NAZİM MUSTAFAYEV

Dəyişənlər və dəyişməyənlər...

Dəyişənlər və dəyişməyənlər...

NAZİM MUSTAFAYEV

Bir zamanlar ən dəbdə olan ağ-qara ekranlı, bir həftəyə qədər enerji saxlaya bilən “nokia” telefonları var idi. O telefonlara indi o qədər də rəğbət qalmayıb. Artıq həmin telefonlarda müəyyən funksiyalar işləmədiyi üçün günün tələblərinə cavab vermir və köhnəlmiş hesab olunur. Bu gün əlimizdə olan “müasir” telefonlar da hər halda yaxın gələcəkdə dövrünü tamamlamış, köhnəlmiş olacaqlar. Hər gün telefonların başqa modelləri çıxır, yeni-yeni funksiyalar əlavə olunur, dəyişir, ekranları, həcmləri gah böyüyür, gah da kiçilir...

Yalnız telefonlar deyil, maşınlar da hər keçən gün dəyişir. Biri benzin, digəri hibrit, başqa biri isə elektrik mühərriki ilə təchiz olunur. Avtomobillərin komfortu hər keçən gün daha da yükləsir və dəyişir. İdarə edilmələri asanlaşır. Hətta sükansız və sürücüsüz avtomobillərin dövrü gün keçdikcə yaxınlaşır.

Xəstəliklərin müalicəsində tətbiq edilən metodlar da gün keçdikcə dəyişir. Hətta eyni xəstəliyin müalicəsində belə dünən başqa, bu gün başqa müalicə metodları tətqib edilir. Yeni-yeni metodlar tapılır, onlara üstünlük verilir.

Yüz illərdir insanların istifadə etdiyi bir çox alət, ədəvat var ki, artıq muzey eksponatına çevrilib. Elmdəki yeniliklər və dəyişikliklər elə sürətlə baş verir ki, artıq öz missiyasını tamamlayaraq, muzeyə eksponant kimi göndərilən kosmik gəmilər belə var. Daha sərfəli və daha səmərəli yeni kosmik gəmilər əvvəlkilərin işini çoxdan təhvil alıb.

Bir sözlə, insan əməyinin bəhrəsi olan hər şey gün keçdikcə dəyişir. Bu yenilənmə və dəyişməni həyatın istənilən sahəsində görmək olar. Görəsən, yenilənmə və dəyişmə nə ilə əlaqədardır? Yenilənmə və dəyişmə nə üçün var? Hər şey dəyişirsə, bəs həyatda dəyişməyən nələr var? Bu baş döndürən dəyişmə içərisində dəyişməməsi vacib olan bəzi qayda və qanunlar varmı? Bir sözlə, nələr dəyişməli, nələr dəyişməməlidir?

Dəyişən yalnız cihazlar, alət, ədəvat deyil. Bədənimizdəki bütün hüceyrələr hər altı ayda bir yenilənir. Bədənimiz hər keçən gün dəyişir. Bu yenilənmə bir ömür boyu bədənimizdə davam edir. Bizi biz edən əsas ünsür, varlığımızın əsas xəmiri, əsas cöhvər kimi ruhumuz isə dəyişməz olaraq qalır. Düzdür, ruhumuz dəyişməz olaraq qalır, ancaq o da yaş ötdükcə daha da kamilləşir.

İnsanın baxış bucağının, nəzər nöqtəsinin dəyişməsi, yeni-yeni ideyaların ortaya çıxmasına təkan verir. Hər yeni ideya, hər yeni nəzər nöqtəsi dəyişməni tətikləyən əsas ünsürlərdir. Elmin və mədəniyyətlərin tərəqqisi də məhz bu nəzər nöqtələrinin dəyişməsinə bağlıdır.

Dünya yalnız dəyişmədən ibarət deyil. Dünyada dəyişməyən dəyərlər də var. Ananın övladına olan sevgi və şəfqəti dəyişmir. Dünyanın hansı yerinə getsək bu sevgi və şəfqətlə qarşılaşmaq olar. Dinindən, irqindən asılı olmayaraq hər bir anada övladına qarşı bir şəfqət hissi var. Hətta bu yalnız insanlara məxsus deyil, heyvanlar aləmində də bu sevgi və şəfqəti görə bilərik.

Gəlin bu dəyişən və dəyişməyənlərdən özümüzə dərslər çıxaraq... Yuxarıda sadalanan və sadalanmayan elmdəki dəyişmələr olmasaydı, bu gün biz bir çox texnoloji məhsuldan istifadə edə bilməzdik. Bu mənada elmdəki dəyişmələr təqdirəlayiqdir. Digər cəhətdən ana və atanın övladlarına olan sevgi, şəfqət və mərhəmətinin dəyişməməsi də övladlar üçün böyük nemətdir. Çünki onların sevgi və şəfqəti olmasaydı, körpələrin, övladların halı necə olardı?..

Cənab Allah (c.c.) insan ləyaqətini, insana verdiyi dəyəri qoruyaraq, qeybəti yasaq etmişdir. Quran qeybəti “ölmüş qardaşının ətini yemək” (Hucurat, 49/12) kimi pis bir əmələ bənzətmişdir. Üstündən illər, əsrlər keçir, qeybət heç vaxt gözəl əməl kimi yad edilmir. Təmiz vicdanlar qeybəti hər zaman çirkin bir əməl olaraq görürlər.

Quranda bu və ya digər bir çox əxlaqi dəyərlər var ki, zaman və məkan fərqliliyindən asılı olaraq dəyişmirlər. Deməli, dəyişməyən dəyərlər var. Mənbəyi bəşərin fövqündə olan bu dəyərlər dəyişməz olaraq qalırlar. Dəyişənlərlə dəyişməyənləri müqayisə etsək, görərik ki, dəyişənlər sanki dəniz dalğalarına bənzəyir. Daha çox dənizin səthindədirlər. Dəyişməyənlər isə mənbəyi bəşər idrakının fövqündə olan dəyərlərdir. Hansıki insanlar o dəyərlərə çataraq əsl həqiqəti əldə edirlər.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top