NAZİM MUSTAFAYEV

Müsəlman “makiavellist” ola bilərmi?

Müsəlman “makiavellist” ola bilərmi?

NAZİM MUSTAFAYEV

Keçən bir yazıda Yusif peyğəmbərin qardaşlarından bəhs etmişdim. Onlar atalarının sevgisi yalnız özlərinə qalsın deyə tərəddüd etmədən balaca qardaşları Yusifi quyuya atmış, ölümə tərk etmişdilər. Onların bu davranışı günümüzün ifadəsi ilə “makiavellist” bir hərəkət idi. Hədəfə gedən yolun üzərindəki bir qardaş əngəlini, bir canı heç çəkinmədən qurban edə bilmişdilər. Bu hadisə insan övladının xislətindən xəbər verir, şeytanlaşmış insanların mənfəət uğruna nələr edə biləcəyini göstərirdi.
Bu yazıda qərara gəldim ki “makiavelizm”dən bəhs edim. Gəlin: “Müsəlman makiavellist ola bilərmi?” sualına bərabər cavab tapaq... İtalyan mütəfəkkir Makiavellinin “Şahzadə” adlı əsərindəki əsas fikir və düşüncələrə sonraları “makiavelizm” adı verilmişdir. Bu düşüncənin həyatda tətbiqini doğru görən ya da özü tətbiq edən şəxsə də “makiavellist” deyilir. Makiavelli bu əsərini İtalyan şahzadəsinə tövsiyyə mahiyyətində qələmə almışdı. Bu əsərdə müəllif hədəfə gedən yolun önünü kəsən hər hansı dini, insani, əxlaqi norm və əngəlin aradan qaldırılmasının gərəkdiyini, hətta bunun lazım olduğunu söyləyirdi.
Əsərdə tarixdən və yaşadığı dövrdən misallar verilir, qarşıya qoyulan məqsədə nail olmaq üçün riyakarlıq, aldatmaq, xəyanət, öldürmək və.s kimi heç bir vasitədən çəkinməmək məsləhət görülürdü. Bu mənada Makiavellini şərrin müəllimi adlandırsaq yanılmarıq.
Makiavelli yaşadığı əsrdə İtaliyada müvəffəqiyyət əldə etmək üçün hər yola, hər vasitəyə əl atmağın bir qanun halına gəldiyini görmüş və bunu bir həyat fəlsəfəsi olaraq mənimsəmişdir. “Şahzadə” əsəri hər nə qədər mütəfəkkirin fikirləri olsa da, eyni zamanda dövrün ümumi ab-havasından da xəbər verir. Onun bu fəlsəfi-siyasi fikirləri bir mənada dünyaya cinayət işləmə dərsləri vermişdir. Makiavellist baxış tərzi dünyaya bir virus kimi yayılaraq zəif xarakterli insanları öz təsirinə almışdır.
Zaman keçdikcə onun yazdığı bu əsər sadəcə İtalyan şahzadəsinin masaüstü kitabı deyil həm də Hitler, Stalin kimi dünyaya faciə gətirən ruh xəstələrinin də əl kitabı olmuşdur. Məqsədə nail olmaq üçün heç bir vasitədən çəkinməmək, hər bir izzət və namusu tapdalamaq makiavellizmə xas xüsusiyyətlərdəndir. Bu fikirlərin həyata tətbiqi zamanı bəşəriyyətə gələn fəsadlar bəlkə də bir atom bombasının fəsadlarından daha ağır olmuşdur.
“Şahzadə” əsəri hər nə qədər bir siyasət xadiminə “hədiyyə” xarakterli yazılmış, siyasi motivli bir əsər olsa da, buradakı fikirlər digər bütün sahələrə də “töhfəsini” vermişdir. Bu əsərin ya da müəllifinin adını eşitməyən, ancaq hədəf və məqsədinə çatmaq üçün hər cür iyrəncliyi, haqq-hüquq tanımazlığı etməyə hazır insanlar da var. Makiavellist deyiləndə bu tip insanlar da nəzərdə tutulur. Bu ərəfədən sonra o şəxsin Makiavellini tanıyıb tanımaması o qədər də əhəmiyyət daşımır. Həzrət Peyğəmbərimizin: “Utanmadıqdan sonra istədiyini et” (Buxari, Ənbiya 54) hədisini xatırlatmaq hər halda burada yerinə düşər.
Makiavellizmə meyl etmə, hərəkət və davranışlarda bu düşüncədən təsirlənmə dərəcəsini ölçmək üçün təxminən iki yüz min əhalisi olan bir şəhərdə sorğu keçirilmişdir. Bu sorğuda iştirak edənlərin 55 faizində makiavellizmə meyillilik müşahidə edilib. Bu o deməkdir ki, həmin insanlar hədəfinə çatmaq üçün dini, insani, vicdani əngəlləri qurban verməyə hazırdır. Ya da “lazım gəlsə” sadalanan bu əngəlləri qurban verə bilər. Onu da qeyd edim ki, bu sosial sorğu əhalisinin əksəriyyətinin müsəlman olduğu bir şəhərdə aparılıb. Hər nə qədər paradoks kimi görsənsə də yenə həmin araşdırmaya görə dini, mənəvi dəyərlədən uzaqlaşan insanların makiavellist düşüncəyə meyl etməsi, bu düşüncədən təsirlənməsi daha asan hala gəlir.
Makiavellist yanaşma tərzi müəyyən şəxsləri siyasi zəfərə apara, iş adamlarını, sərmayə sahiblərini daha da zəngin edə bilər. Ancaq bütün bunlar hədəfə gedən yoldakı yüz minlərlə insanın ölümü, axan qanlar, sürgünlər, məsumların göz yaşları ilə başa gələcəkdir. Bu mənada Makiavellinin düşüncələrinin günümüzdə də tətbiq edilməsi insanlıq adına bir utanc olduğunu deyə bilərik.
Özünü tanıtmağa başqalarını qaralayaraq başlamaq makiavellist bir ruh halıdır. Öz məhsulunu, öz dəyərlərini təqdim etmədən əvvəl başqalarını qaralamağı borc bilmək makiavellist bir düşüncənin nəticəsidir. Məsud və xoşbəxt dünya həyatı yaşamağı yeganə hədəf və qayə halına gətirmək, sonra da bunu əldə etmək üçün hər cür səbəb və vasitələrə al atmağı məşru görmək bir müsəlmana xas xüsusiyyət deyil, əksinə makiavellizmin bariz əlamətidir.
Nəticə olaraq deyək ki, Peyğəmbərimizin (s.ə.s) və səhabələrin həyatı makiavellizmin ziddi nümunələrlə doludur. “Aləmlərə rəhmət olaraq göndərilmiş” (Ənbiya, 21/107) bir peyğəmbər və onun haqq yolunun yolçuları dünyada ancaq makiavellist düşüncəyə bir alternativ olaraq göstərilə bilər. Dünyada və axirətdə sorğulanmaya məruz qalmayan həyat məhz peyğəmbər yolunda gedənlərin həyatıdır.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top