandırıb yaxır. Gecə-gündüz qapı-qapı gəzib dolaşan itin ölümünə çox şey səbəb ola bilərdi, lakin məhəllə uşağını iti daşlayanda görən “yaxşı” qonşulardan biri it sahibinin bu məsələ ilə maraqlanmasına mane oldu. İllər boyunca formalaşan qonşuluq münasibətlərini, uşağın valideynləri ilə olan hörməti tapdayıb, tozunu sovurdu. Ailənin qapısına gedib onları ancaq özü kimilərə yaraşan, ağıllı adamalrın dilinə gətirməyə həya etdiyi sözlərlə təhqir edib, uşağı bir gülləyə qurban edə biləcəyi ilə hədələyib getdi. Evin ağbirçəyi oğlunu bu cahilə cavab verməyə qoymadı. İş burada bitsəydi yaxşı olardı. Uşaq ətrafın qınağına məruz qaldı. Eşidən-bilən onu “Yazıq heyvana necə qıydın?, “Əlin necə qalxdı yazıq heyvana?, və s. kimi suallarla bezdirməyə başladılar. Rəhmətlik Seyid Əzim Şirvani demişkən:
İt demə, ol dəxi bizim birimiz,
Belə ölmüşlərə fəda dirimiz.
Qınaqlar səngimək bilmirdi. Bir gün uşaq dərsdən gələrkən yaşlı adamlardan biri ona “ərklə”:
- Ay cüvəllağı, kişinin itini niyə öldürdün? – deyir.
Yeniyetmə, heç olmazsa, yaşlı adamın ona acıyacağnı güman edərək deyir:
- Ay dayı, qoz boyda daşla it ölməz, kim bilir, hansı qapıda zəhərli bir şey yeyibsə. Allah şeytanın cəzasını versin.
Yaşlı adam bir az da kəkələnərək: - Gözünün içinəcən yalan deyirsən, dələduz. O, ağıllı it idi. Zəhərli şey yemiş olmaz.
Yersiz havadarlıqdan bezmiş uşaq soruşur: - Siz də o itin qohumlarındansınız, dayı?
Kişi od tutur: - Bərəkallah sənə də, sənə tərbiyə verənə də.
Uşaq deyir: - Özünü ələ al, ay kişi. Mənə tərbiyə verən halına yandığın itin sahibini şikayət edəcəkdi, nənəm qoymadı.  İndi ki belədir, yığışın, siz məni şikayət edin. Qoy haq-ədalət ağzınızı yumsun.
Kişi uşaqla olan acı söhbətini, qonum-qonşu ilə tüstülənə-tüstülənə bölüşdükdən sonra sakitlik yarandı.
***
Nə gözəl dərdini bölən qonşular,
Səninlə ağlayıb, gülən qonşular.
 
Ev də bir yuvadı – quş belə tikir,
Allahdan arzula, dilən qonşular.
 
Dayanıb dağ kimi, söykən arxayın,
Səhvini səssizcə silən qonşular.
 
Qohumdu, qardaşdı yeri gələndə,
Qonşunun qədrini bilən qonşular.
 
Cəhənnəm yaşadıb diri dünyada,
Utansın üstümə gələn qonşular.
 
Allaha şükr elə, Rahib, çox deyil,
Gözündən yıxılıb ölən qonşular.
 
***
Bədnam qonşumuz Ermənistanın heç bir beynəlxalq hüquq normalarına sığmayan hərəkətləri bizi də qapı gəzən iti cəzalandıran uşağın durumuna qoya bilər. Yaxşı bilirik ki, erməninin burnu qanasa bütün dünya ağlayacaq. Heç kəs bu nadürüstlərin tarix boyunca törətdiklərini, illah da türk dünyasına qarşı etdiklərini yadına salan deyil. Bu gün də başdan ayağa yalan və saxtakarlığa bürünmüş bu qaniçənlərin halına yananlar bizim başımıza gətirkləri müsibətlərə inanlardan çoxdur. Bunun səbəbi sosial, iqtisadi və siyasi münasibətlərdə əsas amil olan ədalət prinsipnin zaman-zaman güc sahibləri tərəfindən insafsızacsına pozulması, onun dadının, duzunun itirilməsidir.  Düzgün  tərəzidə yanlış çəki gözləmək mümkün deyil. Mizanı itmiş tərəzidə də istənilən doğru çəki səhv görünər. Təcavüzkar Ermənistanın siyasi ərköyünlüyü, öz hərəkətləri ilə qürurlanıb işğal etdiyi torpaqlarımızda milli rəqsimizi yamsılaması məhz beynəlxalq ədalətin zəifliyini sübut edir. Ermənistanın “nümunəsi” elə bir vəziyyət yaratmışdır ki, müasir dünyada istənilən ölkə öz qonşu ölkəsinin ərazisini işğal edə bilər. Güclü olan və ya güclü arxası olan haqlıdır sivil dünyada. İnsanlığın tacı olmaqdansa ədalət bu gün ayaqlar altında tapdanır, mühüm bəşəri problemlərə münasibətdə ikili standartların qurbanı olur. Başda BMT olmaqla bütün nüfuzlu beynəlxalq təşkilatlar mövcud durumları ilə günümüzdə siyasi güclərin əlində oyuncağa çevrildiklərini nümayiş etdirir.
***
 
Zənn eyləmə axşam-səhərə şaddı, ədalət,
Gəlmiş qoca dünyaya qərib, yaddı ədalət.
 
Şər dağa dönüb, zirvəsi göylər dəlir, Allah,
Düşmüş qırılıb qolları - Fərhaddı ədalət.
 
Ağ yelkən açıb, şövq ilə dəryalara çıxsa,
Dalğalar içində boğulub batdı ədalət.
 
İllərlə siyasət yeyənin mədəsi doymaz,
ATƏT-mi yoğurmuş, duzu yox, matdı ədalət.
 
Arxalı köpəklər əziz imiş yiyəsindən,
Kim haqqa güvəndi onu ağlatdı ədalət.
 
Aləm qarışıb, hobbidi öldürmək, asandı,
Cəllad əlinə qüvvədi, sursatdı ədalət.
 
Xocalı faciəsin, Rahib, unutmaz xalqım,
Qəlbində sağalmaz yaradı, catdı ədalət.
 
O ki qaldı Ermənistanda bir-birilərini əvəz edənlərin insanlığına, onları fərqləndirmək, onlardan müsbət bir addım gözləmək mümkün deyil. Necə deyərlər, ilanın ağına da, qarasına da lənət. Onların ağlını ancaq “Goutham” toplusundakı “Körpü düşüncəsi” hekayəsində təsvir olunan üç gouthamlı “ağıllı”nın fərasəti ilə ölçmək olar. Qısaca da olsa bu maraqlı əhvalata nəzər salaq:
 
Gothamlı üç nəfərdən biri Nottingam bazarına qoyun almağa gedirdi, o birisi də bazardan gəlirdi. Onlar Nottingam körpüsündə rastlaşırlar. Nottingamdan gələn soruşdu: - Hara gedirsən?
O birisi dedi: - Sənə dəxli yoxdur, ancaq Nottingama qoyun almağa getdiyimi də gizlətməyəcəyəm.
- Qoyun almağa! Onları evə hansı yolla gətirəcəksən?
- Elə bu körpüdən keçərək.
- Qətiyyən! Qoymaram ki, qoyunları bu körpüdən keçirəsən.
- Qoyacaqsan! – o birisi bağırdı.
- Qətiyyən! – digəri qarşılıq verdi.
Onlar bu boş mübahisəni əllərindəki yoğun əl ağaclarını havada yelləyərək, yeri döyəcləyərək bazardan gələn üçüncü bir həmyerliləri gəlib çıxana qədər davam etdirdilər. Həmin adam atın belində ərzaq aparırdı. Məsələdən agah olan “ağıllı” dedi:
- Siz hər ikiniz ağlınızı itirmisiniz. Bu çantanı atın üstündən götürüb mənim belimə qoyun, bu saat sizin haqqınızda nə düşündüyümü ğöstərəcəyəm sizə.
O, çantanı körpünün kənarına aparıb ağzını açdı, bütün ərzağı çaya boşaldıb dedi: - Hə, qonşularım, nə qədər ərzaq görürsünüz çantada?
- Göründüyü kimi, çantada heç nə yoxdur.
- Tamamilə doğrudur! – O, dedi. – Sizin ortada olmayan bir şey üstündə mübahisə edən başlarınızda da bu qədər ağıl var.
Beləliklə üç nəfər yollarına davam etdilər. Sizcə bunlardan ən ağıllısı hansıdır?
***
Mənzərə göz qabağındadır. Donuz darıdan öz xoşu ilə çıxmaz. Nəsihət başa düşməyəni müsibət başa salır. Xaricdə olduğu kimi, öz daxilində də Ermənistanın başsızlığından bezənlər yaxşı bilirlər ki, gec-tez başlarına hansı dağın daşı töküləcək. O zaman nə it yiyəsini tanıyacaq, nə də yiyəsi onu.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top