NAZİM MUSTAFAYEV

Sünnəyə uyğun qəbirdaşı

Sünnəyə uyğun qəbirdaşı

NAZİM MUSTAFAYEV

Keçənlərdə rayonda olanda fürsətdən istifadə edib yaxınların qəbirlərini də ziyarət etmişdik. Təxminən üç ay əvvəl bir avtomobil qəzasında dünyasını dəyişən, həmçinin dəfnində də iştirak etdiyimiz gənc oğlan vardı. Qəbiristanlıqda çıxışda onun da qəbrinin yanında bir az dayanmış, bir Fatihə oxumuşduq. Qardaşım bu zaman qəbri göstərərək dostlarının, yaxınlarının mərhumun qəbrini sünnəyə uyğun düzəltdikləri söylədi. Elə bu vaxt “sünnəyə uyğun qəbirdaşı” ifadəsi məni bir az fərqli məqamlara apardı. İstəyirəmki yazının davamında qeyd edəcəyim bir məqsədə görə sizə bir az bu məqamdan, yəni “sünnəyə uyğun qəbirdaşı”ndan bəhs edim...
“Sünnəyə uyğun qəbirdaşı” ifadəsinə şəri qaydalara riayət edilərək qoyulan qəbirdaşı, İslama uyğun qəbirdaşı da demək olar. Cənazə dəfn edildikdən sonra görünməsi və tapdalanmaması üçün qəbirin üstünün bir qarış və ya bir az da yuxarı torpaqla qaldırılması sünnəyə uyğundur. Burada əsasən göstəriş, dəbdəbə və israfdan uzaq, sadə bir qəbirdaşı nəzərdə tutulur. Allah Rəsulu (s.ə.s) Mədinədə vəfat edən və Baqi qəbiristanlığına dəfn edilən ilk mühacir Osman ibn Məzunun (r.a) qəbrinin üstünə böyük bir daş qoymuş və belə buyurmuşdur: “Bununla mən qardaşımın məzarını tanıyıb tapacaq, ölən ailə üzvlərimi də onun yanında dəfn edəcəyəm” (Əbu Davud, Cənaiz, 63; İbn Macə, Cənaiz, 42).
Əksər İslam aliminə görə, qəbrin itməməsi, orada dəfn olunanın kim olduğunun bilinməsi üçün qəbrə yazı yazmaqda bir problem yoxdur. Tarixən İslam öndərlərinin qəbirlərinə yazı yazılmış, orada dəfn olunanın kimliyi, nə vaxt doğulub, nə vaxt vəfat etdiyi qeyd edilmişdir. Beləcə qəbirdaşlarında yazılan qeydlər, verilən tarixlər keçmişdən günümüzə gəlib çatan bir iz və sənəd mahiyyəti daşımışdır.
Əvvəla özümüzün, sonra da ətrafımızdakı insanların, dostlarımızın, yaxınlarımızın qəlblərinə, ruhlarına Peyğəmbər (s.ə.s) sevgisinin, Onun (s.ə.s) gətirdiyi mesajların girməsinə səbəb və vəsilə olmalıyıq... Onun (s.ə.s) tərbiyəsində şəkillənib formalaşan səhabələri yaxından tanımalı, hətta onlar bir həqiqətdirsə (bunda şübhəmiz yoxdur), biz də əsrlər sonra o həqiqətin aynadakı bir əksi olmalı və bu məfkurə ilə yaşamalıyıq. Günün birində də əcəl gəlib o dost və yaxınları aramızdan alanda dəfnində, cənazə mərasimində iştirak etməliyik. Bütün bunlardan sonra əgər mərhumun məzarını, qəbirdaşını qohumları sünnəyə o qədər də uyğun olmayan şəkildə düzəltsələr, bundan biz, ya da qəbrə imanla, Peyğəmbər əxlaqı ilə girən o dostlarımız bir zərər görərmi? Əlbəttə xeyr. Ancaq bunun əksini düşünmək və qələmə tökmək istəmirəm... Çünki insanın içində olmadıqdan və insanın hətta onu özü ilə qəbrə qədər aparmadıqdan sonra çöldə, daşda, divarda qalan İslamın izləri o qədər də fayda verməz... Həmçinin bizdən əsl istənən də bu deyil.
İslam aləmşümul bir dindir. Həyatın hər bir anı, hər bir məqamı üçün İslamın buyuruqları, dediyi sözləri vardır. Bu minvalla Allah Rəsulunun (s.ə.s) buyuruqlarında bir müsəlmanın məzar şəklinin, qəbiinin necə olmağı ilə əlaqədər hökmləri görmək, oxumaq olar. Ancaq hansı daha üstündür deyə sual edilsə, cavabımız necə olar? Yəni bir insanın sağ ikən əməllərində, həyatında və qəlbində sünnənin yaşaması, yoxsa öldükdən sonra qəbrində, məzarında sünnədən əmarələrin, izlərin olması... Cavab onsuz da açıqdır... Əlbəttə birincisi... Bu minvalla qardaşımın “sünnəyə uyğun qəbirdaşı” ifadəsi sanki məni bir az fikrə aparmışdı...
Qeyd edək ki, qəbirdaşı orada dəfn olunanlar üçün deyil, arxasında qalan biz insanlar üçün bir məna ifadə edir. Ayə və hədislərdən anlamaq olar ki, qəbirdə dəfn olunan elə bir sorğu sualın, elə bir hesabın astanasında olduğunu görər ki, bu zaman qəbirdaşında nəyin yazılıb yazılmadığı, qəbirdaşının ya da məzar yerinin necə düzəldiyi onun üçün heç bir məna ifadə etməz. Çünki onun qarşısında dünyadakıların anlamayacağı dərəcədə ağır bir hesab və sorğu-sual var. Həmçinin o qəbirdə dəfn olunan şəxs onu gözləyən, ona veriləcək olan mükafatlar qarşısında elə məmnun qalar ki, bu şəxs üçün də artıq məzarının onun dostları, yaxınları tərəfindən necə düzəldildiyinin fərqi yoxdur. Başda dediyimiz kimi qəbirdaşı orada dəfn olunanlar üçün deyil, arxasında qalan biz insanlar üçün bir məna ifadə edir. Çünki önəmli olan necə yaşamaq və qəbrə necə girməkdir.
O zaman gəlin sünnəni əvvəla həyatımızda inşa edək... Sünnənin qəbirdaşlarında inşa edilməsinə gəldikdə isə bu birinci ilə müqayisədə, həmçinin ciddiyyətinə görə daha sonrakı məsələdir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top