NAZİM MUSTAFAYEV

Yusif əngəlini aşmaq!

Yusif əngəlini aşmaq!

NAZİM MUSTAFAYEV

Qardaşları balaca Yusifin qətli barədə fikirləşəndə belə demişdilər: “Daha sonra tövbə edib gözəl əməllər işləyərik”. Aralarında “insaflı” biri çıxaraq: “Yusifi öldürməyək. Gəlin onu quyuya ataq” deməsəydi hər halda əməllərini icra edəcəkdirlər. Bu yazıda “Yusif” surəsinin 9-cu ayəsindən bəhs etmək istəyirəm.
Bir tərəfdən adam öldürmək kimi ağır bir suçu işləmək, digər tərəfdən də sonra tövbə edərik, sonra gözəl əməl sahibi olarıq demək yanlış bir inancın nəticəsidir. Belə bir ruh halına sahib olan insanlar günah işləyəcəkləri vaxt vicdanlarının səsini susdurmaq üçün “sonra tövbə edərəm” deyərlər. Həzrət Yusifin qardaşlarının etdikləri də bundan ibarət idi. Hədəflərinə gedən yoldakı Yusif əngəlini aradan qaldıracaq, zorla gözəllik əldə edəcəkdilər. Sonra isə “tövbə” edərək gözəl əməl sahibi olacaqdılar. Onlar üçün məsələ bu qədər sadə görünürdü.
İslama görə tövbə bir insanın bilmədən, fərqinə varmadan, anlamadan etdiyi xətalara, günah əməllərə görə peşmanlıq duyması, Allahdan bağışlanma diləməsidir. Günah əməli işləmədən əvvəl deyilən “sonra tövbə edərəm” sözləri tövbə sayılmaz. Bu sadəcə suç və günahı ört-basdır etmək, günah işləyərkən vicdanın iniltisini duymamaq üçün ortaya atılan quru sözlərdən ibarətdir.
Quranda mövzu ilə bağlı ayələrdə Yusifin qardaşlarının belə dediyi xəbər verilir: “Yusifi öldürün və ya uzaq bir yerə atın ki, atanızın sevgisi yalnız sizə qalsın. Daha sonra isə tövbə edib əməlisaleh şəxslər olarsınız!” Bir başqası isə belə dedi: “Yusifi öldürməyin, onu bir quyunun dibinə atın. Əgər belə etsəniz, yol keçənlərdən biri onu götürər” (Yusif, 12/9-10).
Bu plan və hiylələr bir məqsədə qulluq edirdi. Atalarının sevgisinin onlara yönəlməsi, atalarının sevgisini əldə etmələri. Ayədə keçən “atanızın sevgisi yalnız sizə qalsın” ifadəsi də bu planın əsas məqsədini göstərir. Həzrət Yusifin qardaşlarında qısqanclıq duyğusu o qədər qabarmışdı ki, qardaşlıq, şəfqət, mərhəmət kimi hisslər silinmişdi. Qardaşlarını öldürmək və ya başqa bir şəkildə ortadan qaldırmaq üçün tərəddüd etmədən qərar almış, plan qura bilmişdilər.
Ayədə: “...yol keçənlərdən biri onu götürər” deyildiyinə görə həmin quyu yol kənarında və oraya atılanın qurtarılma ehtimalının böyük olduğu bir quyu idi. Karvanlar oradan keçəndə su götürmək üçün quyuya gələcək, quyuya atılmış Yusifi görəcək və özləri ilə aparacaqdılar. Qardaşlarının bu planına görə Yusifin quyuda ölmə ehtimalı çox az idi.
Həzrət Yusif və qardaşları peyğəmbər övladı idilər. Ataları Həzrət Yaqub idi. Ayədə keçən, “...daha sonra tövbə edib əməlisaleh şəxslər olarsınız!” ifadəsi də onların “günah”, “tövbə” kimi məfhumlardan xəbərdar olduqlarını göstərir. Bu ifadə həm də arzu və həvəslərinə qapılan, bununla yanaşı dindən inancdan qopmaq istəməyən insanların psixologiyasını əks etdirir. Bu cür insanları görmək üçün bəlkə də Həzrət Yusif peyğəmbərin yaşadığı Kənan ellərinə getməyə ehtiyac yoxdur. Elə güzgüyə baxmamız da kifayət edir.
Zənnimcə əsas məsələ bu və ya digər ayənin izah və şərhinə onlarlca təfsirdən baxaraq məlumat sahibi olmaq deyil. Bununla yanaşı ayənin məhz mənə, sənə, bizə nə söylədiyini doğru başa düşmək, doğru anlamaq da çox əhəmiyyətlidir. Gəlin Yusifin qardaşlarının yerinə özümüzü qoyaq. Hədəfə gedən yolda önümüzə “Yusif əngəli” çıxsa biz nə edərdik? Biz də hədəfə gedən yolda qarşımıza çıxan hər şeyi tapdalamağa, onu quyuya atmağa hazırıq?
“Yaşlananda ibadətə başlayacam”, “40 yaşından sonra içkini buraxacağam”, “həccə gedib gəlim düzələcəyəm”, “hələki pul gəlir qoy zəngin olum tövbəsini sonra edərəm” kimi ifadələr Yusifin qardaşlarının dediklərinin təkrarıdır.
Hər bir tövbə və bağışlanma diləmək edilən günahın cinsinə görə dəyişə bilər. Yusif surəsinin son ayələrində qardaşlarının illər sonra Həzrət Yusifin önündə hörmətlə əyilmələri, ataları Yəqub peyğəmdərdən halallıq diləmələri, Allahdan özləri üçün bağışlanma istəmələri qeyd edilir. Bu yaşananlar onların illər sonra xətalarını başa düşdüklərini göstərir.
Başqalarını alçaldaraq yüksəlməyə çalışanlar üçün bu ayədə ibrətlər var. Ataları Həzrət Yaqubun illərcə övlad həsrəti çəkməsi, Həzrət Yusifin quyuya, oradan kölə bazarına, oradan da saraya getməsində, zindana düşməsində qardaşlarının da payı var idi. Ən sonda Həzrərt Yüsifin üstünlüyünü, fəzilətini, seçilmişliyini qəbul etmək var idisə bu qədər hiylə və planlar qurmağa dəyərmiydi? Əlbəttə dəyməzdi. Ancaq bəşər övladı həqiqəti çox gec anlayır, həqiqəti çox gec görür. Çünki bəşər övladı qısqanır.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top