NAZİM MUSTAFAYEV

"Normadan artıq yağdığına görə…"

"Normadan artıq yağdığına görə…"

NAZİM MUSTAFAYEV

Məlum olduğu kimi, “normadan artıq” hər dəfə bizim ellərə, şəhər və kəndimizə qonaq gələndə ziyan vuraraq gedir. “Normadan artıq” qar yağdığına görə evlərin, binaların damları çökür. “Normadan artıq” yağış yağdığına görə şəhərdə bütün tunelləri, alt keçidləri su basır və s. Bu yazıda “normadan artıq” barədə danışmaq istəyirəm.
Görəsən, bu “normadan artıq” kimdir və ya nədir? Niyə hər dəfə şəhərimizə, kəndimizə gələndə ziyan vurur? Bəlkə də bu qonağa yetərincə qonaqpərvərlik göstərmirik! Ona görə bizimlə belə aqressiv rəftar edir. Bu “normadan artıq” yalnız bizim paytaxtımıza, bizim şəhər və kəndlərimizə qonaq gəlir? Başqa ellərə, başqa diyarlara ayaq basanda onunla necə rəftar edirlər? Onu necə qarşılayır, necə yola salırlar? Nəyə görə “normadan artıq” üçün öz qonaqpərvərliyimizi ortaya qoymuruq! Hər dəfəsində onunla problem yaşayırıq…
Bilirsiniz? Əslində “normadan artıq” deyə bir şey yoxdur. İnsan görməli olduğu işdən boyun qaçıranda adətən bu kimi ifadələr dada çatır. “Normadan artıq” dediyimiz şeylər əslində bizim məsuliyyətsiz, plansız gördüyümüz işlərdir. Bu "normadan artıq" ifadəsini pinti bir insanın evindəki xalçaya bənzədə bilərik. Hansıki evdəki bütün zir-zibil o xalçanın altına süpürülür!
Düzdür, ümumiyyətlə insan aciz varlıqdır. Sel suları, zəlzələlər, havaların isti keçməsi, sunami və s. təbiətdəki hadisələr qarşısında istənilən ölkə, şəhər aciz qala bilər. Ancaq burada insan iradəsini, insan əməlini, insan faktorunu unutmamaq lazımdır.
Açığı “normadan artıq” ifadəsi məndə qeyri müəyyənlik təəssüratı yaradır. O zaman “norma” nədir? Sanki bu sözdə bir sehr var. İnsan iradəsini, insan əməlini, insan faktorunu görünməz edən bir sehr! Gəlin, “su quyusu dərindir” cümləsinə nəzər yetirək! Su quyusu həqiqətən dərindir? Yoxsa bizim ipimiz qısadır? Bəlkə də ipimiz qısa olduğuna görə su quyusunun dərin olduğunu düşünürük.
“Normadan artıq” ifadəsinin qədər inancıyla, yanlış bir qədərə baxış tərziylə əlaqəli tərəflərinin olduğunu düşünürəm. İslamda etiqadi məzhəblər içərisində "Cəbriyyə" məzhəbi var. Bu məzhəbin görüşünə görə insanların öz iradələri ilə gördükləri işlər, fellər İlahi iradənin, İlahi qüdrətin məcburedici təsiri ilə meydana gəlir. Yəni insan öz davranış və əməlində azad deyil. Bu cərəyana görə insan hər bir əməlini Uca Yaradanın (c.c.) məcburedici təsiri ilə edir, insanların özlərinə xas bir iradələri yoxdur.
Bu görüşə görə təsəvvür edin ki, bir şəxs cinayət işləyir. oğurluq edir, sonra da deyir ki: “Bu feli edəcək iradəyə sahib deyiləm, günahsızam! İlahi gücün məcburedici təsiri ilə bunu etdim. Mənim qədərimdə oğurlamaq, onun qədərində isə malının oğurlanması yazılmışdır. Ortada günahkar yoxdur!” Bu görüşü İslam alimləri qəbul etmir. Bu görüşü Qurana və hədislərə zidd sayırlar. Bu görüşü qəbul etsək cəmiyyətdə xaos meydana gələr. Bəzi Əməvi idarəçiləri də yanlış icraatlarına görə özlərini günahsız göstərmək üçün Cəbriyyənin bu yanlış fikirlərini özlərinə bayraq etmişlər. Öz əməllərini “Allahın təqdiri belədir!” deyərək xalqa qəbul etdirməyə çalışmışlar.
Nəticə olaraq deyək ki, həm Cəbriyyənin qədər anlayışı, həm də bizim yeni kəşfimiz olan bu “normadan artıq” ifadəsi insan iradəsini, insan faktorunu ortadan qaldırmalarına görə bir-birinə oxşayır. Birincisində insanın bütün fel və əməlləri tamamilə Uca Yaradana (c.c.) həvalə edilir. İnsan iradəsini aradan qaldırılır. Bizim yeni kəşf etdiyimiz “normadan artıq” kəlməsində isə meydana gələn hər hansı təbii fəlakət “normadan artığın” üzərinə atılır. Burada da insan faktoru unudulur.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top