NAZİM MUSTAFAYEV

Resurslar tükənmək üzrədir?

Resurslar tükənmək üzrədir?

NAZİM MUSTAFAYEV

İqtisadiyyatla bağlı kitablarda resursların məhdud və tükənmək üzrə olduğu, insanların ehtiyaclarının isə qeyri-məhdud və sonsuz olduğu deyilir. Günümüzdə iqtisadiyyat elminə verilən təriflərdən biri də belədir: “İqtisadiyyat məhdud resurslar vasitəsilə qeyri-məhdud tələbatları qarşılayan elm sahəsidir”. Yəni yaşadığımız dünyada maddi qaynaqlar qıt, insanların ehtiyacları isə sonsuz və tükənməzdir. Bəs, görəsən, yaşadığımız dünyada resurslar, həqiqətən, məhdud və tükənmək üzrədir?

Düzdür, dünya əhalisinin hər il daha da artdığını, neft, qaz və s. kimi təbii sərvətlərin, şirin su hövzələrinin getdikcə azaldığını nəzərə aldıqda bu qənaətə gəlmək olar. Ancaq bu, məsələnin yalnız bir tərəfidir. Neft və qazın yerinə külək və günəş enerjisindən istifadə, elektriklə işləyən maşınlar, dəniz suyundan içməli suyun əldə edilməsi və s. kimi elmi metodların tətbiqi “məhdud resurslar” anlayışına zərbələr vurur. Bir sözlə, resursların qıt olduğunu söyləmək üçün ortaya tutarlı dəlillər qoymaq lazımdır. Bu isə bir az çətindir.

İnsanın nə qeyri-məhdud ehtiyacları, nə də qeyri-məhdud istehlak qabiliyyəti var. İnsanların arzu və ehtiraslarını körükləyərək daha çox xərcləməyə, daha çox satın almağa təşviq edirlər. Bu “təşvik etmə” əksərən uğurlu alınır. Belə bir mühitdə söhbət insanın ehtiyaclarının qeyri-məhdud olmasından deyil, onların daha çox kar əldə etməyindən gedir. “Qeyri-məhdud ehtiyaclar” fikri burada “daha çox şey satın al” düşüncəsinə zəmin hazırlayır.

İqtisadi böhranların ortaya çıxma səbəbi insanın “qeyri məhdud ehtiyacları”nın “məhdud resurslarla” qarşılanmasından qaynaqlanmır. Əksinə, iqtisadi böhranlar insanın istifadə edə biləcəyindən daha çoxunun istehsal edilməsindən qaynaqlanır.

Görəsən, Quranda bu barədə nə deyilir? Bir ayədə nəinki nemətlərin, resursların qıt və tükənmək üzrə olduğu, əksinə, insanlara bəxş edilən nemətləri sayıb qurtarmağın belə mümkün olmadığı vurğulanır: “(Allah) sizə istədiyiniz şeylərin hamısından vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz” (İbrahim, 14/34).

Bədənimizdə, göydə, dənizdə və yerdə Cənab Allahın (c.c.) bizə bəxş etdiyi saysız-hesabsız nemətlər var. Sadəcə bədənimizdəki nemətləri belə sayıb qurtara bilmirik. Həmçinin bütün bu nemətlərin şükrünü yerinə yetirmək də mümkün deyil.

Ayədəki “sayıb qurtara bilməyəcəyimiz nemətlər”də də, iqtisadiyyat elminin tərifindəki “məhdud resurslar”da da eyni məsələdən danışılır. Yalnız mövcud olan nemətlər və imkanlara baxış aspekti fərqlidir.

Hər hansı bir şeyə olan və onsuz keçinmək mümkün olmayan tələbat və gərəkli ehtiyac adlanır. İnsanın ehtiyac duyduğu şeylər ilə onun arzu və ehtirasları fərqli-fərqli şeylərdir. Ehtiras və arzular sonsuz və tükənməzdir. Reklamlar və s. kimi yollarla zəruri olmayan şeylər süni olaraq şişirdilir və ehtiyac halına gəlir. Halbuki insanın çox şeyə ehtiyacı yoxdur. İnsanın minlərcə şeyə ehtiyacı olduğunu düşünməsi ona xoşbəxtlik deyil, fəqirlik hissini verir. Ehtiras və arzuları qarşılamaq, onu təmin etmək qeyri-mümkündür. Müəyyən və məhdud olan ehtiyacların qarşılanması isə mümkündür.

Uca dinimiz İslamda israfın (artıq və lazımsız yerə xərcləmənin) haram olması, resursların qıt olması fikrini dəstəkləmir. Hədisdə belə deyilir: “Axan çayın kənarında belə dəstəmaz alsan, suyu lazım olandan çox istifadə etmə” (İbn Macə, Təharət, 48).

Qarderobdakı heç geyilməyən yüzlərcə paltar, il ərzində bir-iki dəfə geyilən onlarla ayaqqabı, hər il yenisi alınan ev alətləri və s. nümunələr “qeyi məhdud ehtiyaclar” anlayışının ortaya çıxardığı nəticələrdir.

Ehtiyac olmadığı halda alış-veriş etmək alimlər tərəfindən psixoloji xəstəliklərin əlamətlərindən biri kimi sayılmışdır. Bu gün insanlar məhdud ehtiyacları ilə süni şişirdilən istək və arzularının mübarizəsini aparırlar. Aparılan tədqiqatlara görə, reklamların yalnız 30% insanların əsas ehtiyaclarına aiddir. Geri qalan 70%-lik hissə insanın həyatında olmasa da, insanlar yaşaya bilərlər.

Bu gün dünyada ən zəruri ehtiyaclarını qarşılamaqdan məhrum qalan, yemək və içmək tələbatını ödəyə bilməyən, xəstəliklərlə mübarizə aparmaqdan aciz qalan, milyonlarla insanın olması resursların məhdud olduğuna görə deyil. Bunun səbəbini insan amilində, resurların ədalətli paylaşılmamasında, elmi-inkişafdan geri qalmaqda, axtarmaq lazımdır.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top