NAZİM MUSTAFAYEV

Sodom və Qomorra şəhərlərinin əhalisi və quyruğu kəsilmiş tülkünün hekayəsi…

Sodom və Qomorra şəhərlərinin əhalisi və quyruğu kəsilmiş tülkünün hekayəsi…

NAZİM MUSTAFAYEV

Həzrət Lut (ə.s) və ailəsinin (ona inananların) şəhərdən çıxarılma qərarı verilmiş, bu qərara səbəb və ya bəhanə olaraq onların “təmiz qalmaq istəyən” insanlar olduğu göstərilmişdi. Qərar sahibləri digər insanlara, ümum xalqa bunu elə bir formada izah etməliydilər ki, əgər yanlış söz və yanlış bir yol seçilərsə, bu zaman Həzrət Lut (ə.s) və ailəsi cəmiyyətdə məsum və məzlum kimi tanına bilərdi. Buna görə də göstərilən səbəb cəmiyyətin nəbzinə uyğun, bütün şəhər xalqının qəbul edəcəyi bir formada seçilmişdi: “Onlar təmiz qalmaq istəyən insanlardır!” (Nəml, 27/56). Dəyər anlayışı elə bir çöküş yaşayırdı ki, cəmiyyətdə təmiz olmaq, təmiz qalmaq məqbul olmayan bir məsələyə çevirilmişdi.
Bu yazıda Nəml surəsinin 56-cı ayəsi haqqında danışmaq istəyirəm. Quranda xəbər verildiyi üzrə tarixdə Sodom və Qomorra olaraq keçən şəhərlərin əhalisi Həzrət Lut (ə.s) və ona iman edən ailə üzvləri haqqında belə deyirdi: “Lutun ailəsini yurdunuzdan qovub çıxardın. Çünki onlar təmiz qalmaq istəyən insanlardır!” (Nəml, 27/56).
Görəsən bu ayədə deyilən sözlərin ətə-sümüyə bürünmüş halını günümüzdə də yaşayırıqmı? Bu ayə cəmiyyətdə, insanlar arasında cərəyan edən hansı sosial və psixoloji amillərdən xəbər verir? Eyni bu dialoqun üstü açıq, ya da üstü örtülü formalarına günümüzdə də rast gəlmək olarmı?
Həzrət Lutun (ə.s) yaşadığı cəmiyyətdə pisliklər o qədər artmış, pozğunluq o qədər çoxalmışdı ki, bunu edən insanlar digərlərini məsxərəyə qoyur, hər kəsin onlar kimi olmasını istəyirdilər. Şəhər əhli özlərini qınayan və ya onlara etiraz edən heç bir şəxsin varlığını qəbul etmək istəmirdilər. Onlar kirli işlərinin cəmiyyəti islah etməyə çalışanların sözləri ilə “bulandırılmasına” razı olmurdular. Ən son mərhələdə əxlaqi çöküşün baş alıb getdiyi, dəyərlərin alt-üst olduğu cəmiyyətdə özlərinə güzgülük etdikləri, əsl hallarını onlara göstərdikləri üçün cəmiyyətdə təmiz qalmış insanların varlığı onların gözlərinə batmağa başlayır, buna dözə bilmirlər və onları şəhərdən çıxarmağa çalışırlar.
“Bəla ümumiləşəndə ağrısı azalar” deyə bir ifadə olsa da həqiqətdə bəlanın ümumiləşməsi ağrı və acını azaltmır. Bu olsa-olsa sadəcə psixoloji bir rahatlatma verə bilər. Ağrı və acını ümumiləşdirmək, hər kəsi özünə bənzətmək, hər kəsi özü kimi natamam və əskik hala salmaq insanları doğru və həqiqət bildikləri dəyər ölçülərindən şübhə duymalarına gətirib çıxara bilər. İnsanlar “görəsən belədirmi?” deyərək öz həqiqətini sorğulamaya başlayarlar. Anormallıqlar çoxalmağa və davamlı hal almağa başlayanda, işlər daha da qarışıq və təhlükəli məqama gəlib çatır. Artıq bu məqamdan sonra cəmiyyətdə “quyruğu kəsilmiş tülkülər” o qədər çoxalır və söz sahibi olurlar ki, doğru və yanlışı ayırd etmək hardasa müşkül bir işə çevrilr.
Haşiyəyə çıxaraq burada “quyruğu kəsilmiş tülkü” hekayəsinə qısaca təmas edərək yenidən mövzuya qayıtmaq istəyirəm…
Hekayəyə görə, bir tülkünün quyruğu qayaya ilişir. Tülkü nə qədər çalışsa da quyruğunu qayadan xilas edə bilmir. Ağrılar içərisində qalan tülkünün son həmləsində quyruğu qoparaq qayada qalır. Artıq tülkü sərbəst qalsa da ona aid olan dəyərli varlığını, quyruğunu itirir.
O quyruğu qopmuş və ağrılar içində qalmış halda digər tülkülərin yanına gedir. Ondan ilk sual olaraq quyruğuna nə olduğu, nə üçün kəsdiyini soruşurlar. Tülkü acılar içərisində olsa da başına gələn fəlakəti gizlətməyə çalışaraq deyir: “Quyruğum yoxdur, ancaq özümü elə xoşbəxt hiss edirəm ki, o qədər xoşbəxtəm ki, sevincimdən az qala uçam”.
Bu sözlərə inanan başqa tülkü də gedib quyruğunu kəsir. Ancaq xoşbəxtlik əvəzinə şiddətli ağrılar çəkir. Dərhal tülkünün yanına gələrək; “Niyə yalan danışdın, çox əzab çəkirəm” deyir.
Tülkü; “Başqa tülkülərə əzab çəkdiyini söyləsən, bizə lağ edərlər” deyir. Bu iki tülkü digər tülkülərə xoşbəxtliklərini danışmağa başlayırlar. Beləliklə, meşədəki tülkülərin çoxu quyruqlarını kəsir. Əksəriyyət onlara tərəfə keçəndən sonra, bu dəfə quyruğu olan tülküləri ələ salmağa, onlara əzab verməyə başlayırlar.
Quranda xəbər verilən Lut qövmünün düşdüyü vəziyyət də bir az buna bənzəyir. Burada sadəcə əxlaqsızlıqlarını onlara xatırlatdıqları üçün cəmiyyətin təmiz qalmış çox az bir hissəsini kənarlaşdırmaqdan, şəhərdən təcrid etməkdən söhbət getmirdi. Burada həm də özündən başqasına, özləri kimi olmayanlara həyat haqqı tanımama kimi təkqütblü bir dünya görüşü də var.
Bu mənada məsələni sadəcə Lut qövmünün əməllərinə, əxlaqsızlıqlarına bağlamaq doğru olmaz. Düzdür, onlar əxlaqsızlıqlarını daha rahat edə bilmələri üçün aralarında qalmış çox təmiz bir ovuc insanı (Həzrət Lut peyğəmbər və ona inananları) şəhərdən kənarlaşdırmaq istəyirdilər. Ancaq günümüzdə dini, milli, və ya siyasi kimliyinə görə, ideoloji görüşlərinə görə insanlar təcrid edilir, yaşadıqları şəhərləri, ölkələri tərk etmək məcburiyyətində qalırlarsa, deməli Lut qövmünün əməllərindən olan özü kimi olmayanı, özü kimi düşünməyəni kənarlaşdırmaq, təcrid emək və təsirsiz hala salmaq kimi məsələlər günümüzdə də yaşanmağa davam edir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top