NAZİM MUSTAFAYEV

14 əsr davam edən sevgi

14 əsr davam edən sevgi

NAZİM MUSTAFAYEV

Bu il dekabr ayının 10-u, Rəbiuləvvəl ayının da 10-cu gününə düşür. Hz. Peyğəmbərimiz (s.a.v) miladi 571-ci ildə Rəbiuləvvəl ayının 10-cu günü dünyaya gəlmişdir. Bir sıra müsəlman ölkələrində ilin həmin günündə Qurani-Kərim oxunan, bir sıra ilahi mahnılar söylənən, Onun (s.a.v) tanıdıldığı proqramlar təşkil edilir. Bu proqramlara Mövlud qəndili adı verilir. Mövlud qəndili proqramlarında iştirak edən insanlar, moizəçilərin səmimiyyəti ölçüsündə özlərini Hz. Peyğəmbərimizə (s.a.v) daha da yaxın hiss edər, Onun (s.a.v) nümunəvi həyatından bir sıra məqamları öyrənmiş olarlar. Onun (s.a.v) yolu, Allahın (c.c) yoludur. Həmçinin Allah doğru yolunu bizlərə Onunla (s.a.v) göstərmişdir. Onun (s.a.v) sevdirilməsi Allahın sevdirilməsi deməkdir. Ona (s.a.v) yönələn insanların Allaha yönəlməməsi düşünülə bilməz.

Əslində doğum günü deyə bir məfhum varsa, o da Mövlud qəndilidir, yəni Hz. Peyğəmbərimizin (s.a.v) doğumu... Geriyə insanların öz doğum günləri qalır ki, günəşlə müqayisədə zərrələrin nə dəyəri qalar ki?

İslam təqviminin təyin edilməsi ilə bağlı Hz. Ömərin (r.a) xəlifəliyi dövründə əshabələrin tarixi müşavirəsi olur. Əshabələrin təklifləri arasında İslam təqviminin başlanğıcının Hz. Peyğəmbərimizin (s.a.v) doğum günü olmasını deyənlər də var idi. Düzdür, bu müşavirədə Hz. Əlinin (r.a) təklifi qəbul olunur. Hicrət (Məkkədən Mədinəyə köç) Hz. Peyğəmbərimizin (s.a.v) və müsəlmanların həyatında ən əlamətdar hadisə olduğu üçün İslam təqviminin birinci ili və başlanğıcı olaraq hesablanır. Ancaq burada bir məsələni vurğulamaq lazımdır ki, deməli, əshabələr arasında ən əhəmiyyətli məqamlarda belə, Hz. Peyğəmbərimizin (s.a.v) doğum günü yad edilib xatırlanırdı.

Mövlud qəndilinin əsas məqsəd və qayəsi, Hz. Peyğəmbərimizin (s.a.v) dünyaya gəlişi münasibəti ilə sevinməkdir. Hz. Peyğəmbərimizin (s.a.v) süd analarından biri də Hz. Suveybədir. Bu xanım İslamiyyət gəldikdən sonra Hz. Peyğəmbərimizə (s.a.v) düşmənlik edən, eyni zamanda əmisi olan Əbu Ləhəbin köləsi idi. Suveybə Əbu Ləhəbə qardaşının oğlunun doğum xəbərini verdikdə Əbu Ləhəb sırf milliyyətçilik hissindən qaynaqlanan duyğularla sevinmiş və Suveybəni köləlikdən azad eləmişdi.

Hz. Abbas (r.a): "Qardaşım Əbu Ləhəbi ölümündən sonra yuxumda gördüm. Pis bir halda idi. Sənə necə rəftar edildi? deyə soruşdum. Əbu Ləhəb: "Muhammədin doğumuna sevinərək Suveybəni azad etdiyim üçün bazar ertəsi günləri əzabım bir az xəfifləyir" cavabını verir (İbn-Kəsir, əl-Bidayə, Qahirə II, 277).

Mövlud qəndilində oxunan şeirlərin müəllifləri həmin şeirlərini Hz. Peyğəmbərimizin (s.a.v) doğumu münasibətilə yazsalar da, sırf həmin doğum günü deyil, ilin hər hansı bir günündə yazmışlar. Deməli, Hz. Peyğəmbərimizin yad edilməsi, xatırlanması, Onun (s.a.v) adını anmaları, sadəcə, mövlud günü deyil, ilin bütün aylarına, ilin bütün günlərinə yayılan məsələdir.

Mövlud qəndili deyərkən, Hz. Peyğəmbərimizi (s.a.v) anma, Onu (s.a.v) yad etmə, Onun (s.a.v) bütün həyatını nümunə götürmə başa düşülürsə, bütün əshabələr sadalanan bu mahiyyəti ilin hər bir günündə yaşayırdılar. Uhud savaşında bayraqdarlıq vəzifəsini icra edən Musab b. Umeyr, canını Hz. Peyğəmbərimizin (s.a.v) yolunda qurban verərkən, bu gün bizim qeyd etdiyimiz mövlud qəndilinin nə olduğunu heç bilmirdi. Ancaq Musab b. Umeyr 14 əsr əvvəl əksəriyyətimizin eşitdiyi, həmçinin mövlud qəndili proqramlarında söylənən "Canım qurban olsun sənin yoluna..." şeirinin misralarını canını onun yoluna qurban verərək canlı bir şəkildə yaşamışdı.

"Mövlud qəndili" anlayışı Hz. Peyğəmbərimizin (s.a.v) dövrünə qədər gedib çıxmasa da, rəşidi xəlifələr dövründə olmasa da, əsas mahiyyət olan Hz. Peyğəmbərimizə (s.a.v) olan sevgi tarixin hər bir dövründə olmuşdur.

Bir İslam alimi 30 ildən çoxdur ki, moizə və söhbətlərinin hər birində Hz. Peyğəmbərimizin (s.a.v) adını çəkərkən, yaşlı halına baxmayaraq, hər dəfə də yerindən qalxıb, yenidən oturması Ona (s.a.v) qarşı olan hörmətin mükəmməl bir nümunəsidir.

Bir neçə əshabə Hz. Aişənin (r.anha) yanına gələrək: "Ey möminlərin anası! Hz. Peyğəmbərimizin (s.a.v) əxlaqı necə idi?" sualını verdikləri gün Mövlüd qəndili deyildi. Deməli, əshabələr Hz. Peyğəmbərimizi (s.a.v) vəfatından sonra belə ilin yalnız müəyyən bir gününü yad edib xatırlamırdılar. Onlar üçün hər bir gün Hz. Peyğəmbərimizi (s.a.v) yad edib, xatırlama günü idi.

Onun (s.a.v) adı çəkilincə dünyanın hər yanında dünən, bu gün və yarın gözləri yaşaran, boğazı düyümlənən onlarca, yüzlərcə insan var. Ona (s.a.v) qarşı olan sevgi, olmuş bitmiş bir hadisə deyil. Aradan keçən əsrlərə baxmayaraq, məkanların uzaqlığından asılı olmadan bir çox mütəfəkkir və şair Hz. Peyğəmbərimizdən (s.a.v) uzaq və ayrı olmanın iztirabı, dərdi və həsrəti ilə yaşamış, şeirlər qələmə almışlar. Bir mənada o dərdli və iztirablı şerlərlə zaman və məkan fərqini aradan qaldırmışlar...

Köşəni daha çox uzatmadan bu sözlərlə yekunlaşdırmaq istəyirəm. Qərb yazıçıcı Tomas belə deyir: "Başında tac olan heç bir imperator öz əli ilə yamadığı əbanı geyinən Hz. Muhamməd (s.a.v) qədər sevgi və hörmət görməmişdir".

[email protected]

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top