NAZİM MUSTAFAYEV

Dəyərlərə “balans” veriləcək gün…

Dəyərlərə “balans” veriləcək gün…

NAZİM MUSTAFAYEV

Bir məclisdə dəyər məfhumu, dəyər anlayışı və dəyərin nə olduğu ilə bağlı fikir mübadiləsi aparmış, müzakirələr etmişdik. Düzdür bəhs etdiyim həmin o məclisdə, ya da indi qələmə almaq istədiyim bu yazıda dəyər məfhumunu hər tərəfli izah etmək, bu mövzuda son sözü demək hər halda mümkün olmayacaq. Çünki mövzu çox geniş və şaxəlidir. Onlarca, yüzlərcə alim, mütəfəkkir bu haqda söz söyləyib. Bütün bunları nəzərə alaraq “dəyər” məsələsini sadəcə bir aspektdən ələ almaq istəyirəm…
Son vaxtlar Quranın 56-cı surəsi olan Vaqiə surəsini məal və təfsirlərə baxaraq təfsilatlı oxumaq, öyrənmək qərarına gəldim. Ancaq elə 3-cü ayədə ilişib qaldım. İki sözdən ibarət olan bu ayədəki dərinlik və mənanın genişliyi insanı çəkib öz içinə aparır. Burada axirətin mahiyyəti və orada baş verəcək (surənin adında olduğu kimi) bir vaqiədən bəhs edilir. Ayə belədir: “O (bəzilərini) alçaldacaq, (bəzilərini də) ucaldacaqdır” (Vaqiə, 56/3). Burada dəyərlərin alt-üst olmasından, xaos halından, hərc-mərclikdən deyil, sözün həqiqi mənasında daşların yerli-yerinə oturmasından söhbət gedir. Yəni, hər kəs gerçək və həqiqi dəyəri ilə o gün ortaya çıxacaq.
Bəzən dünyada dəyərli olanlar dəyərsiz kimi, dəyərsiz olanlar da dəyərli kimi görünür. Bəzən elə olur ki, insanlar dəyərlə bağlı ölçü vahidini, dəyərlə bağlı əsas meyarın nə olduğunu unudur vəya itirirlər. Bu zaman insanlar əşyanı, varlıqları ümumiyyətlə hər şeyi tərs görməyə, tərs anlamağa başlayırlar. Ancaq Vaqiə surəsində xəbər verilən o vaqiə, o hadisə, yəni axirət günü gələndə Cənab Allah (c.c) hər şeyin gerçək dəyərini göstərəcək. Bizə bir çox məqamdan xəbər verən ayəyə bir daha nəzər salaq: “O (bəzilərini) alçaldacaq, (bəzilərini də) ucaldacaqdır” (Vaqiə, 56/3).
Axirət günü özünü yer üzündə dəyərli kimi göstərən, özünü insanlara bu formada təqdim edən bir çox kəslərin əslində elə olmadığı ortaya çıxacaq. Həmçinin insanların yanlış dəyər ölçüləri ilə baxdıqları üçün dəyərini fərq etmədikləri dəyərli insanların gerçək və həqiqi dəyəri yenə axirətdə bəlli olacaq. Bir sözlə axirət aləmi və axirət günü, bu dünyadan fərqli olaraq hər şeyin gerçək dəyəri ilə ortaya çıxdığı, eyni zamanda dəyərsizin də dəyərsizliyi ilə ortaya çıxdığı gerçək bir hal və vəziyyətdir.
Məlum olduğu üzrə Quranda məna bütünlüyü vardır. Quranın bir ayəsi bütün ayələri, bütün ayələr də bir ayəni dəstəkləyici mahiyyətdədir. Dəyərli ilə dəyərsizin ortaya çıxması, bir mənada daşların yerli-yerinə oturması və son gülənin kim olacağı ilə bağlı digər ayə belədir: “Həqiqətən, günahkarlar iman gətirənlərə gülürdülər. Onların yanından keçdikləri zaman bir-birinə qaş-göz edirdilər. Öz ailələrinin yanına (bu etdikləri ilə) fərəhlənərək qayıdırdılar. Onlar möminləri gördükləri zaman: “Bunlar doğru yoldan azanlardır!” - deyirdilər. Halbuki (həmin günahkarlar) onlara nəzarətçi göndərilməmişdilər. Ancaq bu gün (axirət günü) möminlər kafirlərə güləcəklər. Onlar taxtlarda əyləşərək ətrafı seyr edəcəklər. Kafirlər etdiklərinin cəzasını aldılarmı?! (Əlbəttə, aldılar!)” (Mutaffifin, 83/29-36).
Yaşadığımız bu dünyada böyük hadisələr, çalxantı və təlatümlər baş verəndə bəzi insanlar müəyyən mövqe və məqamlara yüksəlir, digərləri də yüksəkdəki mövqe və məqamlarını itirir, əvvəlki güc və iqtidarlarından əsər əlamət qalmır, bir mənada alçalırlar. Əslində bu səhnə axirətdə yaşanacaq əsl səhnənin kiçik bir misalı və bənzəridir. Bu dünyada nə qədər böyük hadisələr yaşansa da, bunların heç biri əsl hadisə, əsl vaqiə olan axirətdə yaşanacaqlara çata bilməz. Bu mənada sözün əsl və həqiqi mənasındakı “alçalma” və “yüksəlmə”nin axirətdə baş verəcəyini anlamaq olar.
İsmail Haqqı Bursəvi “Ruhul-Bəyan” adlı təfsirində axirətdəki “alçalma” və “yüksəlmə” ilə bağlı belə bir misal verir: “Bu dünyada fəqir və kölə olan, qızmar daşlar altında əzilərək işkəncə görən Bilal Həbəşi (r.a) axirət günü cənnətin uca məqamlarına aparılar. Ona işkəncə verən Bilal Həbəşinin (r.a) əfəndisi Ümeyyə ibn Xələf isə bu dünyada yüksək məqamlara, şan və şöhrətə, mal-mülkə sahib olsa da axirətdə zəncirlərə vurulmuş halda, səfil və alçalmış bir vəziyyətdə cəhənnəmə atılar”.
Seyyib Qütb də qələmə aldığı “Fi Ziləlil Quran” adlı təfsir əsərində axirətdəki “alçalma” və “yüksəlmə” məsələsi ilə bağlı belə deyir: “Cənab Allah (c.c) bir vaxtlar yer üzündə yüksək olan dəyərləri, dəyər ölçülərini alçaldar, bir vaxtlar yer üzündə alçalmış olan dəyər ölçülərini də ucaldar. Çünki bu fani dünyada pozulan, həqiqi mahiyyəti ilə üzə çıxa bilməyən dəyərlər Cənab Allahın (c.c) muradı və istəyi üzrə haqq etdiyi mövqeyə qaytarılar”.
Nəticə olaraq deyək ki, bəzən dəyərli olanla dəyərsiz bir-birinə qarışır, ya insanlar bunları ayırd eməkdə çətinlik çəkir, ya da ayırd etsələr də bu ikisi arasında seçim etməkdə çətinlik çəkirlər. Bu dünyada güc və dəyər həmişə bərabər olmur, bərabər hərəkət etmirlər. Belə olanda dəyərdən məhrum bir güc, ya da gücsüz, zəif ancaq dəyərli olan hal, vəziyyət və məqamlar ortaya çıxır. Düzdür dəyərli olanı görmək, tapmaq, anlamaq öz-özlüyündə bir üstünlük və məziyyətdir. Ancaq sadəcə bu bəs deyil. Belə olsaydı insanların əllərində tutaraq qızıl axtardıqları detektorlar da torpağın altından tapıb çıxardıqları qızıl kimi dəyərli olardılar. Ancaq detektorların tapdığı qızıl bu alətin özünə deyil, başqalarına fayda verir. Bir sözlə sadəcə dəyərli olanı kəşf etmək, tapmaq əsl hünər ola bilməz. Gəlin biz də qızıl axtaran detektorlar kimi sadəcə dəyər ovçusu deyil, dəyəri yaşayan, dəyəri qoruyan, dəyərin yanında olan və həmin o dəyərdən özümüzə dəyər qatanlardan olaq…

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top